Vətən müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət intihar edib

Daha bir acı xəbər aldıq. Vətən müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu mayın 4-də intihar edib.


Bu barədə «Qafqazinfo»ya hərbçimizin atası Ağayar Nəbizadə məlumat verib.


Onun sözlərinə görə, hadisə ötən gün Bakının Novxanı kəndi ərazisində qeydə alınıb. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub.


«Oğlum müharibə vaxtı iki dəfə kantuziya almışdı. Amma bunu qeydiyyata saldırmamışdı. Çünki arxaya qayıtmağı özünə sığışdırmırdı.

Müharibədən sonra isə psixoloji problemləri üzə çıxdı. Aydın məsələdir ki, müharibədə gördükləri, yanında dostlarının şəhid olması ona çox pis təsir etmişdi. Psixoloji problemlərinə görə, bir aydan çox Daxili Qoşunların Hospitalında yatdı, bir neçə psixoloq yanında apardıq. Amma həkimlər deyirdi ki, Rüfət, bütün olanları şüur altına yeridib, belə nevroloji problemi yoxdur. Dünən günortadan sonra əlaqə saxlaya bilmədik. Axşam xəbər gəldi ki, bəs belə bir hadisə baş verib», — deyə Ağayar Nəbizadə bildirib.


Ucarın Qaracallı kəndindən olan leytenant Nəbizadə Rüfət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Bölməsində xidmət keçib.

O, müharibədən öncə təlimlərə qatılmaq üçün YAŞMA-nın tərkibinə qoşulub. Vətən müharibəsində Şuşaya qədər döyüşən zabitimiz, Prezident İlham Əliyevin sərəncamları ilə «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Şuşanın azad olunmasına görə» və «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalları ilə təltif olunmuşdu.


Onu da əlavə edək ki, 1998-ci il təvəllüdlü zabitimiz Türkiyənin Kara Harp Okulunun məzunu, evin isə tək oğlu idi.


Rüfət Nəbizadə Vətən müharibəsində döyüşərək Şuşaya kimi gedən qəhrəmanımız evlərinə qayıdanda normal vəziyyətdə olub.


Bir neçə gündən sonra isə onun səhhətində ciddi psixoloji problemlər ortaya çıxıb.


Bir həftə Maştağadakı ruhi-əsəb dispanserində, 1 aydan çox hərbi hospitalda, daha sonra isə özəl klinikalarda müalicə alan Rüfətə kəskin psixoz və bipolyar pozğunluq diaqnozları qoyulub.


Valideynləri deyir ki, Rüfət müharibə zamanı yaşadıqlarını, itirdiyi dostlarını unuda bilməyib. Ancaq onlardan danışır, özünə ölüm arzulayırmış.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi dəfələrlə bu problem barədə təkliflərini verib və bu istiqamətdə döyüşdən, döyüşçüdən xəbərsiz adamların təyinatları bu problemi günbəgün dərinləşməsinə səbəb olduğunu bildirib. Hələ də gec deyil. Yaradılmış, adı olub fəaliyyəti olmayan komissiyanın tərkibinə yenidən baxılmalıdır…

Allah rəhmət eləsin!


Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: