Rusiya bütün gücüylə Ermənistan ordusunu modernləşdirməyə girişib.
Bu proses keçən ilin noyabrında Qarabağ münaqişəsinin son eskalasiyasının həllindən sonra başladı və bu günə qədər davam edir, — deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O, yerli bir televiziya yayımında, hökumətin ən qısa zamanda ordunu tamamilə modernləşdirməyi planlaşdırdığını söylədi. Bu proqram çərçivəsində İrəvan Moskva ilə əməkdaşlığı genişləndirmək istəyir.
Azərbaycan Prezidenti daha əvvəl Rusiya silahlarının Ermənistana verilməsini dayandıracağını gözlədiyini demişdi. RF Xarici İşlər Nazirliyini sözçüsü cavab olaraq bildirib ki, bu, Rusiyanın suveren haqqıdır.
Bunu fakt olaraq Ermənistan müdafiə naziri Arşak Karapetyanın Rusiyaya sıx — sıx səfərləri və keçirdiyi görüşlər də təsdiqləyir.
Ermənistan müdafiə naziri Arşak Karapetyan Moskvada Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev və “Rosoboroneksport”un direktoru Aleksandr Mixeyevlə görüşüb.
Karapetyanın “İrkut”, “KamAZ”, “Uralvaqonzavod” və “Taktiki raket silahları” korporasiyasının rəhbəri ilə görüşü də gözlənilir.
“İrkurt” şirkətinə Su-30 qırıcılarını istehsal edən “İrkutsk” aviasiya zavodu da daxildir. “KamAZ” və “Uralvaqonzavod” T-72 tanklarının yeni modifikasiyalarını və T-90 tanklarını istehsal edir. “Taktiki raket silahları” korporasiyası isə müxtəlif tipli raketlər buraxır.
Ermənistan Rusiyadan 4 dənə Su-30SM təyyarələri almışdı, lakin raketlərinin olmadığı üçün müharibədə istifadə edə bilmədiyi deyilirdi. Görünür, indi də raketləri almağı planlaşdırıblar…
Xatırladaq ki, Azərbaycana pulsuz silah «verən» tək ölkə Ermənistandır. Rusiyaya məxsus «metallom» olsa belə…
Fedai.az Araşdırma Qrupu
