AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev redaksiya ilə əlaqə saxlayaraq, onun fikirlərini və çağrışını aidiyyatlı orqanlara çatdırmağı xahiş etdi.
Müraciətində deyilir: «Koronavirus — COVID-19 qlobal təhlükə kimi hamımızı təhdid edir. Sağlamlığın təmin edilməsi məsələsi dünya gündəminin 1 nömrəli vəzifəsi olaraq bizim də qarşımızda müəyyən şərtlər qoyur. Hər keçən gün artan yoluxma və ölüm halları ən inkişaf etmiş ölkələrin əhalisinin belə təhlükələrdən qorunmaq üçün tam sığortalanmadığını sübut etməkdədir. Eyni zamanda, bu günə kimi bütün qitələri, regionları və ölkələri bir-birinə bağlayan iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu ciddi şəkildə ziyan görməkdədir.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar «Evdə qal, həyatları xilas et!» çağırışı ilə insanlara müraciət etməyə davam edir.
Beynəlxalq təşkilat bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırır. Rəsmilər isə evdə qalmanın vacibliyini sosial şəbəkələr vasitəsilə insanların diqqətinə çatdırmağa çalışırlar. Daimi olaraq çağırışlar edirlər. Bizim üzv olduğumuz AVMVİB bir təşkilat olaraq bu çağırışa müsbət yanaşmışıq. Dövlətimiz, Bayraq və Millətimiz uğrunda kənarda qalmaq veteranlarımızın işi deyil. Lakin bu gün «Evdə qal!» kompaniyası ən çox 80 manatdan başqa heç bir gəliri olmayan, gündəlik və təsadüfi gəlirlərlə öz yaşayışını təmin edən veteranlara ciddi bir zərbə vurub. Gün ərzində Nizami rayonunda yaşayan, hətta digər rayonlarda yaşayan veteranlardan onlarla telefon zəngləri alıram. Bu dəfə də düşmən qarşısında sipər olmuş veteranlarımız unudulub. Mən hər bir veteranı demirəm, amma çətinliklə dolanan veteranların siyahısını 67 minlik veteran ordusunu öz ətrafında birləşdirən AVMVİB aidiyyatlı qurumlara təqdim edə bilər.»
Sonda Rəcəb Baxşıyev bildirdi ki, Evdəqal!-aq, amma evdə qalanları yaşatmağı unutmayaq.
