Milli Məclisin plenar iclasında millət vəkilləri vətənpərvər mövqe sərgilədilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev müharibə iştirakçılarının haqlı iradlarına Milli Məclisin plenar iclasında aparılan müzakirələrdə əsil vətənpərvər münasibət bəsləyən hər bir millət vəkilinə 80 minlik veteranlar ordusu adından təşəkkür bildirdi. Bu təxribat xarakterli kolon sifarişi parlament komissiyası tərəfindən araşdırılmalıdır. Düşmən Ermənistan parlamentinin 5 may 2021-ci ildə qəbul edilən «Əliliyin təyin edilməsi meyarları» və «Əlillərin hüquqları» haqqında qəbul edilmiş qərarların tam 100% əksini, hansısa qüvvələr sifarişlə ediblər və bunu «dövlətçilik» pərdəsiylə xalqa sırımaq istəyirlər.

AVMVİB sədri F. Rzaquliyev qeyd edib ki, bu gün ordu quruculuğunda Türkiyə (NATO) modelini əxz ediriksə, niyə qardaş Türkiyənin elə qazilərlə və şəhid ailələri ilə bağlı sosial siyasətini örnək götürmürük? Heç bir İsveçrə modeli-zad yoxdur. Bu model Ermənistan modelinin tam əksidir. Girin internetdə özünüz maraqlanın. Biz dəfələrlə təklif etmişik ki, həm «Veteranlar haqqında», həm Vətən müharibəsi əlilləri haqqında» qanun ayrı bir redaksiyada qəbul olunmalıdır. Ən iri Veteran və müharibə əlili birlikləri əvvəllər olduğu kimi qanunun müzakirələrində iştirak etməlidirlər. Bu gün parlamentdə «Şəhid adlarının əbədiləşdirilməsi» haqqında qanun müzakirə olunur. Biz neçə ildir ki, haray çəkirik, bu qanunu Nazirlər Kabinetində hansısa gizli bir əl 1999-2016-cı il ərzində dəyişib. Bunu dəyişən adamı tapmaq çətindirmi?

Narkoman birinin qəzaya düşməsiylə, zirehli texnikanın minaya düşməsini eyniləşdirənlərin kimlərə xidmət etdiyini hər kəs bilir. Bunların tək məqsədlərinin Ali Baş Komandanımız, Qarabağ Fatehi olan cənab İlham Əliyevin ölkədə yaratdığı birliyi pozmaq və xaos yaratmaq olması ortadadır. Bir para özlərinə yaxın internet və televiziya resurslarında döyüşmüş insanlar əleyhinə aparılan kampaniyalara diqqət yetirin. Bunu heç «Var Gonzo» adlı Qabrelyanın köpəyi edə bilmədi. Amma bizim dövlətin puluyla içimizdəki məkrli xainlər bu şərəfsizliyə getməkdədirlər. Bizim Komandanımıza inamımız sabitdir. Onun əmrlərinə tabeyik və əmr etsə, hər bir döyüşçü gözünü qırpmadan öz statusundan imtina edər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumatda deyilir:

İyunun 11-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının daha bir iclası keçirilib. Parlamentin Sədri iclası açaraq diqqətə çatdırıb ki, həmişə olduğu kimi, Azərbaycan tarixinin möhtəşəm hadisələri ərəfəsində biz Milli Məclisin iclaslarında onları qeyd edirik və bu iclasımız da Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. Bir neçə gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcəkdir.

Məlumdur ki, ümummilli liderlər xalqların milli fəlakətlər ilə üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı uçurumun bir addımlığından geri qaytardı.

Spiker vurğulayıb ki, Ulu öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində  xalqımız müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli liderimizin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun belə bir kəlamında çox dəqiq ifadə olunmuşdur: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Sahibə Qafarova qeyd edib ki, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa ha­zır olmaq nümunəsidir. Ümummilli liderimizin 30 ildən artıq dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətini nəzərə alaraq, əminliklə söyləmək olar ki, müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur.  

Sədr bildirib ki, Ulu öndərin başladığı qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət Azərbaycanı zirvələrə yüksəltmişdir. Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində əzəli və tarixi torpağımız olan Qarabağın erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpa olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi Cənubi Qafqazda yeni reallıq yaradıb.

Bu gün Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətdir. Əminəm ki, Azərbaycan dövləti daim var olacaq, Ulu öndər Heydər Əliyevin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.

Çıxışının sonunda parlamentin Sədri 15 iyun — Milli Qurtuluş Günü münasibəti ilə  təbriklərini çatdırıb, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinə daimi inkişaf və yeni uğurlar arzulayıb.

Spikerin çıxışı deputatlar tərəfindən alqışlarla qarşılanıb.

İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Parlamentin komitə sədrləri Zahid Oruc, Tahir Rzayev, deputatlardan Elman Nəsirov, Ceyhun Məmmədov, Sahib Alıyev, Vahid Əhmədov, Sevil Mikayılova, Şahin Seyidzadə, Elşad Mirbəşiroğlu, Naqif Həmzəyev, Cavid Osmanov çıxış edərək   gündəmdə olan mövzulara dair öz fikirlərini açıqlayıblar, seçiciləri narahat edən bəzi məsələlər və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə danışıblar.

Deputatlar çıxışlarında Milli Qurtuluş Günü münasibəti ilə ürək sözlərini çatdırıblar. Qeyd edilib ki, bu, ölkəmizin tarixini, müqəddəratını həll edən ən vacib günlərdən biridir. 1993-cü ilin 15 iyun tarixində Azərbaycan parçalanmaqdan, ölkədə hökm sürən böhrandan xilas edilib.  Bugünkü qüdrətli və güclü Azərbaycanın, ölkəmizi Vətən müharibəsində parlaq zəfərə aparan yolun təməli məhz bu tarixdə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Sonra gündəlikdəki məsələlərə baxılıb.

Spiker Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Birinci məsələ — “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Qeyd edilib ki, nəzərdə tutulan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək.

Məsələ barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev məlumat verib. Diqqətə çatdırıb ki, 29 dekabr 2020-ci il tarixli «Sosial müavinətlər haqqında» qanuna edilən dəyişikliyə və Azərbaycan Prezidentinin 2020-ci il 31 dekabr tarixli Fərmanına əsasən, bəzi kateqoriya şəxslərin, o cümlədən şəhid uşaqları, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları sözləri çıxarılıb. Qanunda, habelə, «müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət» sözləri «müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət» sözləri ilə əvəz edilib. Bu dəyişikliklərə əsasən, Azərbaycan  Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həmin kateqoriya şəxslərin təqaüdləri artırılıb.

Qeyd edilib ki, yuxarıda adı çəkilən qanunlara təklif olunan dəyişikliklər həmin qanunların «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» qanuna uyğunlaşdırılması məqsədi daşıyır.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ ilə bağlı öz fikirlərini söyləyərək bunu cənab Prezidentin bu qəbildən olan insanlara növbəti dəfə qayğısının ifadəsi kimi qiymətləndirib. Sonra komitə sədri diqqətə çatdırıb ki, dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi humanist, sosial-ictimai əhəmiyyət daşıyan bir missiyaya — Məşğulluq marafonuna start verib. Burada məqsəd cari ilin sonuna qədər bütün şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsində qazi və veteran olan şəxslərin, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının məşğulluğunun təmin olunmasıdır. Komitə sədri bütün təşkilat, idarə və müəssisələrə, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərə müraciət edərək bu prosesdə fəal iştirak etməyə çağırıb.

Sonra sözügedən qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin Sədri bildirib ki, gündəliyin digər məsələləri ikinci oxunuşda olan qanun layihələridir. Qeyd edilib ki, növbəti 7 məsələ Milli Məclisə eyni zərfdə daxil olub və bu qanun layihələri mahiyyətcə bir-birinə yaxındır. Diqqətə çatdırılıb ki, bununla 60 qanunda dəyişiklik edilməsi nəzərdə tutulur və bu dəyişikliklərdə məqsəd əlilliyin meyarlarına dair Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş standartların və digər beynəlxalq normaların milli qanunvericiliyə implementasiya edilməsidir.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna və digər əlaqədar qanunlara dəyişiklikləri ikinci oxunuşda diqqətə çatdırıb. Bildirilib ki, birinci oxunuşda müzakirələr zamanı millət vəkilləri qanun layihələrini dəstəkləyiblər. Eyni zamanda, bəzi təkliflər də səsləndirilib. Komitə sədri deputatların söylədiyi fikirlərə münasibət bildirib.

Musa Quliyev çıxışında qeyd edib ki, son 3 il ərzində ölkə başçısının təşəbbüsləri ilə sosial sahəyə yönəldilən vəsait mütəmadi olaraq artırılıb. Bu müddətdə əmək haqları, pensiyalar, müavinət və təqaüdlərin aylıq məbləğləri bir neçə dəfə  artırılıb. Nəticədə pensiyalar üzrə  xərclər 36% artırılaraq 3.3 milyard manatdan 4.5 milyard manata, müavinətlər üzrə xərclər 120% artırılaraq 279 milyon manatdan 613 milyon manata, təqaüd üzrə xərclər 3.5 dəfə artırılaraq 92 milyon manatdan 326 milyon manata çatdırılıb. Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə büdcədən illik xərclər 97% artırılaraq 588 milyon manatdan 1.2 milyard  manata çatdırılıb. Ümumilikdə son 3 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  xətti üzrə əhaliyə ödənişlər 2.2 milyard manat artırılıb.

Komitə sədri Qarabağ müharibəsi qazilərinin əlillik vəziyyətinin müəyyənləşdirilməsi məsələsinə toxunaraq diqqətə çatdırıb ki, artıq 800 nəfərdən çox qazimizin əlillik dərəcəsi müəyyənləşdirilib və onların sosial müdafiəsi tədbirləri həyata keçirilməkdədir.

Bildirilib ki, əlillik vəziyyəti dinamik, daim müşahidə, müalicə və reabilitasiya tələb edən bir prosesdir. Ona görə də bu il əlilliyi müəyyən edilən şəxsin növbəti ekspertizada əlillik vəziyyətinin və statusunun dəyişilməsi tamamilə normal və məntiqə uyğundur. Əsas odur ki, bu qərarlar ədalətli, qanun çərçivəsində və şəffaf olsun. Təqdim olunan qanun layihəsi də məhz bu məqsədə xidmət edir.

Komitə sədrləri Bəxtiyar Əliyev, Siyavuş Novruzov, Tahir Mirkişili, Zahid Oruc,  deputatlardan Əli Məsimli, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Aydın Hüseynov, Aqil Abbas, Vahid Əhmədov təklif olunan dəyişikliklər barədə öz fikirlərini söyləyiblər, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Musa Quliyev millət vəkillərinin toxunduğu bəzi məqamlara aydınlıq gətirib.

Müzakirələrin sonunda gündəliyin 7 məsələsi — “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə; “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə; Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında; “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə; “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial  adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə;  “Dövlət  qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə  qanun  layihəsini ikinci oxunuşda İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib. Qanun layihəsi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb və onların məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur.

Komitə sədri Siyavuş Novruzov layihə ilə bağlı öz fikirlərini və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra plenar iclasda  Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun –  Milli Qurtuluş Günü ilə əlaqədar müzakirələr aparılıb. Komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputat İsa Həbibbəyli öz çıxışlarında ölkəmizin müstəqillik tarixində baş verən mühüm məqamları xatırlayıblar. Millət vəkilləri müstəqil Azərbaycanın banisi, Ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında göstərdiyi xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Azərbaycan xalqı 10 noyabr 2020-ci il Qələbəsinə gətirən yola 15 iyun 1993-cü ildə çıxıb. Qeyd edilib ki, 2020-ci il Heydər Əliyevin arzularının həyata keçdiyi ildir. Ötən il biz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Ali Baş Komandan, Möhtərəm Prezidentimiz İlham Əliyevin qələbəsinin şahidi olduq.

Çıxışlarda vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmlənməsinə, Azərbaycanda daxili siyasi sabitliyin və inkişafın təmin olunmasına, ölkəmizin dünyada mövqeyinin daha da möhkəmlənməsinə tam təminat verir. İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış strategiyasının Milli qurtuluşdan başlandığı və bu mənada, Heydər Əliyev siyasətinin davam etdirildiyi qeyd edilib.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova deputatları və media nümayəndələrini  15 iyun — Milli Qurtuluş Günü münasibəti ilə bir daha təbrik edib.» Bununla da Milli Məclisin iclası başa çatıb.

**************

“Çıxış edən deputatlar layihə barədə kəskin çıxışlar edir və sonra da deyir ki, çox mütərəqqi layihədir”.


Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Biz sovet vaxtı oxuyanda universitetdə bizə keçirdilər ki, pensiya ilk dəfə İngiltərədə tətbib olunub. Həmin pensiya 65 yaşında verilib və ölü pensiyası adlandırılıb. Allaha şükür ki, lağ elədiyimiz başımıza gəlib. Mən bu layihəyə səs verməyəcəm. Otursunlar işləsinlər də. I Qarabağ müharibəsinin iştirakçıları hələ də veteranlıq ala bilməyib. Nazirlər Kabineti yanında veteranlarla bağlı komissiya yaradılıb. Onların hələ də bir açıqlaması yoxdur. Mütəxəssislər dəvət olunsunlar və layihəyə bir də baxsınlar” — deputat vurğulayıb.


Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu qanun layihəsi III oxunuşda komitədə yenidən müzakirə olunsun: “Suallara aydınlıq gətirilsin”.


*********

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev əlillik təyinatı ilə bağlı 60 qanuna təklif edilən dəyişikliklərə münasibət bildirərək deyib ki, qanunlara dəyişiklik üçün təklif olunan layihələr bəzi suallar yaradır.


“Mən sual edirəm, qanunlara dəyişikliklər qəbul edildikdən sonra, bir insan II, III qrup əlil dərəcəsi almaq istəyirsə, onun orqanizminin neçə faizi fəaliyyətini itirməlidir? Bu məsələ qanun layihələrində yazılmayıb”, — deyə Q. Həsənquliyev əlavə edib.

Deputat Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikirlərini də tənqid edib: “Qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı Musa Quliyev dedi ki, dəyişikliklərdən sonra Azərbaycanda əlillərin sayı arta bilər. Bu gün isə deyir ki, ola bilsin artacaq. Mən isə deyirəm: «Azala bilər, ola bilsin ki, azalacaq. Məsələlər aydınlaşdırılmalıdır”.


Millət vəkili qeyd edib ki, bu qanun layihələrinin lehinə səs verə bilməz.


********

«Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin özü şəxsən Milli Məclisə gəlsin və suallara aydınlıq gətirsin».


Bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.


************


“Nazirliklə birlikdə bu qanun layihəsinin üzərində iş getməlidir. Deputatlara isə sənədlər paket şəklində paylanılsın. Keçmiş nazir Səlim Müslümovun vaxtında da pensiya ilə bağlı qanun layihəsini qəbul etdik. Hələ də həmin qanunun altını çəkirik. Təklif edirəm ki, Milli Məclisdə də bununla bağlı bir komissiya yaradılsın. Bu, çox ciddi qanun layihəsidir” — deputat vurğulayıb.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn həftə Milli Məclisin ən böyük iclas zalında bu qanunun III oxunuşda müzakirəsini təşkil edilsin: “Həmin iclasda aiddiyyatı nazirliyin nümayəndələri, hökumət üzvləri iştirak etsinlər. Yaranmış suallara da orada aydınlıq gətirilsin”.

Qeyd edək ki, bu təxribat xarakterli qanunun ərsəyə gəlməsində ən çox canfəşanlıq edən şəxs, məhz Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevdir. Bildiririk ki, onun yüksəlişi öncə Həkim Tibbi Ekspert Komissiyasında terapevt-həkim və daha sonra Fəzail Ağamalının sayəsində isə həmin HTEK sədri olmaqla başlayıb.


**********


Milli Məclisin iclasında deputat Siyavuş Novruzov müharibə veteranlarına verilən müavinətin məbləğini artırmağı təklif edib.


S. Novruzov xatırladıb ki, hazırda müharibə veteranlarına 80 manat müavinət verilir.

“Bu müavinətin məbləği müəyyən ediləndə, kommunal qiymətlər indiki kimi baha deyildi. İndi isə kommunal xərclər çoxalıb. Buna görə təklif edirəm ki, müharibə veteranlarının müavinəti 130 manata qaldırılsın”, — deyə S. Novruzov əlavə edib.


**********

“Qanuna dəyişikliklərdə deputatların təkliflərinin heç biri nəzərə alınmayıb. Ona görə də bu qanuna səs vermək çətindir”.

Bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.


“Bir seçicim mənə deyir ki, komissiyadan onun təqaüdünü sərt danışdığına görə kəsiblər. Məgər sərt danışmağa görə belə edərlər? Əmək və əhalinin sosial müdafiəsi naziri gəlib Milli Məclisdə pensiyalarla, əlilliklə bağlı məsələlərə aydınlıq gətirməlidir. Yeni qanunlar qəbul edilərkən Azərbaycanın öz durumu əsas götürülməlidir. İnsanları narazı salmadan təqaüdlərin müəyyənləşməsində obyektivliyi və yeni yanaşmaları tətbiq etmək olar. Faizlər necə hesablanacaq və həmin qurumlar kimlər olacaq, onlar yalançı pensiya verənlərdən fərqlənməyənə qədər mən bu qanuna səs verə bilmərəm” – deputat vurğulayıb.

Bu xəbəri paylaşın: