
ELŞAD BARAT
Elə baxma şəkildən,
Dayanır zaman, şəhid.
Təbəssümü yandıran,
Baxışı donan şəhid.
ŞƏHİD
Şəhid Nurlan Atakişiyevə
Elə baxma şəkildən,
Dayanır zaman, şəhid.
Təbəssümü yandıran,
Baxışı donan şəhid.
Deyim sənə, biləsən,
Laçında dayanmışıq,
Müharibə bitibdi,
Qələbə qazanmışıq.
Qazanmışıq sən şəhid,
Olduğun o torpağı,
Dalğalanır Şuşada,
Azərbaycan bayrağı.
Elə baxma şəkildən,
Gülüşü itən şəhid,
Atası qazi şəhid,
Anası vətən şəhid.
Sən qələbə sevinci,
Həm də göz yaşı oldun,
Zəfər şəhidlərinin,
Kiçik qardaşı oldun.
Sənə söz verirəm mən:
Bu şəklini böyüdüb,
Həmişə saxlayacam,
Elə baxma şəkildən,
Bu saat ağlayacam.

MƏN SƏNİ TANIYIRAM
Şəhid Əkbər Hüseynliyə
Mən səni tanıyıram,
Zəfər, qələbə şəhid.
Mən səni tanıyıram,
Salam, tələbə şəhid.
Soy adın Hüseynli,
Adın da Əkbər sənin,
Vətən məhəbbətindən,
Qiymətin zəfər sənin.
Kağız diplomu alan,
Çoxdu, neçə nəfərdi.
Amma sənin diplomun,
Şuşadı, Kəlbəcərdi.
Tanrı bütün dağların,
Taleyini tən yazıb,
Ayaq izin Murovda,
Qar üstə «vətən» yazıb.
Yazıb itgin dedilər,
Gizlədi zaman səni,
Bircə günə bir ömür,
Gözlədi anan səni.
Mən səni tanıyıram,
Cənnətin güllərindən,
Mən səni tanıyıram,
Kərbəla çöllərindən.
Tanıyıram, əbədi
Yadda qalan birisən,
Birdən birə böyüyüb
Vətən olan birisən.
Mən səni tanıyıram,
Torpağın canındasan,
Atanın yuxusunda,
Tanrının yanındasan.

