Fransa sülhün bərpasına və Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına yardım edəcək, Parisdə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşərkən Fransa Prezidenti deyib.
«ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Fransa ABŞ və Rusiya ilə birlikdə, o cümlədən tərəflər arasında birbaşa dialoqun bərpası və gərginliyin aradan qalxması üçün əlindən gələn hər şeyi etmək niyyətindədir», — TASS agentliyində Emmanuel Macron-un sözləri iqtibas olunur.
Fransa Prezidenti Azərbaycan-Ermənistan sərhədində baş verən «son hadisələrlə bağlı» deyib ki, delimitasiya prosesi yalnız danışıqlar yolu ilə və «güc tətbiq etmədən» həyata keçirilməlidir.
Macron-un sözlərinə görə, «Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməli», «tərəflər 11 may tarixindən etibarən tutduqları mövqelərə qayıtmalıdırlar».
Mayın 12-dən Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir.
Ötən həftədən bəri vəziyyət bir qədər də gərginləşib. Azərbaycan və Ermənistan bir-birini Kəlbəcər-Gədəbəy-Geğarkunik sərhədləri yaxınlığında atəşkəsi pozmaqda ittiham edir.
Mayın 27-də Azərbaycan ölkə ərazisinə girməyə cəhd göstərməkdə ittiham etdiyi «6 erməni hərbçisini əsir» götürdüyünü açıqlayıb. Ermənistan hadisənin öz ərazisində baş verdiyini və hərbçilərin «oğurlandığını» hesab edir. Azərbaycan Xarici İşlər Nazirliyi isə hadisəni «terror cəhdi adlandırıb».(BBC)
