
ELBƏYİ
Qəm yemə!
Az qına, sən öz bəxtini,
Bir də minəcəksən bu köhləni sən.
Qəm ye ki, yüyənsiz mindiyimiz at,
Həyat,
Büdrəyən at,
Bir gün yıxdımı,
Çətin ki, o ata bir də minəsən…
VAXT VAXTDAN KEÇİB
Odun qalaqladım mən neçə qucaq,
Tüstüsü çıxmadı, ocaqdan keçib.
Nə yaman vədəsiz söndü bu ocaq,
Çaxmağı çaxmadım, çaxmaqdan keçib.
Dərd məni, mən də bu dərdi böyütdüm,
Pis gözə ox oldum hayana getdim,
Zaman ömrümüzü dən-dən üyütdü,
Daha dəyirmandan, çax-çaxdan keçib.
Əli baltalılar düşüb gəzdilər,
Əyridən yan ötüb düzü kəsdilər,
Doğrunu söylədim məndən küsdülər,
Dişimi qıcayıb sıxmaqdan keçib.
Hərəylə bir oyun oynadı fələk,
Örtülü qazanda qaynadı fələk,
Ortada əlacsız qalmış biri tək,
Vurnuxub dörd yana baxmaqdan keçib.
Lil tutmuş bu arxdan üzdüm əlimi,
Yüz il su axsa da yumaz lilini,
Bərəni adlamış qaçaq su kimi,
Səmt tutub bir yana axmaqdan keçib.
Bir daha alışmaz sönmüş bu ocaq,
Söndüyü torpaqda yeri qalacaq,
Bir ümid qəlbimdə vurnuxur, ancaq,
Anlamır, ötüşüb vaxt vaxtdan keçib.
VƏTƏN NEYLƏSİN?
Məmləkət bazarsa, el satlıq olar,
Alanı çoxdursa, satan neyləsin?
Satılan mallar da göydən asılar,
Qeyrəti yarlıq tək atan neyləsin?
Daha bu bazarın yolu döyülüb,
Mizan, tərəzisi, nırxı əyilib,
Qazancı mayadan qabaq yeyilib,
Piştaxta dalında ötən neyləsin?
Xeyrini bölüblər yarıbayarı,
Hər biri ziyana şərik axtarır,
Kirli vicdanlarda yamaq ağarır,
Yanlış hesablarda itən neyləsin?
Məni haraylama burda deyiləm,
Həyatda deyiləm, gorda deyiləm,
Vallah günahsızam, orda deyiləm,
Qəflətdə uzanıb yatan neyləsin?
Bunca oğruların alınmır köpü,
Sel yığan çör-çöpdən salınmaz körpü,
Sənin samanlıqda yox saman çöpün,
Bəs qara sularda batan neyləsin?
Hərə torba tutub «mənə ver» deyir,
Biri zatı qırıq, biri ar yeyir,
Biri cüvəllağı «məni gör» deyir,
Arada talanan Vətən neyləsin?
ONU GÖZLƏYİRƏM SƏHƏRƏ KİMİ
Yaman uzun oldu,
bu gecə, Allah…
Yağır oldu gözlərimin
Həsrət dolu işığından,
Gündüz ayaqlarım yoran, bu küçə, Allah…
Gözüm öyrəncəli,
küçə yazıqdı.
Nəfəsim yandıran, gecə yazıqdı.
Eh, mənə nə var ki,
canından bezən,
Canını bezdirən
bir dəli kimi…
Ölünü diri kimi,
Dirini ölü kimi.
Gözlərəm bir qızı gecə yarısı,
İşığı sönübdü düz beş saatdı…
Dayanıb baxıram sərsəri kimi,
Ötən saatların kəfkiri kimi…
O qız gələsidi,
Göylərdən baxıb
axan ulduz kimi.
O qız gələsidi dənizdən çıxıb,
baxan ulduz kimi…
O qız gələsidi bir pəri kimi.
Yaman uzun oldu, saatlar,
anlar
Dayanıb «ürəyi», ötmür zamanlar,
Üstümə gecənin xofu ələnir,
Qəlbimə hüzünlər, qəmlər çilənir.
Qaralır gözümün işığı,
Ay, ulduz tökülür məndən aşağı…
Getməyə ayaqda heyim qurtarıb,
Siqaret tüstüsü arasından
Pəncərəyə baxıram,
Əlimi atıram göyüm qurtarıb,
Elə bil burada hər şeyim qurtarıb…
Daşam, kol-kosam,
ağacam, nəyəm,
Bilmirəm, bilmirəm nəyim qurtarıb…
Ölür qəlbimdəki son damla işıq,
Ölür işığı ölmüş pəncərə kimi…
Susub durmuşuq — Gecə, mən, sükut…
Zülmətsə əlini qoyub çiyinlərimə,
Tərpənə bilmirəm,
Hara tərpənim?
Onu gözlyəcəm səhərə kimi,
Gəlməsə,
Gəlməsə…
Pəncərə gülür,
Bu gecə mürgülü,
Dünyanın başına işıq tökülür…

YOL GEDƏN ATLI
Üzü günəş səmtə yol gedən atlı,
Yüyən əlindəykən, niyə yıxıldın?
Deyingən qarı tək, bu nə büsatdı,
Yoxsa ki, ağrıdan yandın, yaxıldın?
Qəm yemə!
Az qına, sən öz bəxtini,
Bir də minəcəksən bu köhləni sən.
Qəm ye ki, yüyənsiz mindiyimiz at,
Həyat,
Büdrəyən at,
Bir gün yıxdımı,
Çətin ki, o ata bir də minəsən…





