Bir qazi Kamil vardı… Var olsun!

Ölüm bir körpüdür, dostu dosta qovuşdurur. (Hz. Məhəmməd S.a.v)


Torpaqdan gəldik, Vətən torpağına döndük. Şəhid qanlarıyla yoğrulmuş Vətənimiz uğrunda döyüşlərin iştirakçısı olan qardaşımızı-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinovu amansız koronavirus sıralarımızdan aldı.


Kamil Şirinov 11 avqust 1964-cü ildə İmişli şəhərində anadan olub. Ali təhsilli idi. Kamil Şirinov Qarabağ savaşının ilk könüllülərindən olub.


1991- ci ildə Birinci Şıx batalyonunun tərkibində Şuşa, Xankəndi, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Atəşkəs elan olunduqdan sonra 1994-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaradanların sırasında yer alıb. AVMVİB İdarə Heyətinin 5 üzvündən biri olub. Veteran hüquqlarının bərpasında daim fəallıq göstərib. Birlik üzvlərinin hər birinin problemiylə fərdi qaydada maraqlanar və yardımçı olmağa çalışardı.


AVMVIB sədrinin 1-ci mūavini olmaqla yanaşı, gənc nəslə hərbi sirləri öyrətmək üçün orta məktəbdə hərbi rəhbər işləyib və Xırdalan Şəhər Bələdiyyəsinin ūzvū olub. Onun yorulmaz fəaliyyəti 44 günlük Vətən müharibəsi günlərində də davam edib. Günlərlə maddi və mənəvi yardımlarla əsgərlərimizin yanında olub. Döyüşlər bitdikdən sonra cəbhədən yaralı qayıtmış qazilərimizin yanında yer alıb. Kamil Şirinov bu yolda yorulmadan çalışıb. Onun bu xidmətləri öndə olan hərbi hissə komandanlığı tərəfindən və AVMVİB tərəfindən Fəxri fərmanlarla, Xatirə medallarıyla təltif edilib.


Bu gün, məhz bu yorulmaz fəaliyyətinin nəticəsi olaraq II dərəcə Vətən Müharibəsi əlili, qazimiz Kamil Şirinovun ölüm xəbəriNİ 80 minlik veteranlar ordusu çox ağrıyla qarşıladı. Bizlərə ən əziz olanımızı itirmişik.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!


Doğulanda yəqin ki, hamı kimi sən də ağlamışdın, hər kəs bayram etmişdi. Ölümünə hər kəs ağladı, sən inanclı biri kimi cənnət girişini bayram edəsən.


Başın sağ olsun, Vətən!


Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: