«Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib.
Fedai.az sayıtının redaktoru Elnur Səlim yaşı 65-dən çox olan və tənha yaşayan veteranlara AVMVB- sədri Füzuli Rzaquliyevin razılığı ilə könüllü olaraq xidmət göstərmək istəyir.
Elnur Səlim bu kateqoriyadan olan tənha şəxslərin də evdə olduqları müddətdə gündəlik tələbatları ilə, bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması ilə bağlı veteranların qulluğunda durmağa hazırdır.
Könüllü olmaq istəyən Elnur Səlimin sözləri ilə desək: “Öz sağlamlıqlarını Vətən uğrunda fəda etmiş insanlara xidmət etməyə borcluyuq və bu çox şərəfli bir işdir. Həyatlarını Vətən torpağına ithaf etmiş bu insanlara Qarabağı işğaldan azad görməyənədək Allah ölməyi nəsib etməsin. Dəyərli veteranlar, evdə qalın, sağlam qalın, Qarabağı azad görün!»
Qeyd edək ki, Elnur Səlim veteranların haqları uğrunda müxtəlif tədbirlərin fəal iştirakçısıdır. Və bu səpkidə müxtəlif yazılar yazıb, daima Qarabağ müharibəsi əlilləri və veteranların hüquqlarının müdafiəsində könüllü olaraq xidmət edib.
Könüllü redaktorumuz karantin dövründə məktəblər fəaliyyətini dayandırdığı üçün veteran övladlarına və nəvələrinə onlayn dərs keçir.
Fərid İlhamoğlu

