Beyləqan rayonunda qəhrəman şəhid Məmmədyar Fərzəliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsi sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov, bu barədə məlumat verərək, qeyd etdi ki, şəhidlərimizin adlarının və xatirələrinin əbədiləşdirilməsi və şəhid məzarlarının ziyarət edilməsi istiqamətində tədbirlər davam edir.
Rayonda «Beyləqan» batalyonunun qurucularından olan qəhrəman döyüşçü Məmmədyar Səfəralı oğlu Fərzəliyevin əziz xatirəsi Kəbirli kəndindəki məzrı başında müharibə veteranları, ictimaiyyət nümayəndələri tərəfindən yad edilib.
Məzara gül qoyulub və şəhidin ruhuna dualar oxunub.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov bildirdi ki, bir komandir kimi Məmmədyar Fərzəliyevin Beyləqan rayonunun azğın düşməndən müdafiə olunmasında misilsiz xidmətləri olub. Onun döyüş xidmətlərini bu gün də fəxrlə yad edirik. Şəhidlər üçün nə etsək azdır, onlar təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətən uğrunda göz qırpmadan ölümə atılmanın simvoludur. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgilərlə, kövrəkliklə danışırlar. Bu gün və gələcəkdə də şəhidlərimizi unutmaq olmaz. Müharibə tariximizin bir şanlı səhifəsi 2020-ci il döyüşləridir, bu döyüşlərin qəhrəmanlarıdır, qalibləridir, şəhidləridir. Məmmədyar kimi qəhrəmanlardan başlanan bu yolun davamçıları elə bu tədbirlərə qatılan gənclərimiz olduğunu hər kəs gördü. Allah şəhidlərimizin məkanını cənnət eləsin.
Tədirdə AVMVİB Beyləqan rayon şöbəsi sədrinin müavini Əlövsət Məmmədovun rəhbərliyi ilə rayon veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim


