Görkəmli yazıçımız Sabir Əhmədlinin 91 yaşı tamam olur…

Böyük Azərbaycan yazıçısı Sabir Əhmədlinin doğum günüdür. Qəlbi Qarabağ eşqiylə çırpınan Xalq yazıçısı Sabir Əhmədli, həm də şəhid atası kimi hər bir döyüşçü üçün əziz və doğmadır və müqəddəsdir. Vətən bu cür kişilərin sayəsində Vətən olur, Yurd olur.


Böyük yazıçının qardaşı da döyüşçüdür və Cəmil Əhmədov II Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb.


Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. 1951-ci ildə ADU-nun filologiya fakultəsini bitirmişdir.


1951-1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955-1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdi. «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləmişdir.


1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.


Ədəbi fəaliyyətə 1951-ci ildən «Pioner» jurnalında çap olunan «Poçtalyon» hekayəsi ilə başlamışdır.


1961-ci ildə onun «Bir payız axşamı» kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.

Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — «Qarabağın gecikmiş yazı», «Qarabağın qarlı səngərləri» «Ədəbiyyat və incəsənət» qəzetinin 1992-1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.


Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.

Qələmini süngüyə çevirən, əqidə admı Sabir Əhmədli kimi şəxsiyyətlər tarix üçün doğulurlar və belə insanlar əbədiyyət yolçuları sayılırlar.


Bu əbədiyyət yolundakı 91-ci iliniz mübarək, Böyük Ustad!


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: