Azərbaycan bayrağının əzəməti məni elə qürurlandırdı ki… — Fransız əsilli xanımla MÜSAHİBƏ

Təsəvvür edirsinizmi, Braziliyanın San Paolo şəhərində Azərbaycana ürəkdən aşiq olan yapon, fransız əsilli qadın yaşayır.

Andreia Hiromini sosial şəbəkələrdən tanıdım. Ölkəmizin təbliği üçün durmadan çalışır, hətta rəngbərəng kəlağayılarla Braziliyanın günəşli günlərini bəzəyir.

Əminik ki, Publika.az-ın növbəti həmsöhbəti xanım Andreia Hirominin Azərbaycan sevdasını birnəfəsə oxuyacaqsınız.

— Əziz Andreia, söhbətinizi bölmədən, sizi dinləmək, Azərbaycana olan sonsuz məhəbbətinizi sizin dilinizdən eşitmək istəyirəm…

— Əlbəttə. Gəlin, başlayaq.

Braziliyanın San Paolo şəhərində mühacir cütlüyün ailəsində doğulmuşam. Hər uşağa nəsib olmayan xoşbəxt mühitdə böyümüşəm. Anam hər zaman gülümsəyir, şən mahnılar zümzümə edərdi. Deyirdi ki, dünyada San Paolodan gözəl şəhər yoxdur. Atam avropalıdır. Fransada dünyaya gəlib. Braziliyaya köçəndən sonra anamla rastlaşıb, ona aşiq olub. Amma bir gün anam təcili Yaponiyaya — öz ölkəsinə qayıtmaq məcburiyyətində qalır. İllər sonra geri dönüb, atamla ailə qurur və mən dünyaya gəlirəm. Ailəmiz tolerantlığın nümunəsidir. Anamdan buddizmə, atamdan xristianlığa sevgini öyrənmişəm.

Özüm isə…

Düşünürəm ki, insan heç kimin ona yol göstərməsinə, öyrətməyinə ehtiyac duymamamlıdır. Ona görə də oda sitayişi seçmişəm. Bilirsiniz, çox gözəl ailə mühitində böyümüşəm. Amma ömür boyu özümü tam hiss etməmişəm. İşim, gündəlik qayğılar və ailəm həyatımın böyük hissəsini tutur. Amma içimdəki boşluğa heç vaxt çarə tapa bilmirdim. Sanki yaşadığım topluma aid deyilmişəm kimi qəribə düşüncələrim vardı. Nə tam braziliyalı, nə yapon, nə də avropalı idim. Bu axtarış bəzən məni əldən salırdı.

Bəli portuqalca danışıram, amma sanki braziliyalılar nə dediyimi anlamırdılar.

Bəli, Braziliya qadınını sevirəm, amma mənim həyat prinsiplərim onlara qəribə gəlir. Düşündüm ki, Yaponiyaya köçsəm, daxilimdə yeri boş qalan parçama qovuşa biləcəm. Bir il Naqoyada yaşayıb, təhsil aldım. Doğrudur, şəhər çox müasir və təmizdir. Amma mənim deyil. Burada da özüm deyiləm. Yenidən kor-peşman Braziliyaya döndüm. Müxtəlif şəhərlərdə, okeanın sahilində yaşadım. Yenə də ruhumu anlayan, məni tamamlayan heç kimə rast gəlmədim.

Artıq nəfəs almaq da mənasızlaşırdı. Hətta özümdən sübhə etməyə başladım. «Doğrudanmı mən həddən artıq tələbkaram. Bəlkə elə problem məndədir» deyə düşünməyə başladım. Anam dərin kədərimi görüb məni sakitləşdirməyə çalışdı: «Bir gün dünyanın elə bir nöqtəsinə gedəcəksən ki, həmin anda bütünləşəcəksən. Ömrün boyu axtardığın hər şeyi orada tapacaqsan. Mən sənin ananam, xoşbəxtliyini ən çox istəyən bir nəfər varsa, o da mənəm. Ruhdan düşmə!»

Anam çarəsiz xəstəliyə yaxalanmışdı. 46 yaşı yenicə tamamladığı vaxtda o gözəl təbəssümü ilə növbəti dəfə əməliyyata getdi. Əməliyyat masasında dünyasını dəyişdi. Elə sarsılmışdım ki, günlərlə anamın məzarından ayrılmırdım. Yalnız onun yanında olmaq istəyirdim. Elə o müddətdə anladım ki, insanın ən böyük xoşbəxtliyi pul deyil. Sadəcə o möhtəşəm duyğunu axtaranlarındır. Məsələn anam varlı ailədə doğulmamışdı. Amma daxilən o qədər zəngin, xeyirxah idi ki, heç bir bank hesabı onun üzündəki saf təbəssümdən üstün deyildi. Anamın vəsiyyətini əməl etmək üçün yenidən özümü, ruhumu, bədənimi dirçəltdim. İşimi, evimi, hətta yaşadığım şəhərləri dəyişdim. İllər keçirdi, amma mən yenə də içimdəki natamamlıq duyğusuna qalib gələ bilmirdim. Yeganə təsəllim sitayiş etdiyim ocağım idi.

Bir gün qərar verdim ki, od kultunu daha çox tədqiq etməliyəm. Beləcə, Azərbaycanı tapdım. Təəsüf edirəm ki, bu ölkə haqda əldə etdiyim ilk məlumatlar məni məyus etdi. Qəddar və qatı islamçıların məskəni…

Həmin dövrdə Braziliyada yaşayan 100 min erməninin varlığından xəbərsiz idim. İndi isə heç də təəccüblənmirəm. Məşhur yalançı erməni propaqandası məni də caynağına almışdı. Ermənilər belə bir yalan da uydurmuşdular ki, guya Azərbaycana səfər etmək, xüsusən də qadınlar üçün təhlükəlidir.

Lakin axtarışlarım davam etdi. Kapitalist cəmiyyətdə böyümüş vətəndaş kimi Sovet dövrünün tarixi ilə həmişə maraqlanmışam. «Dəmir pərdə»yə rəğmən, İkinci Dünya müharibəsi, Stalin haqda tarixi faktlar oxumuşdum. Odur ki, sonralar Azərbaycanı bu axınla da tanımağa başladım. Ətrafımdakı ermənilər iki faktı qulağma pıçıldadılar- Azərbaycan kommunist və qatı müsəlmanların ölkəsidir.

Çox üzülmüşdüm. Görəsən qadın olduğum üçün Azərbaycana səfər bu qədərmi müşkül ola bilər?! Məni o qaranlıq ölkədə hansı təhlükə gözləyir? Mütləq niqab bağlayıb, səfər etməliyəm? Başqalarının dininə bu qədər sayğısız yanaşırlar? Birdən hansısa jestim kommunist qanunlarına zidd olar, o zaman məni həbs həyatı gözləyə bilər? Bu ölkədə «Coca-Cola», yaxud adi kafelər də yoxdur?

Bütün dostlarım, yaxın ətrafım ağlımı itirdiyimi iddia edirdilər. «Avropanın bu qədər gözəl ölkələrini qoyub, özünü nəhəng təhlükənin ağzına atma» deyirdilər…

Bütün qorxu və təhlükə yükünə rəğmən, qərarımdan dönmədim. Azərbaycana mütləq səfər etməliyəm.

Anamın sözlərini xatırladım: Qəlbinin səsini dinlə!

O, həmişə məni qorxularıma rəğmən, cəsarətə səsləyirdi.

Eşitdiyim rəylərdən məmnun olmasam da, viza işlərinə başladım. Braziliyadan Azərbaycana uçan aviareyslərlə maraqlandım. 1 ay Azərbaycanda qalmağı planlaşdırmışdım. Büdcəm də buna imkan verirdi. Hətta gün ərzində bir dilim çörəklə də doya bilərdim. Yetər ki, bu ölkəni görüm.

Bir qənaətə gəlmişəm ki, qadın nə qədər azad, müasir, güclü olursa-olsun, riskli addım atmağa hazırlaşanda hər kəs onu yolundan döndərməyə çalışır. Və bəlkə də sırf bu müdaxilələr bizim gücümüzü tükədir, kəşflər, ixtiralar etməyimizə mane olur.

Həyatımda ilk dəfə hamıya qarşı çıxıb, ən böyük arzumun arxasınca getməyə qərar verdim.

Hamıdan gizlin bütün sənədləşdirmə işlərini həll edib, Bakıya tələsdim.

Heç vaxt unutmayacağım tarix- 10 noyabr 2019-cu ildə təyyarəmiz Heydər Əliyev adına hava limanına endi.

İnstaqramda tanış olduğum Elçin adlı oğlan məni qarşıladı. Heç vaxt üzünü görmədiyim, cəmi bir neçə dəfə internet vasitəsilə danışdığım qarşı cinsin nümayəndəsindən hər şey gözləyə bilərdim.

Maşına əyləşib yola çıxdıq. Lakin elə bir neçə dəqiqə sonra hönkürməyə başladım. Yol boyu bilmədiyim dildə yazılmış işarələr, səslər məni həyəcanlandırdı. Sanki azıb qalacam, heç kim də yardım etməyəcək. Elçin məni sakitləşdirməyə çalışırdı. İkimiz də ingiliscə pis danışdığımız üçün bir-birimizi anlamırdıq. Qəribə panika duyğusu boğazıma dolaşdı.

Sanki həmin məqamda həyatımı məhv edirdim, özümə qarşı etinasız davranırdım…

Sanki ömrüm boyu içimdə toplanan bütün qorxularım həmin anda məni müşayiət edirdi. Təəssüf ki, müsəlman ölkələrində qətl edilən qərbli qadınların faciələri haqda az eşitmirik.

Bunu hiss edən Elçin maşını saxladı. Pıçıltı ilə mənə nə isə deyirdi. Tərcüməsini anlamadığım üçün məni öldürəcəyinə əmin idim. Sosial şəbəkədə yazışanda tərcümə proqramlarından istifadə edirdik. Bir-birimizin dilinə hakim deyildik. Doğrudur, o, ingiliscə danışırdı, amma mən güc-bəla ilə bir neçə söz anlayırdım. Əslində isə həmin anda beynim elə kilidlənmişdi ki, heç portuqalca danışsa da, anlamayacaqdım. Mən ağladıqca, əlimdən tutub, ingiliscə “qorxma, burdayam” deyirdi. Təbəssümündə, məsum gözlərində doğmalıq hiss etdim. Cavab gülümsəməsi ilə göz yaşımı sildim. Elçin də əlimi buraxıb, avtomobili hərəkətə gətirdi.

Sanki möcüzə baş vermişdi. Ürəyimi günəş isidirdi.

Yeni doğulmuş körpə kimi idim. Özümü güvəndə hiss etmək və bu etibarın uzunmüddətli olmağını istəyirdim.

Nəhayət kirayələdiyim mənzilə gəldik. 30 günümü gözəl yaşamaq üçün əlimdən gələni etməli idim. Küçəyə çıxdım. Qadınlar bazardan qayıdır, bəzi kişilər maşınlarını təmir edirlər. Özümü bir anlıq Braziliya küçələrində hiss etdim.

Hətta dalanlarda gəzişən itlər də Braziliyanı xatırladırdı. Ümumiyyətlə, Bakının günəşi, alovu mənə yeni il atəşfəşanlığını xatırlatdı. Sanki bu şəhərdə ilboyu bayram qeyd olunur.

Mağazalara girdikcə, insanları müşahidə edirdim. Tamamilə fərqli əlifba və sözləri görüb, heç nə anlamadığımı dərk etdikcə, halıma ürəkdən gülürdüm. Qarşılaşdığım insanlar gözümün içinə baxmırdılar, hörmətlə yanımdan addımlayıb keçirdilər. Bir-birindən gözəl, zərif qadınlar addımlayırdı. Amma kişilər gözlərinin ucu ilə də onlara baxmağa qıymırlar. Buna baxmayaraq, tanımadıqları qızların da təhlükəsizliyini, rahatlığını təmin etməyə çalışırlar. Braziliyada bu keyfiyyətə rast gəlmək müşküldür.

Vodka almaq üçün spirtli içkilər satılan mağazaya girdim. Hətta bu məkanda satıcı kişi rusca nəzakətlə danışaraq, buralara yad olduğum üçün kömək təklif etdi. Sonralar anladım ki, Azərbaycanda qadınlar bu tip mağazalara getməyi sevmirlər. Hətta mən vodkanı alan məqamda bir neçə kişi də gəlmişdi. Heç biri mənə yaxınlaşıb narahat etmədi. Bəlkə də kişilərinizin bu anlayışı, qayğısı sizin üçün adi haldır. Etiraf edirəm, mənə görə fantastikadır.

Braziliyanın sahillərindəki dənizlərin küləkli, çılğın təbiətinə şahidlik edəndən sonra Xəzər dənizi sakit körpə kimi ruhumu oxşayırdı. Bəlkə də qəribə səslənəcək, amma özümü o qədər təhlükəsiz və dərdlərdən qurtulmuş hiss edirdim ki, bu anın bitməsini istəmirdim. Xəzərin sərin küləyi üzümə sığal çəkdikcə, sanki illərdir uzaq qaldığım doğmamla dərdləşirdim. Gözümdən sakitcə yaşlar axırdı. Qəlbimdə Xəzərə durmadan təşəkkür edirdim.

Bakı bulvarı ilə gəzişəndə musiqi səsi eşitdim, bu sədanın fonunda Azərbaycan bayrağı dalğalanırdı. Qəribədir, həmin günədək bayrağınızı görməmişdim, rənglərini bilmirdim. Azərbaycan bayrağının əzəməti məni elə qürurlandırdı ki, özümə yer tapa bilmədim. Sanki öz vətənimdir, öz bayrağımdır, öz şəhərimdir.

İndi məndən soruşsanız ki, dünyanın hansı nöqtəsində öz parçalarımı toplayıb tam oluram, düşünmədən Azərbaycan deyərəm. Bu ölkədə nəinki braziliyalıları, sülhlə gələn hər kəsi sevirlər.

Bakıda olduğum müddətdə Elçinin dəstəyini hiss etməyimdən, hər çətin anımda köməyimə çatmağından, soyuqdəymədən, qızdırmadan halsız qaldığım vaxtlarda məni sağaltmağından da danışmasam, haqsızlıq edərəm.

Pandemiya müddətində çoxumuzun dərindən dərk etdiyi həqiqətə illər öncə Bakıda yetişdim. Ətrafımızda kim olursa-olsun, bir gün hamı gedəcək, hətta bizi çox sevən valideynlərimizin, övladlarımızın da həyatımızda müəyyən müddətlik missiyası var. Bizi heç vaxt tək qoymayan özümüzük, daxili “mən”imizdir. Odur ki özümüzü sevib, qorumalıyıq.

Bakı xatirələrim arasında rəfiqəm Zeynəbin də özəl yeri var. Bugünədək münasibətimiz davam edir. Ondan Azərbaycan mətbəxi, çayı haqda çox şey öyrəndim. Anası hicablı idi. Qəlbi elə təmiz, rəftarı o qədər xoş idi ki, saatlarla yanında əyləşmək, dilini anlamasam da səsini eşitmək istəyirdim. Bir dəfə mənə dedi ki, səninlə evlənmək istəyən insan ananın harada olduğunu soruşsa, de ki, Bakıdadır. Bu sözlərin tərcüməsini Zeynəbdən dinləyə-dinləyə bir yandan çay içir, digər yandan ağlayırdım. Amma bu, sevinc göz yaşları idi. Çünki nəhayət özümə, ailəmə qovuşmuşdum. Bundan sonra Braziliyaya, istənilən şəhərə ölkəyə alışmaq, adaptə olmaq su içmək qədər asanlaşmışdı. Çünki hara mənsub olduğumu artıq dəqiq bilirdim — Azərbaycan.

Artıq Braziliyadayam. Bəzən Xəzərin sahilindəki küləyi yanağımda hiss edirəm. Amma bu külək sığalı ilə məni əzizləmir, sevmir, oxşamır.

Bəzən elə çox darıxıram ki, qaça-qaça Bakıya dönmək istəyirəm. Tezliklə pandemiya bitsin, vətənimə, özümə, ürəyim Azərbaycana geri dönəcəyəm.

Bu gün özümü Azərbaycanın Braziliyadakı qəlbi adlandırıram. 44 günlük Vətən müharibəsində də doğma ölkəmə əlimdən gələn qədər dəstək oldum. Xüsusən də təbliğat sahəsində çox iş gördük.

Artıq dünya da şahiddir ki, Ermənistan yalnız ermənilərdən ibarət ölkədir, Azərbaycan isə müxtəlif xalqların sülh, sevgi içində birgə yaşadığı multikultural, müasir ölkə.

Leyla Sarabi

Bu xəbəri paylaşın: