Kimin nə əyri işi var, qazilərin adına yazırlar…

«Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya növbəsində müəssisənin qapısını sındıran və üç həkimə xəsarət yetirən şəxs qazi deyil”.


Bunu AZXEBER.COM-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. 


Onun sözlərinə görə, həmin şəxsin kimliyi məlum olub:

«Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşın törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır”.
«Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, — deyə DİN rəsmisi qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) NTK sədri Niyazi Quliyev hadisəyə münasibət bildirərək dedi:

«Ölkədə nə neqativ hal baş verirsə, informasiya vasitələri tez-tələsik qazilərin adına yazıb təbliğ edirlər. Bunlara sifarişi və maliyyəni kimlərin verdiyini araşdırmaq lazımdır. Belə soysuzların harada təhsil alıb özlərini jurnalist elan etmələri ciddi surətdə araşdırılmalıdır. Qazilər və şəhidlər bu ölkənin qürur mənbəyidir. Bunu ölkə prezidenti dönə-dönə təkrarlayıb. Olayı araşdırmadan və kimliyi bilmədən qazi adını hallandıranlar ən azı erməni agentləri və 5-ci kolonun nökərləridir. Biz illərimizi bu mübarizəyə həsr etmişik. Amma nə yazıq ki, xainlər bu ölkədə günbəgün güclü və imtiyazlı bir silkə çevrilməkdədirlər. Üstəlik də bu gün heç kimi saymırlar. Aşkarcasına ölkəmizə qarşı təxribat və təbliğatla məşğul olurlar. Çünki xüsusi mühafizə altındadırlar. Elə bu hadisədə də Ceyhun Ağayev adlı şəxsin törətdiyi əməlin o şəbəkəylə bağlı olmasını göstərir. Nə yaxşı ki, sosial şəbəkədə vətənpərvər insanlarımız var. Belələrinə qarşı mübarizə aparırlar.

Baxın bircə faktı deyim ki, Kəlbəcərdə şəhidlərə aid plakata qarşı vandalizm hərəkəti olub. Neçə sayt və ya digər KİV orqanı reaksiya verdi? Məncə bu cür hadisələrə reaksiya verməyənlər, nəinki lal şeytanlardı, həm də düşmənə işləyənlərdir.»

Bu xəbəri paylaşın: