İsrail səfirliyində görüş

Xalq artisti Gülyanaq Məmmədova və şairə Nəsibə İsrafilqızı İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Bu görüş barədə şairə, görüşün iştirakçısı AYB və AJB üzvü, «Vedibasar» qəzetinin redaktoru, AQC Qərbi Azərbaycanİcmasının Qadınlar Şurasının sədri, «Ziyalı qadınlar» və AVMVİB-nin fəxri üzvü Nəsibə İsrafilqızı (İsmayılova) məlumat verib.

Gülyanaq Məmmədova Teleqraf.com-a açıqlamasında deyib:

«Mən İsrail və Azərbaycan dostluğuna həsr olunmuş «Dostluq» mahnısını ifa etmişəm. Mahnının sözləri Nəsibə İsrafilqızına, musiqisi Esmira Əliyevaya aiddir. Mahnını Albert Aqarunovun doğum günündə ərsəyə gətirdik və təqdim etdik. Həm də gözəl şairəmiz Nəsibə İsrafilqızı ilə nəzərə aldıq ki, müharibə dönəmində İsrail xalqı bizə dəstəyini əsirgəmədi, yanımızda oldular. Eləcə də əsgərlərimizin gözlərinə nur verən İsrail həkimlərinə təşəkkür olaraq bu dostluq mahnısını ərsəyə gətirdik. Yəhudi xalqının igid oğlu Albert Aqarunov Azərbaycan torpaqlarında öz canını fəda edib.

İsrail ilə Azərbaycan dostluğuna mahnı yazılmamışdı. Gözəl şairəmiz Nəsibə İsrafilqızı sağ olsun, mahnıya möhtəşəm sözlər yazdı. Biz bu mahnını məsləhətləşdikdən sonra oxuduq və çox da gözəl qəbul edildi. Bizi İsrail səfiri görüşə dəvət etdi. Çox şadıq ki, səfir istəyini təşəkkürnamə ilə bildirdi. O qeyd etdi ki, dostluq münasibətimiz, tədbirlər, görüşmələrimiz davamlı olacaq. Düşünürəm ki, bu görüş çox uğurlu oldu. Biz də öz sahəmizdə Azərbaycanımız, dövlətimiz üçün dostluqları nəğməmizdə tərənnüm edirik. Hərə öz sahəsində Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməmilidir».

Bu xəbəri paylaşın: