Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şuşa Rəsm Qalereyasında “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərgi ilə tanış olublar.

Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.
