Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bu gün mayın 9-da Qələbə bayramı münasibətilə Xankəndidə parad keçirəcəyi haqda günlərdir yayılan xəbərlər özünü doğrultmadı.
Xankəndidə parad yox, bayram münasibətilə təntənəli toplantı, mitinq olub. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, 450-dən çox sülhməramlı Xankəndinin mərkəzi meydanında təntənəli mitinqə toplaşıb və sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradov hərbçilər qarşısında çıxış edib.
Təntənəli tədbir zamanı orijinalı 1945-ci il mayın 1-də Reyxstaq üzərində qaldırılan Qələbə bayrağı meydana gətirilib. O cümlədən Rusiya müdafiə naziri Sergey Şoyqunun sülhməramlılara bayram videotəbriki nümayiş olunub. Mərasim zamanı 20-dən çox hərbi qulluqçu nümunəvi xidmətə görə mükafatlandırılıb. Daha sonra Rusiya Hava Kosmik Qüvvələrinin mahnı və rəqs ansamblının konserti olub.
Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, tədbirdə 450 sülhməramlı iştirak edib.
Elnur Səlim
