Orucov Qaçay Abbas oğlunun 11 Aprel 40 mərasimidir.
Allah rəhmət eləsin Qazi Qardaşımıza!
Məni ömrün yolunda çox ölümlər haxladı,
Nə əqidəm sarsıldı, nə inamım laxladı.
Çətin gündə dizlərim torpağı qucaqladı,
Mən əkinçi taleyi, xış ömrü yaşamışam,
(Zəlimxan Yaqub)
2020-ci il mart ayının 3-də I dərəcəli Qarabğ müharibəsi əlili, Şuşa şəhərinin fəxri vətəndaşı – əslində Azərbaycanın bütün şəhərlərinin fəxrlə öz vətəndaşı hesab edə biləcəyi bir insan – Orucov Qaçay Abbas oğlu son mənzilə təntənə ilə yola salındı. Bu həqiqətən möhtəşəm bir izdiham idi. Onun vida mərasiminə böyük bir ehtiramla çox saylı cəbhədaşları gəlmişdi. Qəhrəmanın dəfninin ona layiq bir şəkildə təşkilini Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsi öz üzərinə götürmüşdü.

Qaçay Orucov 1967-ci ildə Zəngilanda dünyaya göz açmışdı. Demək olar ki, əsasən Ermənistanla həmsərhəd olan Zəngilanın səfalı havasından udaraq, suyundan içərək böyüyüb boya-başa çatmışdı. Onu ailədə zəhmətsevər və vicdanlı tərbiyələndirmişdilər. Bu səbəbdən məlum hadisələr başlayanda Rusiya Federasiyasında yaşamasına baxmayaraq Vətənin ağır günündə geri döndü. Xocalı hadisəsinin təsirindən sarsılaraq Ağdam cəbhəsinə könüllü olaraq getmişdi. Ağdamda, Laçında, Ağdərədə ağlagəlməz çətinliklərlə üzləşərək var gücü ilə irəliləyirdi. qisas hissinin yanğısı onu döyüşdən –döyüşə aparırdı.
1992-ci ilin fevralı-Xocalı faciəsindən sonra dözə bilməyən Qaçay birbaşa Şuşa Batalyonuna getdi. Oradan başlanan yol ən qaynar nöqtələrdən keçdi. Laçın uğrunda döyüşlərdə ağır yaralandı. Amma, Qaçay geri dönmür, inadla irəliləyirdi. Gözünü qan örtmüş, qisas almayınca çəkilmək, sakitləşmək bilmirdi. Əvvəlcə 816, sonra 742 saylı hərbi hissələrdə Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşdü. Daha sonra 771 saylı hərbi hissəyə rota komandiri gönərildi. Fədakarlıqla döyüşür, yoldaşlarına nümunə idi. İntizamlı, bacarıqlı və rəşadətli döyüşçü idi. 08.05. 1992-ci il Laçın döyüşləri onun üçün son döyüş oldu. O, şəhidliyin bir addımlığında ölümlə üz-üzə gəldi…
Ölüm onu əsla narahat etmirdi. Şəhidlik düşüncəsini də xəyalına gətirmirdi. Yalnız azğın faşistləri məhv etməkdən, onları yerində otuzdurub layiqli cəzalarına çatdırmaqdan başqa istəyi yox idi. Hərbi təcrübəsi olduğundan komandanlıq ona daim etimad edirdi. Sonra özü komandanlıq postuna təyin edildi. O, mahir döyüşçü, əla komandir, dəyərli vətəndaş idi. Əsl hərbçi keyfiyyətləri tam olaraq üzə çıxdı. Rəhbərlik ondan çox şey gözləyirdi. amma, döyüş –döyüşdü, həmişə fəlakarlıq istər.
Şuşa şəhərinin müdafiəsində son damla qanına qədər vuruşaraq demək olar ki, sağlamlığını tam itirdi.

Qəhrəman müdafiəyə görə 06 fevral 1993-cü ildə ona «Şuşa şəhərinin fəxri vətəndaşı» kimi fəxri ad verildi.
Qaçay sağ qaldı… Lakin, uzun illər reabilitasiya keçməli idi.
Ali Baş Komandanın «Atəşkəs» əmrini qospitalda eşitdi. Artıq Qaçay Orucov döyüş və əmək qabiliyyətini itirərək Ordudan tərxis edilmişdi və reabilitasiya dövrü keçirdi.
Bu gün ən böyük təsəllimiz budur ki, Qaçay bu günləri gördü. Atəşkəsdən sonrakı dövrün yeniliklərini, xalqımızın qismən də olsa öz yaralarını sarıyaraq ona dəymiş zərbələri dəf edə bildi. Ölkə inkişafa doğru istiqamət aldı. Onların xoşbəxtliyindən Qaçaya da nəsib oldu.

Təəsüf ki, məcburi köçkünçülüyün nəticələri tam aradan qaldırılmadı və uğrunda canın fəda etdiyi Zəngilanın azadlığını görmək arzusu ilə dünyasını dəyişdi:
Məyus olma, amandır,
Məyus olmaq yamandır!
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır! (M. Hadi)
«I dərəcəli Müharibə əlili» statusu verilmiş, avtomobil və mənzillə təmin olunmuşdu. Amma, bunlar Qaçayı xoşbəxt etmirdi. O qədər qürurlu idi ki, döyüşdə yaralanaraq əlil olmasını özünə bağışlaya bilmirdi. Düşünürdü ki, Allahın igidə verdiyi təpər və bilək qədər insanı heç bir mükafat xoşbəxt edə bilməz.
Vida mərasimi martın 3-də keçirilirdi. Qardaşı Məhərrəmə başsağlığı verdim … və həqiqətən sarsıldım.
Əvvəla, son dərəcə yüksək səviyyədə təşkil olunmuş vida mərasimi məni çox mütəəsir etdi. AVMVİB Zəngilan rayon şöbəsi öz şərəfli döyüş yoldaşını son mənzilə əsl şəhid kimi yola saldı. Şərəfinə fəxri qaravul düzüldü. Cənazəni dualarla «Şəhidlər Xiyabanı»na qədər matəm marşının sədaları altında müşayət etdilər. Onu torpağa tapşırdilar. Beləcə Vətən öz şanlı oğlu ilə vidalışdı.
Qaçayın təvəllüdünü ilk dəfə görüb daha da təsirləndim: 1967-2020. Məhərrəmə deyəcəyim sözlər qəhərə qarışıb boğazıma tıxandı. Deyə bilmədiyim sözləri bu vərəqlərə köçürərək Məhərrəmə demək istəyirdim ki, kədərinə şərikəm. Cəmi 53 il yaşamasına baxmayaraq çox böyük bir ad qoydu. O, təkcə evdən getmirdi, həm də eldən gedirdi. Onu təkcə ailəsi deyil, Şuşa da, Bakı da, Zəngilan da itirmişdi. Həyatını, sağlamlığını, gəncliyini amalı uğrunda fəda etmişdi…
Qaçayın boş yeri bizi hələ uzun illər incidəcək.
Bu vida yazısını hazırlayarkən ŞAMƏVM İB-nin hüquqşünası Dilbər xanım Ağayeva mənə çox dəstək oldu. Qaçayın qısa və mənalı ömrünün dolğun anları ilə onun təqdim etdiyi sənəd və materiallar vasitəsilə daha yaxından tanış oldum. Onun məlumatlarından Qaçaya görə sinəm qubarlansa da, bu qiymətli məqalənin yığılmasına da yardım etdi.
O hadisələrdən bizi çox illər ayırır. Bu gün Qaçay aramızda yoxdur. Onu yaşadığı şərəfli həyatın şərəfli və məntiqi sonu olaraq əsl şəhid kimi Şəhidlər Xiyabanında torpağa tapşırdılar…
Əziz xatirəsi uzun illər onu sevənlərin qəlbində qalacaq. Qaçay sağlığında öz abidəsini uculdanlardandır.

Allah dərgahında şəhidin mərtəbəsi ucadır. I dərəcəli Müharibə əlili, bir Zəngilanlı, həmçin ilahiyyaçı kimi onu çox yaxından duyuram. Bütün dini mərasimlərdə və tədqiqatlarımda bir ilahiyyatçı və tədqiqatçı kimi şəhidlik zirvəsinin bütün xırdalıqlarına varmağı özümə borc bilirəm və icra edirəm.
Buzovna Cümə Məscidinin axundu Hacı Soltanın bu istəklə yazdığı «Cənnətə dəvətdi şəhidlik» şeirinin bu son bəndi ilə sözümüzü yekunlaşdırmaq istəyirik.
Soltanə əgər qismət ola qoy şəhid olsun,
Boş arzu deyil, cənnətə dəvətdi şəhidlik!
«Vətəni sevmək imandandır!». Onun yolunda candan keçmək Allahın əzizləri ilə bir mərtəbədə yanaşı durmaq şərəfinə nail olmaq deməkdir. Allahdan Qaçay Orucova rəhmət, əzizlərinə və yaxınlarına səbr diləyrik.
Yeri behişt olsun! Amin!
Hazırlayanı : İslamşünas, tədqiqatçı –publisist Hacı Həsən Hüseyni

P.S. Azad Musayev: Dəfn Xərclərini Qazinin Ailəsi çəkib. AVMVİB Zəngilan rayon şöbəsi olaraq Biz Mərhumu Dəfnə layiq olduğu kimi hərbi formada götürdük
