Azərbaycan-Ermənistan sərhədində gərginlik: Rusiya «atəşkəsə təşəbbüs edib»

Video açılmırsa, YouTube-dan izləyin.

Ermənistan Müdafiə Nazirliyinin «yoxlanılmış məlumatına görə», Ermənistan və Azərbaycana silahlı qüvvələri bölmələri arasında çərşənbə günü atəşkəsin pozulması nəticəsində 4 erməni hərbçi yaralanıb.

Daha əvvəl verilən məlumata əsasən, tərəflər arasında atışma nəticəsində bir zabit və iki sıravi əsgər həlak olub, Ermənistan MN bildirib.

Azərbaycan da iki hərbçisinin yaralandığını açıqlayıb.

Tərəflər arasında atəşkəs çərşənbə gününə keçən gecə pozulub.

Azərbaycan və Ermənistan atəşkəsin pozulmasında bir-birini ittiham edir.

Rusiya təşəbbüsü ilə atəşkəs:

Ermənistan Müdafiə Nazirliyindən alınan məlumata görə, hazırda Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminə ümumiyyətlə əməl olunur.

«Rusiya Federasiyası sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan qoşunlarının şimal-şərq istiqamətində təmas xəttində əldə olunmuş atəşkəs rejiminə hazırda ümumiyyətlə əməl olunur,» — məlumatda deyilir.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, «Azərbaycan tərəfinin təxribatı nəticəsində başlanmış döyüş əməıliyyatları zamanı yüngül odlu silah və minaatanlardan istifadə edilib, lakin Ermənistan SQ bölmələri minaatanlardan Azərbaycan tərəfinin həmin silah növündən atəşinə cavab olaraq istifadə edib».

Məlumata əsasən, təmas xətti dəyişməz qalır və «vəziyyət Ermənistan SQ bölmələrinin nəzarəti altındadır,»- qurum açıqlayıb.

Ermənistan mediası atışmanın davam etdiyini yazır.

Azərbaycan Müdafiə Nazirliyi bir neçə saat əvvəl yaydığı son məlumatda bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünü qəbul etsələr də, «Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqeləri atəşə tutmaqda davam edir». 

Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, iyulun 28-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Nəticədə Azərbaycanın iki hərbi qulluqçusu — Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb, nazirlik bildirib.

Ermənistan Müdafiə Nazirliyi isə baş leytenant Hayk Gevorqyan, sıravilər Koryun Harutyunyan və David Koçaryanın həlak olduqlarını bəyan edib.

Mənbə: BBC

Bu xəbəri paylaşın: