Türkiyə tarixçiləri yazırlar ki, 1734-cü ilin yanvarında Nadir xan Əfşar güclü bir ordu ilə Bağdad ətrafına gəldi və vali Əhməd paşaya elçi göndərərək tələb etdi ki, Tiflis, Gəncə və Rəvan şəhərləri geri qaytarılsın. Əhməd paşa Nadir xana söz verdi ki, onun bu tələbini hökumətə çatdıracaq. Amma cavab üçün ondan üç ay vaxt istədi. Problemin sülh yolu ilə həllinə ümid edən Nadir xan geri döndü. Lakin Osmanlı dövləti məsələ ilə bağlı fərqli qərar verdi. Nadir xanın tələbi kəskin şəkildə rədd edildi. İran səraskəri Abdullah paşa Köprülüzadəyə (1684–1735) tapşırıldı ki, Bağdad şəhərinin müdafiəsi gücləndirilsin.
Görünür, Nadir xan Əfşar həqiqətən də müharibə istəmirdi. Belə ki, o, Sultan I Mahmuda (1696–1754) və vəziri əzəm Əli paşa Həkimoğluna (1689–1758) daha iki məktub göndərərək xahiş etdi ki, sülh müqaviləsi bağlansın və hərbi qarşıdurmaya son qoyulsun. Nadir xan bu məktublarında özünün də türk olduğunu, Osmanlı xanədanı ilə onun ailəsi arasında qohumluq bağlarının mövcudluğunu vurğulamışdı.
Vəziri əzəm Əli paşa Nadir xanın müraciətinə müsbət yanaşıb ona gözəl və nəzakətli bir cavab yazdı. Kim bilir, bəlkə də Əli paşanın məktubu Nadir xana yetişsəydi, iki qonşu və əslində, qardaş dövlət arasında münasibətlər düzələcəkdi. Amma tarix “belə olsaydı, elə olardı” fikrini qəbul etmir. İran səraskəri Abdullah paşa Köprülüzadə Əli paşa Həkimoğlunun sülhsevər siyasətini yersiz sayaraq onun məktubunu geri qaytardı.

1735-ci ilin sonunda Əli paşanı vəzifəsindən kənarlaşdırdılar. Bununla da Nadir xanın barışla bağlı arzu və istəklərinin üstündən xətt çəkildi. Artıq onun qarşısını heç nə ala bilməzdi. Hərbi əməliyyatlara başlayan Nadir xan Əfşar tezliklə sözügedən vilayət və şəhərlərin hamısını ələ keçirdi. Abdullah paşa Köprülüzadənin ordusu ağır məğlubiyyətə uğradı, onun özü isə savaş meydanında həlak oldu.
Bəzən belə bir fikir səsləndirilir ki, Osmanlının Səfəvilərlə və Əfşar dövləti ilə problemlərinin əsas səbəbkarları İslam dinini sonradan qəbul etmiş və imperiyanın idarəetmə sistemində yüksək vəzifələrə çəkilmiş qeyri-türklər – yunanlar, bolqarlar, serblər və digərləridir.
Bu ehtimal həqiqətəuyğun kimi görünə bilər. Belə ki, səraskər Abdullah paşa Köprülüzadə alban (arnavut) əsilli idi. Amma qeyd etməliyik ki, həmin iddia bir qədər mübahisəlidir. Məsələ ondadır ki, qızılbaşlarla sülh müqaviləsinin bağlanması üçün əlindən gələni etmiş və bu cəhdinə görə cəzalandırılmış Əli paşa da etnik türk deyildi. Bu şərəfli vəziri əzəmin atası İslam dinini sonradan qəbul etmiş Nuh adlı venesiyalı (italyan) idi. Nuh həkim olduğuna görə onun oğluna Həkimoğlu deyirdilər.
1755-ci ildə Əli paşa Həkimoğlu artıq həyatında üçüncü dəfə vəziri əzəm vəzifəsini icra edirdi. Elə həmin ildə Osmanlı imperiyasının 25-ci sultanı III Osman (1699–1757) öz qardaşlarından birini öldürmək fikrinə düşdü. Əli paşa qətiyyətlə sultanın əmrinə qarşı çıxdı. Buna görə onu yenə də vəzifəsindən çıxardılar. Bununla da kifayətlənməyib həbsxanaya saldılar. Sultan bu dəfə Əli paşanın özünü edam etdirmək istəyirdi. Lakin hökmdarın anası Şahsuvar sultan (1682–1756) onu xilas etdi. Əli paşa Həkimoğlu Misirə vali təyin olundu və ömrünün sonunadək bu vəzifədə qaldı.
P.S. Yuxarıda göstərilənləri nəzərə alaraq, belə bir fikir yürüdə bilərik ki, Osmanlı–Səfəvi münasibətlərinin dramatikliyini ayrı-ayrı şəxslərin niyyət və istəkləri, məzhəblərarası ziddiyyətlər, eləcə də digər subyektiv amillər deyil, hər iki ölkənin yerləşdiyi coğrafi-siyasi məkanın o zamankı şərtləri müəyyən etmişdir.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
