Mingəçevir Azərbaycanın sənaye mərkəzlərindən birinə çevrilir

Məlumdur ki, son zamanlar ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycanın bütün regionlarında qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına böyük diqqət göstərilir.


Ölkə rəhbərliyinin göstərişlərinə əsasən Mingəçevir şəhərinin inkişafı, abadlaşdırılması istiqamətində həyata keçirilən işlərə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən böyük dəstək verilir.


Bu yaxınlarda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı cənab İlham İsmayılovun şəxsi təşəbbüsü ilə şəhərin yerli büdcəsi hesabına və daxili imkanlar vasitəsilə şəhərin daha da çiçəklənməsi, yaşıllıqların qorunub saxlanılması, suvarılması üçün yeni texniki su xətti çəkilişinə başlanılmışdır. Yerinə yetirilən işlər sayəsində yay aylarında quraqlıq səbəbindən ağacların susuzluqdan əziyyət çəkməsinin qarşısı alınacaq.
Bununla yanaşı, şəhərdə turizm potensialını inkişaf etdirmək üçün Mingəçevir Su Anbarının ətrafındakı buxtalarda layihələndirmə işlərinə də başlanılıb.
Mingəçevir gündən günə çiçəklənən, inkişaf edən bir şəhərə çevrilib. Bu inkişaf daim şəhər sakinlərinin mənafeyini və rahatlığını təmin edir. Bu işlərə müharibə veteranı olan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun bu vəzifəyə təyin olunmasından sonra vüsət verilib.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində şəhər daxili 20,4 km yol asfaltlanıb, küçələrdə abadlıq işləri görülüb, yaşayış binalarının dam örtükləri dəyişdirilib, parklar salınıb və əhaliyə xidmət sahəsində bir çox yaşayış massivində qazlaşdırma işləri görülmüşdür. Xüsusən Borçalı adlandırılan ərazinin, Qaçaq Nəbi, Almas İldırım və M. Muxtarov küçələrinin paylayıcı küçə qaz xətləri çəkilmişdir. Şəhərdə aparılan quruculuq işləri təhsil müəssisələrinin də tikintisinə və təmir olunmasına təkan verib. 13 saylı tam orta məktəbin yeni tədris binasının tikintisi, 16 saylı tam orta məktəbdə əsaslı təmir işləri görülmüş və 12 saylı tam orta məktəbdə və İnteqrasiya təlimli internat tipli gimnaziyada əsaslı təmir işləri aparılmaqdadır.


Həmçinin, Mingəçevir şəhərinin ən iri müəssisəsi olan «Azərbaycan İES» MMC-də əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Xatırladaq ki, «Azərbaycan İES» MMC Azərbaycanın ən böyük stansiyası sayılır.

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının «Mingəçevir şəhərinin 2020-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” barədə hesabata görə ilin əvvəlindən ilkin hesablamalara görə şəhərin sənaye müəssələrində 292,1 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 24,1 milyon manat və ya 7,2 faiz azalmışdır. Azalmanın əsas səbəbi bütün dünyada olduğu kimi Respublikamızda da COVİD-19 bütün sahələrdə olduğu kimi istehsaldan da yan keçməməsidir. Lakin buna baxmayaraq şəhər öz inkişaf strategiyasını həyata keçirməkdədir.


Azğın düşmənə qarşı aparılan müharibədə Ordumuzun sıralarında və yanında yer alan Mingəçevir şəhər İcra Hakimiyyəti rəhbərliyi və şəhər sakinləri bu gün də ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əməl edərək, bu gün də qazilərimizin və şəhid ailələrinin yanındadırlar.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bildirdi ki, Mingəçevir şəhərində, şəxsən İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılovun rəhbərliyi ilə şəhid ailələrinin və müharibə iştirakçılarının problemləri daim diqqətdə saxlanılır. Vətən müharibəsində həlak olan 50 şəhidimizin ailəsinə, 52 nəfər Qarabağ qazisinə müxtəlif yardımlar edilmiş, 1 nəfər şəhid ailəsinin evi əsaslı surətdə təmir edilmiş, 3 nəfər qazinin mənzilinə isə istilik sistemi çəkilmişdir. Şəhərin Şəhidlər Xiyabanının abadlaşdırılması istiqamətində də bir sıra mühüm işlər görülüb. Burada şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına şəhid qəbirlərinin üstü götürülmüş və ətrafında abadlıq işləri aparılmışdır. İşıqlanma dirəkləri qoyulmuş, xatirə bulağı yenilənmiş, Xiyabanın girişində yenidənqurma işləri görülmüşdür. «Şəhidlər Xiyabanı» göstəricisi dəyişdirilmiş, yerə 240 kv.m yeni piltə döşənmişdir».

Həqiqətən də Mingəçevir şəhərində, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təyinatından sonra müasir dövrün tələblərinə uyğun işlər görülməsi təqdirə layiq hesab edirik.

Azərbaycanın zülmətlərini aydınlığa çevirən Mingəçevir şəhərinə və onun inkişafına çalışan rəhbərliyə uğurlar diləyirik…


Elnur Səlim

Bu xəbəri paylaşın: