AVMVİB sədrindən 28 May-Respublika Günü Təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 28 May-Respublika Günü münasibətiylə xalqımıza təbrik ünvanlayıb.

Dəyərli həmvətənlər!
Hörmətli veteranlar və şəhid ailələri!


Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.


103 il öncə 28 may 1918-ci il tarixində Şərqdə ilk demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin əsarətində əzilən xalqların milli oyanış və özünüdərk hərəkatı başlandı.


1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində, qurucu babalarımız tərəfindən ilk dünyəvi demokratik dövlətimizin yaranması elan edildi. Bu ölkə tarixində zaman-zaman dövlətlər quran və imperatorluqlar yaradan yeni bir dövr açdı.

Başbuğ Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.


Müstəqil Azərbaycan Cümhuriyyəti qısa zaman kəsiyində böyük nailiyyətlər və qalibiyyətlər əldə edərək, qadınlara seçim hüququ, qadın–kişi bərabərliyi, milli ordu, milli pul, üç rəngli bayraq, himn, herb və s. tətbiq etdi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə, əsrin sonunda olduğu kimi erməni-rus faşizmi ilə döyüşərək, hər cür mərhumiyyətlərə sinə gərərək, ərsəyə gətirdikləri istiqlal ideyası 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə “Azərbaycan Xalq Cümhuriyyətinin” varisi olan bu günkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirilməsində təməl rolunu oynadı.


1993-cü ildə də daxili və xarici düşmənlərin birgə səyiylə ölkənin suverenliyi təhlükəyə məruz qaldı və belə bir dövrdə xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi və o, xalqın təkidi ilə hakimiyyətə gəlməyə razılıq verdi. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan Respublikası öz müstəqilliyini, suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Dərhal modern ordunun yaradılması istiqamətində işlərə start verildi.


Başlanmış bu işləri ümummilli liderin layiqli davamçısı olan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirildi. Nəticə göz qabağındadır. Hər bir veteranımızın ən ümdə arzusu olan Qarabağın azadlığı təmin edilmişdir. Qarabağ üzərində Azərbaycanın suveren hüquqları bərpa edilmişdir.

Bu gün bu Böyük Zəfəri görmədən sıralarımızı tərk edən döyüşçü qardaşlarımızı və bu Vətən uğrunda şəhid olmuş şəhidlərimizi rəhmətlə anır, qazilərimizə can sağlığı, şəhid analarına səbr arzulayıram. Məhz bu insanların sayəsində şərəfli tarixi günlərin iştirakçısı olduq. Ölkəmizin ərazi bütövlüyü uğrunda əməyi olan hər kəsi, əsgər və zabitlərimizi, başda Ali Baş Komandan olmaqla 28 May-Respublika Günü münasibəti ilə ürəkdən təbrik edirəm.


Bayramınız mübarək!


Füzuli Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Bu xəbəri paylaşın: