Jirikin növbəti sərsəmləməsi Azərbaycan xalqını hiddətləndirib

Bu gün Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.

Görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Jirik adəti üzrə qələtini anlayaraq, «tüpürdüklərini yalayıb».

Rusiya Dövlət Dumasının vitse-spikeri, LDPR sədri Vladimir Jirinovski Azərbaycan prezidenti İlham Əliyevi müdrik lider hesab etdiyini deyir. Jirinovski bu açıqlama ilə rəsmi Bakının onun daha əvvəlki yersiz və qeyri-etik çıxışına cavab olaraq Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinə təqdim etdiyi etiraz notasına münasibət bildirərkən çıxış edib.

Qalmaqallı siyasətçi deyir ki, onun öz fikrini ifadə etmək haqqı var. Və o, Azərbaycan prezidenti İlham Əliyevi yüksək qiymətləndirir və müdrik rəhbər hesab edir.

“Mən İlham Əliyevi də, onun atasını da tərifləmişəm”,-o deyib. Jirinovski onun çıxışına görə nota verilməsini anlamadığını deyib və özünəxas populist manerada deyib: “Bakıya toxunmayacam, etiraz notası olar. Ermənistana toxunmayacam. Ümumiyyətlə, hamı susub onları tərifləməlidir?”.

Bu xəbəri paylaşın: