Şeyxin bəyanat, Xameneinin fətva verməkliyi və fətva ilə donuzların darıdan çıxmaqlığı

Bizim «vicdanın nə olduğunu bilməyən» şeyximiz ayda-ildə bir söz danışar, onu da «fətva» eləyib özünə qarşı istifadə edərlər. Bu dəfə də lap gül vurdu.


Allahşükür Paşazadə bu dəfə dedi ki, qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var: “Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xomeneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı. Dövlət başçımız İlham Əliyev cənablarına və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Allahdan diləyirəm ki, bundan sonra bizi müharibələrə, əziyyətlərə düçar eləməsin, dünyada sülh yaransın”.


Doğrusu Allahşükür Paşazadənin bu dediklərini oxuyanda yadımı düşən ilk şey bir lətifə oldu. Şeyxin bir mollası pul alıb onun-bunun dədəsinə «Fatihə» oxuyar və yekunda da deyərmiş ki, «Allah sənin də, mənim də dədəmə rəhmət eləsin!» Sifarişçilərdən biri bu sözləri eşidib yenidən pul çıxarıb verir və deyir: «Molla al bu pulu, «Fatihəni» yenidən oxu. Amma sonda öz dədəni mənim dədəmin yanına soxma»…


İndi yoldaş Paşazadənin «qırmızı xətti Ermənistan olan bir İranı, Türkiyənin yanına soxuşdurmaq» istəməsi görəsən kimin sifarişidir?


Öncə bildirim ki, 90-cı illərin fəal gənclərindən olsam da, şeyxin varlığından 1989-cu ilin sonunda xəbər tutmuşam. Daxildə Vəzirova qarşı mübarizə aparan qrupların yanında yer almışdı. 20 Yanvar qırğınında tam dini lider kimi xalqa sırındı və qəbul etdirildi.

Şeyxülislam Allahşükür Paşazadənin 20 Yanvara etiraza qalxaraq, SSRİ Xalq deputatı mandatından imtina etməsini Mixail Qorbaçova və SSRİ rəhbərliyinə qarşı cəsarətli bir demarşı kimi qəbul edildi. Amma bu gündən baxanda SSRİ represiya maşını, xüsusən də KQB-nin (DTK) niyə susduğunu anlamaq asandır.

Hələ üstəlik, Şeyx SSRİ rəhbərliyini bu qanlı qırğına görə lənətlədi. Az keçmədən daxili çəkişmələr növbəti siyasi böhrana səbəb oldu. SSRİ-nin çöküşündən sonra Allahşükür Paşazadə Əbülfəz Elçibəyin və Xalq Cəbhəsinin yanında yer aldı. Növbəti yıxım həyata keçirildi. Mütəllibov hakimiyyəti devrildi. Az vaxtdan sonra isə Elçibəyin devrilməsinə start veriləndə isə qiyamçı Surət Hüseynovla, daha sonra isə separatçı Ələkrəm Hümbətovla təmas qurdu. Hətta qiyamçı Hümbətovla olan fotolarını sosial şəbəkədən yığışdırdıqdan sonra QMİ sədri bir açıqlama verdi ki, Əlikram Hümbətov bir vaxt ona Lənkəranın şeyxi olmasını təklif edib: «Dedim, başın xarabdı, mən bütün Qafqazın şeyxiyəm. Fəxrəddin Abbaszadə, Əlikram Hümmətov kimi insanlar satqın, xaindirlər. Biz moizələrimizdə belə məsələləri də nəzərə çatdırmalı, bizə qarış təbliğat aparanlara sözümüzü deməliyik».

Əslində isə Ulu öndər H. Əliyev ölkədə yaranmış siyasi böhranı səbrlə aradan qaldırmaq üçün tədbirlər həyata keçirməyə başlamışdı. Göründüyü kimi Azərbaycanda qanuni hakimiyyətlərə qarşı yıxım proseslərində və qiyamçı Köçəryan istisna olmaqla, bütün qiyamlarda yaxın əlaqələr qura bilib. Erməni separatizminə yaxın olan Ayətullalara xidmət, elə erməni separatrizmini və faşizmini dəstəkləyən bu şəxslərlə birgə olmaq elə onlarla birgə olmaq deməkdir. Bu gün də Qarabağ separatçılarına dəstəyini əsirgəməyən İranın mahiyyətini və xislətini Azərbaycan xalqı cənubda və şimalda tam çılpaqlığı ilə gördü. Onlar din qatrdaşlarına xəyanət edən Lənətulla olduqlarını gizləmədikləri halda, Siz niyə təşəkkür etdiyinizə bir «fətva» uydurun. Bəs bu gün şeyxi kim danışdırır?


Bu gün Ali Baş Komandan cənab İlham Əliyevi hədəfə alacaq qədər həyasızlaşan 5-ci kolon nökərləri və erməni əsilli fetöçülər yaranmış stabilliyi pozmaq, qalib xalqı ruhən əzmək və ermənilərin qisasını almaq uğrunda aktiv fəaliyyətə keçiblər. Zaman-zaman içimizə yerləşdirilmiş bu xainlərin tək hədəfi kimsənin ağlına gəlməyəcəyi bir üslubda, həm hərbi, həm də siyasi uğura imza atan bir Liderin ətrafında yaranmış birliyimizdir. Xaos planları üçün yetişdirilmiş bu adamlar, həm xaricdə, həm də daxildə fəallaşıblar. Nədənsə Şeyxin son bəyanat və açıqlamaları bu olmuşları mənə xatırlatdı. Amma unutmayın ki, fəaliyyətdə olan ordudan qismən istifadə edərək Zəfərə imza atan bir Komandanın ətrafında yüz minlərlə əsgəri var. İşləri yalnız boş-boşuna danışmaqdan və hər şeyə qulp qoymaqdan ibarət olan bu adamlar tarixin bir daha açılmayacaq arxivlərinə verilməlidirlər.


30 ildir ki, müdrik xalqımız deyirdi: «Dua oxumaqla, donuz darıdan çıxmaz». Amma sən demə, donuz darıdan fətva ilə çıxarmış. Fars molla rejimi isə «silahı erməniyə, fətvanı isə bizə verib». Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bu gopalogiyasına “Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneinin fətvası Xameneyinin silahını məğlub edib”-deməsi, yenə «ərköyün» mollaların xatirinə dəyib. Bu fars soysuzları, bu topa saqqal dükcələri, nədənsə Azərbaycanın varlığını illərdir həzm edə bilmirlər. 40 milyonluq Azərbaycan türkünə dil, təhsil tanımayan molla rejimi fərd olaraq sizi lənətləyirəm və o cümlədən də bizim adımızdan sizin kimi din düşmənlərinə təşəkkür edənlərə etirazımı bildirirəm.

Azərbaycan 40-45 milyonluq türkə nifrət bəsləyən bu fars molla rejimi öz siyasətinə yenidən baxmalıdır. Qırmızı xətti Zəngəzur olan İran bilməlidir ki, hər bir türkün pozulmuş hüququ bizim qırmızı xəttimizdir. Bir də maraqlı bir geostrateji məkanda yaşayırıq. «Asqıranda Rusiyanın, öskürəndə isə İranın xatirinə dəyir. Şeyximiz də elə bu iki ölkənin arasında pələsəng olur. Bilmir ki, «fətva» versin, yoxsa «raport» versin…


Sonda bir rəsmi kəşfiyyat məlumatlarını əlavə edirəm. Son günlər Kəlbəcər rayonu istiqamətində düşmən təxribatları intensiv xarakter alıb. Erməni və rus mənbələri 11 nəfər öldürülmüş leşin yalnız 3-nə sahiblik etdi və qalanlarının muzdlu olması barədə məlumat yaydılar. Xatırladaq ki, 2021-ci ilin may ayında İranın bir qrup yüksək rütbəli hərbçisi Ermənistana gəlmişdi. Ermənistan mətbuatı İrəvanın “Zvartnots” hava limanında enən təyyarədən 10-a yaxın yüksək rütbəli zabitin düşdüyünü yazmışdı. Erməni tərəfi itkilərlə bağlı məlumat verdiyi gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Əhməd Qureyşinin Suriyada öldürüldüyü təsdiqləndi. Hələ üstəlik İran dəstəkli Hizbullahın səhra komandiri İmad əl-Amin Suriyanın qərbində ölməsini xəbər verildi. Tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov, bu qarşıdurma nəticəsində bir Azərbaycan və 11 erməni hərbçinin öldürüldüyü barədə məlumat yaymışdı. Daha sonra isə müxalif erməi mətbuatı bu ölülərdən 7 nəfərinin muzdlular olmasını informasiya məkanına sızdırdılar. İranlı generalın və səhra komandirinin ermənilərlə eyni gündə ölməsi faktı ortadadır…

Həm də məlum 26 iyulda Suriyada heç bir insident qeydə alınmayıb. Bu barədə Suriyada ağalıq edən Rusiyanın rəsmi məlumatında deyilir: «Son bir gündə (26 iyul 2021-сi il) İdlib deeskalasiya zonasında» Cəbhət ən-Nusra «terror qruplaşmasının mövqelərindən 29 hücum faktı qeydə alınıb (Suriya tərəfinə görə 26 hücum daxil olmaqla). İdlib əyalətində 14, Latakiya əyalətində 9, Hələb əyalətində bir, Hama əyalətində 5 hücum qeydə alınıb. Bunu RİA Novosti agentliyi xəbər verib və heç bir itki haqqında məlumat verilməyib. Xüsusən də iki yüksək rütbəli şəxsin ölümü barədə mütləq məlumat verilərdi. Erməni dəstəkçisi Süleymaniyə «şaxsey-vaxsey» gedənləri də alıb yanınıza bu generala da bir «Fatihə» püskürtsəniz lap İran Şeytanullalarının xoşuna gedərdi.


Bəli, bizim Şeyximiz təkcə qocalmayıb, həm də köhnəlib. Artıq Karlovı Varıdakı «hücrədə» oturub qəbul olunmayacaq dualara «Amin!» deməsi daha məqsədəuyğundur. Onsuz da 30 ildə tarladan dua ilə bircə donuz çıxara bilməməsini daldalamaq üçün, İran Ayətullasından «borca aldığı fətva» da bir kara dərman olmadı. Azərbaycanın qəhrəman əsgəri cəsur Komandanın əmriylə tarlalarımızı azad elədi və Allah bizim xalqın səsini eşitdi. Qoy Xamenei din qardaşları üçün fətva verib elə İranda öz dillərində məktəbərin açılmasına başlasın. Yoxsa Azərbaycan türkü fətva versə, İran deyilən qondarma xanədanın daşı daş üstündə qalmayacaq…


P.S. Şeyx Şuşadan qayıdıb, SŞA-ya gedir…

Qeyd: «Fətva» sözü hökm, qanun anlamında işlədilir…

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: