POEZİYA ÇƏLƏNGİ: YAT Kİ, YATASAN…

ELBƏYİ

«Dünya mənim» deyə, ha çalış, vuruş,
Getdiyin bu ömrün boyu bir qarış,
Bir ovuc torpaq ol, torpağa qarış,
Yumub gözlərini yat ki, yatasan…

YAT Kİ, YATASAN…

Sondakı üfüqə bel bağlamışdım,
Yolları dikləndi, çat ki, çatasan.
Nə dərələr keçdim, nə dağlar aşdım,
Kimlər yükə döndü, at ki, atasan.

Bu dünya çəkilməz bir azar imiş,
Biz ondan, o, bizdən lap bezar imiş,
Nırxı əyri olan bir bazar imiş,
Əl atıb nə varsa, sat ki, satasan.

Bəndə üz çevirib küsüb Allahdan,
Hərə bir mülk qurmuş, fəryaddan, ahdan,
Bütün yollarımız keçir günahdan,
Hər addım, hər ləpir bat ki, batasan.

İpəkqurdu kimi qurduq qurama,
Qapısız ev tikdik, sonu barama,
Bizdə yavanlıqdı, halal harama,
Yağa bal qatan tək qat ki, qatasan.

«Dünya mənim» deyə, ha çalış, vuruş,
Getdiyin bu ömrün boyu bir qarış,
Bir ovuc torpaq ol, torpağa qarış,
Yumub gözlərini yat ki, yatasan…
09.05.1994

ADAM

Bir tanışım xəstələndikdən sonra baş daşını düzəldib, məzar yerini qazdırmışdı. Hər səhər baş daşını yuyurdu…

Üzünə ölümün kölgəsi düşüb,
Əcəli özüylə gəzdirib adam.
Çiynində dərdlərin batman çəkisi,
Dərdləri sevgiyə yozdurub adam.

Bircə addım öndə uçrumlar durur,
Bir addım gerini ildırım vurur,
Bu adam hələ də xəyallar qurur,
Qapqara bir daşa yazdırıb adın.

Əcəlin uşaq tək tutub əlindən,
Gəzdirir, gah aran, gah dağ belində,
Sanki bu ölümün tutub dilindən,
Dölanbac yollarda azdırıb adam.

Tükdən dırnağacan ağrılar gəzər,
Qanı yumruq olub qəlbini əzər,
Buna adam dözməz, tək əcəl dözər,
Ölümü canından bezdirib adam.

Ağarmaz dan yeri, uzanar gecə,
Nə illər xərclədik son olan heçə,
Bir tənha ağacın kölgəsindəcə,
Özünə bir məzar qazdırıb adam.
09.09.1993

AZƏRBAYCAN

Sinən dağlı,
Qolun bağlı,
Sızıldayan,
Məlhəm görməz yaran dərin…
Səni didir,
parçalayır,
Səni satır,
«Vətən, Vətən» deyənlərin…
Səndən Vətən olmaz, Vətən,
Köksün altda tufan kimi,
Təlatümlü zaman kimi,
Döyünməsək.
Ən sıldırım qayaları,
Uçrumları,
Kəfən kimi əynimizə geyinməsək.
Döyüşməsək —
Torpaq qalxıb Vətən olmaz!
Kor kimisən, nəyin qalıb?
Göylərindən Ay, Ulduzu oğrayıblar…
Səni oğlun Babək kimi,
Nəsimi tək,
Qiymə-qiymə doğrayıblar…
Bir bazarsan, satanların,
Alanlardan çoxdu daha,
Talanıbdı sənin varın,
Sabahlarçün satmağa da yoxdu daha.
Səni yedi, bu qan əmən əjdahalar,
Səni yerə yıxdı daha.
Öndə üfüq, öndə günəş,
Arxa uçrum, dərin kaha,
Arxa zülmət.
Öndə alov, öndə atəş,

Arxadasa diş qıcayıb
Əzab, zillət.
Bircə addım,
Bircə çəhlim,
Çəkilməyə yerin yoxdu.
İtrilmisən öz içində,
addım-addım, ilim-ilim,
Axtarırsan,
İnanmağa pirin yoxdu.
Bu dərdləri hardan aldın?
Niyə sənin dərdin çoxdu?
Sən günəşə möhtac qalan,
Bir fidansan.
Sən işığa möhtac qalan,
Bir cüt göz tək,
Axtar işıq.
Sən özündən tutub dayan,
Bu qəflətdən silkin, oyan,
Ayağa qalx,
Sökülür dan,
Oyan, oyan, Azərbaycan!
12.09.1990

GÖRDÜYÜM ADAM

Demə, namərd gülləsiymiş,
Kürəyi verdiyim adam.
Beş qəpiyə satdı məni,
Qəlbimi sərdiyim adam.

Göz görəti həddin aşdı,
Düz yolunu azdı, çaşdı,
Sən demə lap çürük daşdı,
Qala tək hördüyüm adam.

Neçə illər yol yeridik,
Bir ağlayıb, bir kiridik,
Bir an içində çürüdü,
Budaqdan dərdiyim adam.

Yozduq, dövran, dünya gidi,
Namərd etdi çox igidi,
Vallah dövran həminkidi,
Dəyişdi gördüyüm adam…
22.11.1990

ÖLÜR

Ötən ötüb, gedən gedib,
O qatar da gözdən itib…
Gecikmişəm, qalan mənəm,
Çətin daha, ona minəm…

Ümid də son kibrit çöpü,
Külək əsir, səfil-səfil
Boz havada,
Bu adada,
Çəkdim o da,
Bəlkə elə söndü qəfil…

Bəlkələrin qorxusundan,
Bir-bir ümüdlərim ölür.
Sevinclərim ölən yerdə,
İndi də dərdlərim ölür…
10.09.1988

AXI NƏYİM VAR?

Baxıram arxada qalan illərə,
İçində ağaran bir günüm yoxdu.
Yolumun üstündə bitən güllərin,
Gülündən qan tökən tikanı çoxdu.

Sevinci göndərdi qəm bardağında,
Həsrəti sevgiyə çilədi dən-dən.
Ömrün yoxuşunda, qürub çağında,
Ərköyün fələyin bezdim əlindən.

Adamlar qurd kimi ağız-ağıza,
Durublar, dil ayrı, söz ayrı dinir.
Yalanlar dönübdü bir gözəl qıza,
Ürək ayrı dinir, göz ayrı dinir.

Bir ömür dinlədim nağıllarını,
Düşmədi almalar, göydə qaldılar.
Yetən pay-püş etdi noğullarını,
Mənim bu dünyada axı nəyim var?
25.11. 1992

Bu xəbəri paylaşın: