103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yaranıb.
Bunun ardınca orduya çağırış haqqında fərman verilib.
Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.
Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər — İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub.
Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib. 1992-ci il oktyabrın 9-da Bakının Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib…
Bu gün Ordumuzun 103 yaşı tamam olur. Bu böyük və şanlı səhifələrlə dolu bir tarixdir. Bu münasibətlə bütün xalqımızı, qəlbi daim Ordumuzla döyünən insanlarımızı, keçmiş döyüşçüləri və şəhid ailələrini təbrik edir və hər kəsə Zəfər müjdəsini yetirən Ordumuzun şanı daim uca olsun, deyirik.
Azərbaycanın şanlı ordusuna eşq olsun!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidməti
