Vətən sizə minnətdardır, əziz şəhidlərimiz

Ağdərənin Həsənriz (Aterk) kəndinin müdafiəsi zamanı şəhid olmuş hərbçilərimizin ildönümüdür.


Ağdərənin Həsənriz (Aterk) kəndinin müdafiəsi zamanı hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıqlar hərb tariximizin şanlı səhifələrindəndir. Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin 38 nəfər döyüşçüsü bu kəndin müdafiəsi zamanı mühasirəyə düşməsinə baxmayaraq, düşmənə təslim olmamış, sonadək vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişlər.

Bakıdakı Şəhidlər Xiyabanda “Qardaşlıq məzarı”nda dəfn edilmiş və 38 nəfər döyüşçünün şərəfinə ucaldılan qəbirüstü abidədə şəhid döyüşçülərimizin adları qeyd olunmuşdu. Yeni abidədə isə adlar yoxdur.

Şəhid döyüşçülərimiz haqqında məlumatları həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytından əldə etmək olar.


Xatırladaq ki, Birinci Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itgin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.


Hərbi əməliyyatlara Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri qatılmışdır.
Vətən müharibəsinin birinci saatlarında Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi işğaldan azad edilmişdir. Murovdağ döyüşləri zamanı «Pələng» və «Şahin» Xüsusi Təyinatlı Dəstələri savaşmışdır. Şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olmuşdur.


Müharibənin birinci həftələri ərzində ən şiddətli döyüşlər Cəbrayıl və Füzuli istiqamətlərində olmuşdur. «Bəbir», «Əqrəb» və «Kobra» Xüsusi Təyinatlı Dəstələri həm Cəbrayıl, həm də Füzuli istiqamətlərində gedən döyüşlərdə, «Gürzə» XTD yalnızca Füzuli, «Pələng» XTD isə yalnızca Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə savaşmışdır.

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin 13 hərbi qulluqçusu, o cümlədən «Əqrəb» Xüsusi Təyinatlı Dəstəsinin Qrup Komandiri Türay Hüseynli şəhid olmuşdur. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbərlərindən olan «Əqrəb» XTD Komandiri, mayor Ələsgər Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən «Qarabağ» ordeni ilə təltif edilmişdir.


44 günlük Vətən müharibəsi zamanı da Daxili Qoşunlar öndə yer aldı. Ən şiddətli döyüşlərin olduğu Füzuli istiqamətində Daxili Qoşunların «Bəbir», «Əqrəb», «Gürzə» və «Kobra» Xüsusi Təyinatlı Dəstələri savaşmışdır. Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin 13 hərbi qulluqçusu, o cümlədən «Bəbir» Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, mayor Şixamir Qaflanov şəhid olmuşdur. O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilmişdir. Həmçinin Füzuli şəhərinin işğaldan azad edilməsində xidmətlərinə görə «Gürzə» Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Cavid Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən «Qarabağ» ordeni ilə təltif edilmişdir.


Allah şəhidlərimizə rəhmət eləsin!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədrinin müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: