«Türkiyə olaraq yanğınları aradan qaldırmaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu gün Azərbaycandan gələn yanğınsöndürən qardaşlarımızla birlikdə çalışdıq. Böyük fədakarlıq göstərdilər. Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına qardaş yardımı üçün təşəkkür edirik»
Bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirinin müavini Fatih Metin deyib.
Qeyd edək ki, Türkiyə günlərdi davam edən meşə yanğınları ilə mübarizə məqsədilə Avropa İttifaqından (Aİ) yardım istəyib.
Məlumatı Aİ Komissiyası açıqlama verərək təsdiqləyib.
Açıqlamada bildirilib ki, Türkiyə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini hərəkətə gətirib. Aİ Komissiyası təcili olaraq İspaniyadan 2, Xorvatiyadan isə 1 «Canadair» təyyarəsinin göndərilməsi üçün hərəkətə keçib. Yanğınsöndürmə təyyarələrinin «rescEU» adlı Avropa mülki müdafiə aktivləri içində yer aldığı vurğulanıb.
«Aİ Fövqəladə Müdaxilə Koordinasiya Mərkəzi Türkiyə hakimiyyəti ilə müntəzəm təməsdadır», — deyə məlumatda deyilir.
Xatırladaq ki, PKK ilə bağlı olan “Alov uşaqları” terror təşkilatı Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürüb.

