Azərbaycan Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarının söndürülməsi üçün yardım göndərib.
Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub.
Cümə günü Türkiyə Prezidenti Azərbaycandan yanğınsöndürən təyyarənin gözlənildiyini bildirib.
«Bir az əvvəl apardığımız danışıqlar nəticəsində Azərbaycan da bir amfibiya təyyarəsini göndərəcək və bununla da təyyarə sayı 6-7-yə çatacaq», — Recep Tayyip Erdoğan deyib.
Azərbaycandan Türkiyəyə həmçinin yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola düşüb. Bu barədə Fövqəladə hallar nazirinin müavini bildirib.
Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib ki, əlavə olaraq Türkiyəyə yaxın zamanda nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, digər lazımi avadanlıq və ləvazimatlar çatdırılacaq.
«Azərbaycandan iki helikopter və 500 nəfərdən artıq canlı qüvvə və 50-dən artıq texnika hazır vəziyyətdədir,» — APA agentliyində Etibar Mirzəyevin sözləri iqtibas olunur.
Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərtac-a bildirib ki, Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib, ən qısa zamanda yardım dəstələri Türkiyəyə gedəcək.
