
ELBARİZ Məmmədli
Şair, jurnalist
Neçə gündür ki, bütün təmaslarımı bir kənarda tutub, rus kinematoqrafiyasının istehsalı olan «Şef» teleserialına baxırdım. Doğrusunu deyim ki, indiki gərgin vaxtda buna heç həvəsim də yoxuydu. Amma müəyyən maraqlı detallar diqqətimi cəlb etdiyindən, sona qədər, hələ bitmiş sayılmayan filmin bütün ekran üzü görmüş seriyalarına baxmağa bir növ, özümü məcbur elədim. Serialın peşəkar çəkiliş materialı olması haqda heç nə deyə bilmərəm. Təkcə ona təəssüf hissi keçirirəm ki, Azərbaycan kinematoqrafiyası bu məsələdə yox dərəcəsindədir. Azərbaycan tamaşaçısı cinsi bilinməyən yubkalı gədaların düşük səhnələrinin ümidinə qalıb. Səhnəyə ləyaqətli kişi obrazını gətirəcək ssenarist, rejissor və aktyoru hələ ki, gormürük.
Əslində bu serialdan bəhs etməkdə, məqsədim başqadır. Rus kinosunun mayasında babaları Pyotrdan qalma » parçala və hökm sür» siyasəti ana xətti təşkil edir. Təpədən dırnağa kriminallaşmış dövlət idarəçiliyində, hökranlıq niyyətləri üçün hətta xalqdan belə keçməyə hazır olan oliqarxiya bu dövlətin nəyə xidmət etdiyini açıq ortaya qoyur. Əsas olan odur ki, bu dövlətdə haqqın və həqiqətin bütün yolları tikanlı məftillərlə qapadılıb.
Serialda marağı çəkən detallardan biri də kriminal aləmə məxsus olan adamların dövlətin ən üst təbəqəsinə asanlıqla yol tapa bilməsi, qərarların verilməsində söz sahibi olmasıdır. Hərçənd ki, bu adamlar oliqarxiyadan fərqli olaraq, daha ədalətli və qətiyyətli təsir bağışlayırlar.
İndi keçək əsas məsələyə. Serialda adları keçən azərbaycanlı və ermənilərə münasibət eynilə reallıqla uzlaşır. Ermənilər iş adamı kimi, azərbaycanlılar isə, hansısa kriminal dəstənin satqınlığa meylli nümayəndələri kimi təqdim olunur. Yəni, jirinovskilərin, zatulinlərin, popovların, tolstoyların rus siyasi idarəçiliyindən mənbə götürən fikirləri dolayı yolla sənətdə də öz əksini tapır. Və bizə doğru düşünməkdən başqa yol qoymur.
… Qarabağda isə, hələ də ziddiyyətli hadisələr bir birini əvəz edərək, davamlılığını qoruyur. Artıq tam aydındır ki, Ermənistan siyasi hakimiyyəti və onun sülhə meylli toplumu münasibətləri qaydalar çərçivəsində həll etmək imkanlarından kənardadır. Rusiya separatçı erməni dəstələrini silahlandırmaqla, vəziyyəti daha da gərgin məqama sürükləmək istəyir. Burda bir fikri xatırlatmaq doğru olar ki, əgər Türkiyə və dost dövlətlər yanımızda olmasaydı, müharibə bizim üçün çox faciəli nəticələrlə sonuclana bilərdi. Sadəcə, nə ruslar, nə farslar, nə ermənilər, nə də haylara havadarlıq edən ABŞ və Fransa kimi dövlətlər Azərbaycandan bu imkanı gözləmirdi. Gördülər və daha da aqressivləşdilər.
Siyasətdə elə məqamlar var ki, bəzən bütün siyasi və diplomatik gedişlər, güc həmlələri qətiyyətin önündə aciz qalır. O qətiyyətin mənbəyi isə, xalqın bütövlüyü, mübarizə hazırığı və toparlanmağıdır. Qarşıdakı düşmənlərin kimliyi və niyyətləri artıq bəllidir. Rusiya bu oyunda baş roldadı. Bu niyyətləri pozmaq üçün hamının az da olsa, siyasiləşməsinə ehtiyac var.
Bu həm daxildəki, həm də xaricdəki düşmənləri məğlubiyyətə məhkum etmək üçün mütləq lazımdır. Belə olan halda, həm dövlətimiz, həm də millətimiz güclü və basılmaz olacaqdır. Üzünüzü Vətən bayrağına çevirin!