Göyçayda müharibə veteranına xəsarət yetirilib

Göyçay rayonu Qaraməryəm kəndində yaşayan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göyçay rayon şöbəsinin üzvü Elbrus Feyruz oğlu Mahmudov üzləşdiyi haqsızlıq və zorakılıqla bağlı redaksiyamıza müraciət edib.


Elbrus Mahmudov yaşadığı binada üst mərtəbədə yaşayan Arzu Vidadi oğlu Babayevin qanunsuz əməllərindən şikayətçi olduğunu yazıb. Müraciətdə bildirilir ki, Arzu Babayev binanın ətrafında qanunsuz tikililər tikməklə «şöhrət» qazanıb. Onun binanın arxasında tikdiyi tikililər müharibə veteranına məxsus mənzilə düşən işığın kəsilməsinə səbəb olub. Daha sonra da binanın qarşısında tikintinin mənzilə düşən işığı kəsəcəyini deyərək etiraz edən müharibə veteranı Elbrus Mahmudova qarşı təhqirlərə yol verib və ona xəsarətlər yetirib. Ekspert rəyi ilə bu xəsarətlər təsdiq olunub. Onun bu qanunsuz və məsuliyyətsiz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat verməyə məcbur oldum.


Apardığımız araşdırma zamanı məlum oldu ki, yerli aidiyyatlı orqanlar bu adamın belə «ərköyünləşməsinə» rəvac veriblər. Vətəndaşın şikayətinə belə «barmaqarası» yanaşmanın da başlıca səbəbi budur. Müharibə zamanı kol-kosda gizlənmiş Arzu Babayev, məhz bu himayədarlar sayəsində müharibə veteranına xəsarət yetirməyə də cürət edir. Kənd sakinləri arasında da bu şəxs, mənfi imicə malikdir. Üzümüzü daim müharibə veteranlarına və əlillərinə diqqətcil münasibətiylə fərqlənən Daxili İşlər naziri cənab Vilayət Eyvazova tutaraq bu işi nəzarətə götürməsini rica edirik.

İnanırıq ki, günahkar Arzu Babayev və onun himayədarları öz layiqli cəzalarına çatacaqlar.


Elnur Səlim

Bu xəbəri paylaşın: