Xəbər verdiyimiz ki, Türkiyə Cümhuriyyəti “Akıncı” və “Aksungur” PUA-larının sınaq uçuşlarını uğurla həyata keçirib. Belə ki, ölkənin hərbi sənayesi sözügedən aparatların döyüş imkanlarını nəzərdə keçirib.
“Bayraktar Akıncı” milli raket sistemlərinin istehsalçısı “ROKETSAN” tərəfindən hazırlanan “MAM-C”, “MAM-L” və “MAM-T” sursatları ilə işə salınıb. Türkiyə Hava və Uzay Sənayesi şirkətinin hazırladığı “Aksungur” PUA-sı isə 340 kiloqram ağırlığında döyüş başlığına malik KGK-82 ağıllı bombası ilə hərəkətə gətirilib. PUA ilk döyüş atışı həyata keçirərək 30 kilometrdən artıq məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Ağıllı döyüş sursatının hədəfi 2 metr yarım dəqiqliklə vurduğu bildirilir. Bütün bunlar Türkiyə nizami sənayesinin yeniliklərə uğurla imza atdığını deməyə əsas verir.

Araşdırmalara görə, “Zeytun Budağı” və “Bahar Kalkanı” əməliyyatlarına hədəflənən nəticələrin daha qısa müddətdə təsirli şəkildə əldə ediləcəyi gözlənilir.
“Artıq təyyarə bombaları, mərmilər, raketlər və döyüş başlıqları üçün heç kimdən asılı olmayacağıq”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, mərmilər üçün xaricdən alınan əsas partlayıcı material artıq Türkiyədə istehsal ediləcək. Ərdoğanın sözlərinə görə, yeni açılan müəssisədə modul barıt sistemi tamamilə yerli imkanlar sayəsində istehsal ediləcək.
“Son dövrlər məruz qaldığımız gizli və açıq embarqolar bizi belə addım atmağa məcbur etdi. Texnologiya paylaşımı üçün milyonlarla dollar pul tələb edilən sistem türk mühəndisləri tərəfindən yüz faiz yerli texnologiya sayəsində çox qısa zaman ərzində ərsəyə gətirildi” — deyə Ərdoğan bildirib.
Orta mənzilli raketlər üçün ilk Türkiyə istehsalı TJ300 mühərriki 1342 Nyutona qədər itələyici güc inkişaf etdirdi və bununla da öz sinfində dünya rekordunu qırıb. Bu barədə Türkiyə Sənaye və Texnologiya Nazirliyi məlumat yayıb. Şöbə müdiri Mustafa Varank, sosial şəbəkələrdə TJ300 mühərrikinin sınaqlarının videogörüntülərini yayımladı.
TJ300 turbojet mühərrik, öz sinfində dünya rekordunu qıraraq 240 mm diametrində 1342 Nyuton itələmə həddinə çatdı, ən yaxşı rəqibləri 250 mm diametrində maksimum 1250 Newton itələyir.
TJ300 mühərriki, 5000 fut yüksəklikdə səs sürətinin yüzdə 90-a qədər yüksək sürətlə işləyən raket sistemləri üçün uyğunlaşdırıla bilər. İnkişaf, Türk Elmi və Texniki Tədqiqat Şurası tərəfindən Türk Tusaş Mühərrik Sənayesi və Roketsan ilə birlikdə həyata keçirilir.
Yolun açıq olsun, Türkiyə!
Türkay Xaqan
