Qırğızıstan və Tacikistan hərbi birləşmələrinin sərhəddən geri çəkilməsi prosesini başa vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
“Tərəflər dövlət sərhəd xəttindən əlavə qüvvə və birləşmələrinin öz ərazilərinə geri çəkilməsini başa çatdırıb”, — açıqlamada qeyd olunub.
Tacikistan və Qırğızıstan sərhədindəki münaqişə zonasından qoşun və texnikanın geri çəkilməsi mayın 1-də açıqlanıb. Bundan əvvəl tərəflər tam atəşkəs barədə razılığa gəliblər.
Tacikistan və Qırğızıstan arasındakı qarşıdurma aprelin 29-da sərhəddə yerləşən Qolovnoy su paylama məntəqəsi ərazisində başlayıb. Əvvəlcə bölgə sakinləri arasında başlayan dava daha sonra silahlı qarşıdurmaya çevrilib.
Son məlumatlara görə, Qırğızıstandan 34 nəfər ölüb, 178 nəfər yaralanıb. Tacikistan həlak olanlar barədə rəsmi statistik məlumat verməyib. Medianın verdiyi məlumata görə, toqquşmalarda təxminən on nəfər ölüb.
Müəllif: Mənsur Rəğbətoğlu