Müharibə veteranının köməyə ehtiyacı var — Şirvan

Şirvan şəhəri N. Nərimanov küçəsi ev 7, mənzil 2 ünvanda yaşayan müharibə veteranı Müsəmməd Ağamirzə oğlu Muradov baxımsızlıqdan şikayətçidir.


Yataq xəstəsi olan müharibə veteranı Müsəmməd Muradov bu durumla bağlı dəfələrlə aidiyyatlı orqanlara və Azərbaycan prezidenti cənab İlham Əliyevə müraciətlər ünvanlasa da əməli bir cavab ala bilməyib. Aldığı cavablar, ənənəvi olaraq «məktub yetişdi» qəbzləri olub.


Müsəmməd Muradov 1993-cü ildə Şirvan şəhər hərbi komissarlığının çağırışıyla cəbhəyə yola düşüb. Bir sıra döyüşlərin iştirakçısı olub. 1994-cü il 20 apreldə ağır yara alıb. Müdafiə nazirliyi hərbi tibbi ekspert komissiyası bu yaranın «Azərbaycanın müdafiəsi zamanı «sol ayaq pəncəsini dəlib keçən güllə yarası, II daraq sümüyünün açıq sınığı kimi qiymətləndirsə də» bu günədək müharibə əlili statusunu almaq bu şəxsə nəsib olmayıb. «Şirvan oil» şirkətində fəhlə işlədiyinə görənormal maaşı olduğuna görə əlilliyin arxasınca getməkdən bezib. Ağır xəstəliyə düçar olduqdan sonra yenidən əlillik üçün müraciət etsə də, həm xərçəng xəstəsi, həm bədənində qəlpə olan və güllə yarası olan Müsəmməd Muradova imtina cavabları göndərilir.


Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şirvan şəhər şöbəsinin sədri Babək Əbilov bildirdi ki, müharibə veteranımız Müsəmməd Muradov ağciyər xərçəngindən əziyyət çəkir. 1 il 2 aydır ki, əlillik statusu almaq üçün müraciətlər edir. Amma deyəsən nazirlik sosial narazılıq yaratmağı qarşısına məqsəd qoyub. Kimsə müharibə veteranının bu ağır durumuyla maraqlanmır. Biri deyir, biz köhnə veteranlara baxmırıq, biri deyir biz yenilərə baxmırıq. Əslində bu sahədə vəziyyət çox acınacaqlıdır. Müharibə veteranı Müsəmməd Muradov neçə illər, bədənində ağır yaralar və qəlpələr gəzdirsə də süründürməçi-korrupsionerlərdən bezib öz əlinin əməyi ilə dolanıb. Sayılı bir ömrü qalan yataq xəstəsi olandan sonra öz haqqı olan statusu istəyir və bu «isveçrəli» mütəxəssislər onun müraciətlərini geri qaytarırlar. Bilmirəm, bunların əlillik verdiyi kriteriyalar nədir?


Yataq xəstəsi olan müharibə veteranı Müsəmməd Muradov Ali Baş Komandan cənab İlham Əliyevə ünvanladığı müraciətdə yazır: «Son ümidim Sizədir. Siz həmişə çarəsiz və ehtiyacı olan insanlara kömək etmisiniz. Mənə də bu dar günümdə, bu çarəsiz vəziyyətimdə kömək edəcəyinizə inanıram.


Vəziyyətimin ağırlığından çıxış yolu tapmadığım üçün Sizə müraciət etməyə məcbur oldum. Vəziyyətimin ağırlığını nəzərə alıb mənə kömək etmənizi xahiş edirəm».


Bu bir müharibə veteranının haray səsidir. Biganə qalmayaq. İmkanı olanlar veteranımıza yardımını əsirgəməsinlər…

Elnur Səlim

Bu xəbəri paylaşın: