KÖNLÜMÜN TƏBRİZ SEVDASI…

На изображении может находиться: Allahverdi Dərd

Allahverdi Dərd

Keçmişdən gələn səslər: Orta məktəbdə oxuyardıq. Ədəbiyyatdan dərsimiz, Süleyman Rüstəmin həyat və yaradıcılığı, o cümlədən Cənub silsilə şeirləri – “Ana və poçtalyon” və “Təbrizim” idi. Səriştəli müəllimimizin öncə Təbriz haqqında, məşhur Savalan dağı barədə və eləcə də Məmməd Hüseyn Şəhriyar haqqında ətraflı və bir qədər də həyacanlı danışığı hamımızı heyrətləndirmişdi. “Təbrizim” şeirinə gəldikdə isə müəllim açıq-aşkar göz yaşlarını saxlaya bilmədi.

Açığı etiraf edim ki, bu vaxta qədər nə Təbriz haqqında, nə Savalan dağı, nə də “Heydər babaya salam” haqqında heç bir bilgiyə malik deyildik. Şagird yoldaşlarımızdan biri müəllimin kövrəlməsinin, göz yaşlarının səbəbini soruşduqda, müəllim yenə də həmin əhval-ruhiyyə ilə 150 ildən bəri millətimizin xaincəsinə iki yerə parçalanmasından, başı “göylərə dəyən” Savalan dağından və onun dörd min metr hündürlükdəki qarlı zirvəsində çağlayan bulaqdan və kiçik göldən, böyük Azərbaycan şairi Məmməd Hüseyn Şəhriyardan və onun “Heydər baba” poemasından və eləcə də Azərbaycanın xalq şairi Süleyman Rüstəmin Cənub sevdasından, və nəhayət “Təbrizim” şeirinin yaranma səbəblərindən ağız dolusu danışardı.

Sonralar öyrəndik ki, mənfur sovetlər dönəmində zorla millətimizə pərçim edilmiş Güney Azərbaycan mövzusunda nəinki yazmaq, danışmaq belə yasaq imiş.

İllər ötdü, rəhmətlik Süleyman Rüstəmin Təbriz sevdasının, Şəhriyar nisgilinin canlı şahidi oldum.

1988-ci ilin may ayı idi. Ulu Şəhriyar Təbrizdə vəfat etmişdi. Azərbaycanın qələm adamları, yazıçı, şairləri və digər elm xadimləri Azərbaycan Yazıçılar Birliyində Məmməd Hüseyn Şəhriyarın qiyabi dəfn mərasiminə toplaşmışdılar. Tədbiri açıq elan edən S. Rüstəm göz yaşları və qəhər içərisində Ulu Şəhriyardan uzun-uzadı söhbət açaraq, onun həyat və yaradıcılığından, Azərbaycan sevdalı olmasından və sonda əli Azərbaycana uzalı getməsindən ağız dolusu danışdı. O, danışdıqca salona toplaşanlar göz yaşlarına hakim ola bilmirdilər.

İllər ötdü, keçən əsrin 90-cı illərində millətlər həbsxanası hesab edilən mənfur sovetlər imperiyası paramparça oldu. İran adlanan dövlətlə Azərbaycan arasında 163 ildən bəri canımızı dağlayan tikanlı məftillər nisbətən aradan qaldırıldı. İki dövlət arasında gömrük-keçid məntəqələri yaradıldı, gediş-gəliş başladı. Uzun illərin həsrətliləri olan soydaşlarımız bir-birlərinə qovuşdular. Bütün bunlara baxmayaraq, Təbriz hələ də bütov Azərbaycanımızın paytaxtı ola bilməmişdi.

Arif Hacılı demiş:

O tay Vətən, bu tay Vətən,

Araz Vətən deyil, hələ!

Təbriz sevdam bitib, tükənməyirdi. Bu il gedərəm, gələn il gedərəm, özümüzə bəlli olmayan ömür köhləni isə qürub istiqamətində çapmaqda idi…

Cənub istiqamətində sərhədləri keçmək mənə yalnız 2013-cü ilin may ayında nəsib oldu. Bu dəfə Təbrizə deyil, Naxçıvan tərəfə. Biləsuvar gömrük-keçid məntəqəsini keçəndən sonra, içimdə özümə bəlli olmayan sevinc-kədər dolu qarışıq hisslər yaşamağa başladım. Düşündüm ki, belə hissləri yalnız bircə təqdirdə yaşaya bilərdim: – Kolanı yurdu, bala Vətənim – Ağdərə rayonunun Çərəkdar kəndinə qovuşanda…

Nə isə…

Elə ki gedib yetişdik tarixlər yadigarı – Xudafərinə, qəlbim maşının saxladılmasına hökm etdi. Öncə aşınmaqda olan qədim körpülərə diqqət yetirdik, ən pisi də qədim “Xudafərin körpüləri”nin yer üzündən silinməsinə hesablanmış yeni inşa edilən su bəndinə tamaşa etdik. Məhz bu anda özümü hönkürməkdən saxlaya bilmədim. O ki, var ürəyimi boşaltdım. Arazın sol sahilində işğalda olan torpaqlarımızda ara-sıra gəzən şərəfsiz dığaları görəndə, yenidən qəhərlənib, dərindən bir ah çəkdim: – Eh, gidi dünya, vaxt var idi Arazın sol sahilindən sağına həsrətlə baxardıq, indi isə əksinə – sağından soluna həsrətlə, ağrı ilə boylanırıq. Ar olsun bizlərə…

Zaman isə öz işində idi. Nəhayət ötən ilin payızında Təbriz sevdam gerçəkləşdi. Lakin bu, bir qədər məcburi xarakter daşıdı. Son bir neçə ay ərzində səhhətimdə yaranan problem, burada dərdimə çarə tapılmaması və ağrılarımın daha da kəskinləşməsi məni Təbrizə getməyə vadar etdi.

Oktyabr ayının ortaları idi. Təbrizə yola düşdük. Vaxtilə Təbrizə dəfələrlə gedib-gəlmiş bacım oğlu Elçinin dostları bu səfərdə bizə vasitəçi və yardımçı oldular. Biləsuvar gömrük-keçid məntəqəsində bizi qarşılayan Rza bəy öz maşını ilə bizi götürüb, Təbriz istiqamətində yola düzəldi. Getdiyimiz yol demək olar ki, çılpaq dağlarla və əkin sahələri ilə əhatələnmişdi. İlk varid olduğumuz Germi şəhəri oldu. Xeyli gedəndən sonra uzaqdan başı qarlı uca dağ görünürdü. Mən vaxtilə Yardımlıda, Lerikdə və Cəlilabadda olanda oraların dağ kəndlərindən Savalan dağı ovuc içi kimi görünürdü. Bu dəfə də dağı görəndə təxmin etdim ki, bu elə adı dillər əzbəri olan, həsrətində olduğumuz Savalan dağıdır. Bələdçimiz Rza bəy mənim təxminlərimi təsdiq edərək, dedi ki, bəli dayı, görünən Savalan dağıdır. Bu il yay çox quraqlıq keçdiyindən, dağın zirvəsində qar çox az qalıb. Dağın zirvəsində isə bulaq və kiçik göl də vardır. Bura bir ziyarətgahdır. Ora çıxmaq çox çətin olsa da, yay vaxtı bura ziyarətə gələnlərin və əsasən də turistlərin sayı-hesabı olmur. Elə bu an 50 il əvvəl ədəbiyyat müəllimimizin dediklərini xatırladım…

Nəhayət Savalan dağının ətəklərində məskunlaşmış Meşkin şəhərinə varid olub, çay süfrəsinə əyləşirik. Meşkin şəhəri demək olar ki, Biləsuvarla Təbrizin arasındakı 360 kilometr məsafənin ortaq nöqtəsidir. Yadıma şair Məmməd İsmayılın bu şeiri düşdü:

Orda, Savalanda bir igid yatır,
Hələ ki, uyuyur qılıncı qında.
Hələ ki, yanında gözləyir atı,
Hələ ki, arzusu yol ayrıcında.

Sabaha səsləyir zamanı yollar,
Yollar gah ayrılıb, gah calanıbdı.
Girib nağıllarda yatır oğullar,
Bir Vətən ikiyə parçalanıbdı.

(Məmməd İsmayıl)

На изображении может находиться: 11 человек, в том числе Allahverdi Dərd

Qeyd etmək yerinə düşər ki, Meşkin şəhəri mənim üçün çox əziz idi. Belə ki, 18-ci əsrin əvvəllərində Nadir şah Muğanda seçki keçirərək taxta çıxanda, məşhur Kolanı tayfaları ona səs verməmişdi. Onun bədəlində isə Nadir şah da Kolanı tayfalarını pərən-pərən salaraq, ölkədən deportasiya etmişdi. Mənim ata babalarımın da taleyinə Qarabağa sürgün düşmüşdü. Qeyd edim ki, sovetlərin kəshakəs vaxtlarında bolşevik rejiminə boyun əyməyən dədəmin dayısı Araz bəy və əmisi oğlu Kamal bəy bu rejimdən qurtulmaq üçün baba yurdları Meşkinə qayıtmışdılar. Onu da qeyd edim ki, qəhrəmanlığı ilə ad çıxarmış Araz dayım vaxtilə İranın şahı olmuş Əhməd şahla şəxsən görüşmüşdü.

Yolumuzu davam edərək, Əhər şəhərinə çatırıq. İstər Meşkində, istərsə də Əhərdə yol boyu göz oxşayan alma və üzüm bağları bu torpaqların nə qədər məhsuldar olduğundan və meyvəçilik sahəsində Güney Azərbaycanda mühüm rol oynadığından xəbər verirdi.

Rza bəy əlavə etdi ki, yol boyu ağız dolusu bəhs etdiyiniz Kəlheybərə – Bəzz (Babək) qalasına yol məhz buradan – Əhərdən gedir. Təxminən 35-40 kilometr olar. Ürəyimdən keçən ziyarətgahlardan biri də Babək qalası olsa da, gedişimizin mətləbi bunu əngəlləyirdi.

Nəhayət günorta üstü illərdən bəri qəlbimdə sevib, oxşadığım mənəvi paytaxtımız Təbrizə yetişirik. Buranın havası küləkli olmasa da, Bakının havasını xatırladırdı. Əsl payız havası idi.

Burada bizi dəyərli dostumuz Nadir bəy qarşılayaraq, öz evlərinə apardı. Təbrizdə cümə günü qeyri-iş günü olduğundan, heç yer işləmirdi. Önümüzdə kifayət qədər boş vaxtımız olduğunu nəzərə alıb, günorta naharından sonra Təbrizlə tanışlıq məqsədilə şəhərdə gəzintiyə çıxmağı qərarlaşdıq. Şəhərin görməli yerlərini bir qədər gəzib-dolaşdıqdan sonra, mənim təşəbbüsümlə illərdən bəri arzusunda olduğum Təbrizin 50 kilometrliyində yerləşən, əsrlərin yadigarı – Kəndovana yollandıq. Sözün həqiqi mənasında adamı heyrətə gətirən bu kənd Təbrizin ən çox turist cəlb edən bir məkanıdır. Tarixi dəqiq məlum olamayan bu kənddə 168 ailə vaxtilə vulkan püskürməsi nəticəsində əmələ gəlmiş piramida şəkilli evlərdə məskunlaşıblar. Demək olar ki, evlər bir-birinə bitişikdir. Hətta bu kahalarda xırdabuynuzlu mal-heyvan da saxlayırlar. Burada yaşayış üçün hər cür infrastruktur da yaradılıb. Turizm bazası olmasına rəğmən bu balaca kənddə otellər, restoran və çayxanalar, cərgə ilə sıralanmış alış-veriş mərkəzləri, ərzaq, ədviyyat və suvenir dükanları fəaliyyət göstərirdi. Kəndin ətrafında xeyli yeraltı “şəhərcilkər” də mövcud idi. Görünür insanlar vaxtilə burada yaşamış və malqara saxlayırmışlar.

Burada aldığım məlumata görə yadellilər Təbrizə hücum edərkən, soydaşlarımız dağlara çəkilib, özünümüdafiə üçün çox əlverişli olan Kəndovan “qalaları”nda daldalanmışlar. Həm də bura düşmən hücumlarını dəf etmək üçün ən sərfəli səngər imiş. Çox maraqlı idi…

Doğrusu etiraf edim ki, mənim Kəndovan sevdam məşhur Kapadokiyanı gəzib-dolaşdıqdan sonra baş qaldırmışdı.

Deyəsən mətləbdən xeyli uzaqlaşdıq. Sabahı gün dostumuz və bələdçimiz bizi müayinə üçün Təbrizin məşhur “Şəms” klinikasına götürdü. Haşiyə olaraq bildirim ki, burada səhiyyə ocaqları bizdəkindən tam fərqli bir iş rejimi ilə fəaliyyət göstərirlər. Belə ki, həkimlər günün birinci yarısı xəstəxanada cərrahi əməliyyatlarla, xəstələrin digər müalicə-müayinələri ilə məşğul olurlar. Klinikaya müraciət edən xəstələrin müayinəsinə isə saat 16-dan başlayırlar. Bu cür müayinələr xəstə sayından asılı olaraq gecə saatlarına qədər, gərək olduğu təqdirdə səhərəcən davam edir. Bir məsələ də var ki, əldə qan analizlərinin nəticələri olmasa, həkim heç bir xəstəni qəbul etmir. Onu da əlavə edim ki, laboratoriyalar ayrıca qurum şəklində fəaliyyət göstərirlər. O üzdən, bizim bir gün vaxtımız qan analizlərini vermək və nəticələrini gözləməyə getdi. Səhər saatlarında verdiyimiz analizlərinin cavablarını gecə saat 21-də ala bildik. Burada da Nadir qardaşımızın də tanışlığı köməyimizə çatdı. Halbuki qan analizinin cavabını normalda günyarım yaxud 3 gün ərzində verirlər. Sabahı gün qan analizlərinin nəticələri əlimizdə “Şəms” klinikasında daxili orqanlar, o cümlədən mədə-bağırsaq üzrə böyük mütəxəssis – doktor Hacı Məhəmmədinin qəbuluna düşdük, o, hər birimizi qan analizinə rəğmən diqqətlə müayinə edib, yoldaşlardan bəzilərini müxtəlif aparatlara göndərdi. Nəticədə dördümüzə də “stres” diaqnozu qoyub, müxtəlif dərmanlar yazdı. Mən burada yaddaşsızlıq edib 3 ay ərzində 14 kq çəki itirdiyimi həkimin diqqətinə çatdırmamışdım. Həkim onu da diqqətimizə çatdırdı ki,Azərbaycandan gələn xəstələrin 90%-i “stres” diaqnozu ilə gəlir. Ən çox da bizə düzgün qidalanmamağımızı irad tutdu. Ötəri olsa da toylarımızda qidalanmağımızın əsil biabırçılıq olduğunu önə çəkdi. Düz sözə nə deyəsən… Çox böyük ümidlərlə geri dönmüşdüm. Həkimlərin diqqətcilliyi və yazdıqları mükəmməl dərmanlar nəticəsində 5-10 günə məni ərşə çəkən ağrılarımın arada qalxmasını düşünürdüm.

3 gündən sonra çox zəngin təəssuratlarla geri döndük. Öncə məni Təbrizdə riqqətə gətirən nə oldu? Fərəhlə qeyd edə bilərəm ki, Təbrizdə şəhər əhli başdan-başa şirin ləhçə ilə öz Azərbaycan türkçəmizdə danışırdılar. Soydaşlarımız hər kəsə qarşı çox mehribandılar. Həkimlərin xoş rəftarına isə söhbət belə ola bilməz. Sevinc içində idim, düşünürdüm ki, 200 ilə yaxın bir zaman kəsliyində bütün basqı və təpkilərə baxmayaraq, iki yerə parçalanmış millətimiz öz doğma dilimizi qoruyub, saxlaya bilmişdi. Ən çox düşüncəmə hakim kəsilən isə Təbrizin sözün həqiqi mənasında bir türk şəhəri olmasını müəyyən etməyim idi. Müşahidələrimə rəğmən o qənaətə gəldim ki, heyhat, Təbriz Azərbaycan türklərinə məxsus olsa da, Bakı heç də bizə məxsus deyilmiş. Təbrizdə rastlaşdığım ən acınacaqlı mənzərə – küçələr boyu bütün yazılar, reklamlar, şüarlar fars dilində idi. Məktəblərdə, rəsmi dövlət idarələrində, klinikalarda, bir sözlə hər yerdə danışıq öz dilimizdə aparılsa da, yazı-pozu işləri farsca aparılır. İran deyilən bir ölkədə 40 milyonluq Azərbaycan türkünün üzünə Ana dilimiz sərt şəkildə yasaqdır.

Beləcə qayıdandan sonra bir ay müddətində yazılan dərmanları cədvəl üzrə qəbul etsəm də, irəlləyiş əvəzinə kürək ağrılarım daha da şiddətlənirdi. Bəzi tanış həkimlərin məsləhəti ilə “Neftçilər” xəstəxanasında 10 günlük iynə-terapiya da qəbul etdim. Yenə də nəticə olmadı.

Təbrizdəki həkimlə əlaqə saxladım. Dedi ki, qan analizlərinin cavabını mənə göndər. 27 testdən ibarət qan analizlərinin cavabını göndərdim və sürətlə çəki itirməyimi həkimin diqqətinə çatdırdım. Bunu eşidən həkim təcili olaraq Təbrizə getməyimi tələb etdi. Bu dəfə Təbrizə çatan kimi dərhal məni Travmatoloji mərkəzə – baş həkim Pərviz Səməd Mütləqin yanına yolladılar. Bu nurani həkim məni diqqətlə dinləyib, bütün sənədləri nəzərdən keçirdikdən sonra, travmatoloji xəstəliklə – sümüklə bağlı bir əlamət görmədiyindən məni “Sübhan” onkoloji mərkəzin rəhbəri doktor Pərviz Əsədinin yanına göndərdi. Səriştəli həkim, gözəl insan Pərviz doktor məni yenidən mükəmməl müayinə edib, qısa müddətdə konkret diaqnoz qoydu: – yoğun bağırsaqda kiçik vəz və mədədə xərçəng. Doktor mənim bu diaqnozu adi bir şey kimi qarşıladığımı görüb, təəccüblə soruşdu: – Maraqlıdır, babam, heç sifətinizdə hər hansı bir narahatçılığınızı sezmədim…?

Və cavabım gecikmədi:

Doktor, bizim çəkdiklərimizin yanında xərçəng, yaxud da ölüm nəmənədir? Bizim Vətəndə Vətənsiz, sizin də Vətəndə Ana dilisiz (yazısız) yaşamağınızdan ağır dərd ola bilərmi? Bunların yanında bu dərd nədir ki?

Bu sözləri eşidən doktor qeyri-iradi ayağa qalxıb, boynuma saraldı və qəhərli şəkildə dedi ki, mənim indiyədək siz əhval-ruhiyyədə xəstəm olmayıb. Analizlərinizi göndərəcəyik əkilməyə, iki həftədən sonra cavab çıxacaq, ümidvaram ki, Tanrının sayəsində hər şey müsbət nəticələnəcək.

Arada yaranmış fürsətdən istifadə edərək Ulu Şəhriyarın ziyarətinə yollandıq.

Böyük şairin məqbərəsini yetərincə gəzib, məzarını ziyarət etdik. Xeyli xatirə şəkili çəkdirib, evə qayıtdıq. Sabahı gün Təbrizin dadlı-tamlı ədviyyat və şirniyyatlarından alıb, Bakıya döndük.

İki həftə keçmiş, dəyərli qardaşımız Nadir bəy sevincək müjdə verdi:

– Dayı, gözümüz aydın, analizlərin cavabı yaxşı çıxıb, təcili əməliyyata gəlmək lazımdır. Biz dərhal yığışıb, növbəti dəfə mənəvi paytaxtımız Təbrizə yollandıq. Bizi şadyanalıqla və mehribancasına qarşılayan Pərviz həkim dedi ki, analizlərin cavabı əladır, xoşxassəlidir, odur ki, səni “İran” klinikasında işləyən, çox səriştəli və əvəzsiz cərrah Əbasət Qaradağinin (Qaradağlı) yanına göndərəcəm, inşallah hər şeyi o, həll edəcək. Gecə saat 21-də növbəmiz çatanda, doktor Qaradağlının qəbuluna düşdük. Sifətindən nur yağan bu gözəl kişi Bakıdan gəldiyimi dərhal sezdi və mehribancasına məni diqqətlə dinlədi, bütün analizlərin nəticələrini nəzərdən keçirib, digər analizlər verməyimi və tövsiyyələri verib, əməliyyata hazırlaşmağımı bildirdi.

Əməliyyat xərcləri ilə bağlı Nadir bəyin sorğusuna cavab olaraq doktor dedi ki, bu işdə mənim heç bir rolum yoxdur, gedib klinika ilə söhbət aparmaq lazımdır. Odur ki, gedin ya “Şəms” ya da “Məhəllə altı” klinikası ilə məsələni razılaşdırın. Razılığa gələndən sonra, onlar mənə dərhal çağırış göndərəcəklər, mən də gedib əməliyyat edəcəm.

Biz öncə üz tutduq “Şəms” klnikasına. Onu da qeyd edim ki, Təbrizdə yerli vətəndaşların tibbi sığortası olmasına rəğmən, xarici vətəntaşların səhiyyə xərcləri ikiqat baha başa gəlir. “Şəms” klinikasında təklif olunan xərclər bizim imkanlarımız xaricində olduğundan, “Məhəllə altı” klinikasına getdik. Burada da təklif edilən vəsaitə gücümüz çatmadığından, yenidən Bakıya dönəsi olduq. Lakin cərrahi əməliyyat qaçılmaz idi. Qayıdan kimi iş yerinə gedib, müdirimizlə, yoldaşlarla görüşüb, məsləhətləşdik. Şöbə rəisimiz, dəyərli insan “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan xanım Bayramova narahat olmamağımı söyləyərək, məsələni tezliklə rəhbərliyə çatdıracağını söylədi. Şiddətli ağrılar içində qovrula-qovrula evə qayıtdım.

Bir saat keçməmiş Natəvan xanımdan zəng gəldi. Səsindəki titrəyiş məni təlaşa saldı, dedi narahat olma, bu həyacanım sevincimdəndir. Hörmətli sədrimiz Cavid Qurbanova müraciətimdən 10 dəqiqə keçməmiş, sənin əməliyyatına lazım olacaq 5 min manatı göndərdi. Mən də 10-15 dəqiqəyə sənə çatdıracam. Çox dəyərli Natəvan xanımın fədakarlığı öz bəhrəsini verdi. Biz də dekabrın 14-də rahatca Təbrizə yollandıq. Bir neçə gün ərzində klinika ilə lazımi ödənişi və sənədləri yoluna qoyub, dekabrın 20-də klinikaya qəbul oldum. Burada da tanışlıq köməyimizə çatdı. Dəyərli qardaşımız Nadir bəyin ailəvi dostu – klinikanın baş həkiminin müavini çox istiqanlı və mehriban insan Paşa Süleymaninin yardımı sayəsində həm əməliyyat xərcləri, həm də klinikada yatmaq xərcləri demək olar ki, yerli vətəndaşların xərcləri səviyyəsində güzəştlə edildi. Məni klinikanın VIP palatasına yerləşdirdilər. Onu da qeyd edim ki, burada bir gecə qalmaq xərci çox baha başa gəlir.

Beləliklə, 21 dekabr 2019-cu ildə səhər saat 8 radələrində Əbasət doktor palataya daxil oldu. Hal-əhval tutub, vəziyyətlə maraqlandı, əməliyyata hazır olub-olmadığımı soruşdu: «Qorxmursan ki?» Dedim doktor, mənim bu dünyada qorxacağım bir şey qalmadı. Mənim qorxacağım iki şey var idi – Vətən və övlad itkisi. Hər ikisini şəhid verdim. Digər tərəfdən, o düşüncədəyəm ki, siz mənim barmağımdan xırda bir tikan çıxaracaqsınız. Sözlərimdən bir qədər mütəəssir olan həkim xoş təbəssümlə dedi ki, sizin belə əhval-ruhiyyəniz mənə əlavə stimul verir. Odur ki, əl-ələ verərək, gedək “iş başına”. Onu da əlavə edim ki, arada mənə əməliyyat üçün başqa həkimlər təklif etsələr də, mən qəti şəkildə imtina etmişdim. Dedim ki, doktor Əbasət Qaradağlıdan başqa digər həkimə razılıq verməyəcəm.

Ağır cərrahi əməliyyat keçəndən 40 dəqiqə sonra evlə-uşaqlarla telefon əlaqəsi saxlayıb, vəziyyətimin yaxşı olduğunu bildirdim, çünki hamı tikan üstə idi. Dekabrın 28-də xəstəxanadan çıxıb, həkimin məsləhəti ilə üç gün də Təbrizdə qalası oldum. Burada olduğum müddətdə dəyərli dostumuz Nadir bəy, qardaşı Rəhim bəy, ataları Hacı Əsəd,ömür-gün yoldaşım Sevinc xanım, bibim oğlu Nazim bəy və təbii ki, qardaşım Muğan bəy bir an belə başımın üstündən aralıda qalmadılar. Var olsunlar! Onların əziyyətlərini heç vaxt unudası deyiləm.

Qarşıdan 31 dekabr və 1 yanvar bayramları gəldiyindən, ev üçün, balalarım üçün çox darıxırdım. 30-u dekabr saat 21-də həkimin təyin etdiyi vaxtda son müayinəyə getdik. Yaranı diqqətlə yoxlayıb, hər şeyin yaxşı olduğunu bildirdi və tibb bacısına tikişlərin sökülməsi tapşırığını verdi. Digər tövsiyyələrini verərək, altı aydan sonra növbəti müayinəyə gəlməyimi söyləyib, xoş təbəssümlə bizə uğurlu yollar dilədi. Ayrılıq vaxtı mən ürəyimdən keçən bir istəyimi həkimə bildirdim: – Onun zərif əllərindən tutaraq, dedim ki, doktor, izninizlə sizin əllərinizdən öpmək istəyirəm. O, cəld ayağa qalxıb dedi ki, babam, Türklərdə yalnız Ananın, Atanın əlindən öpərlər, yalnız mən səni bağrıma basıb, oxşaya bilərəm. Doktor dediyi kimi də etdik. Sadəcə məni ölümün pəncəsindən xilas edən bu Kişiyə əlavə nəsə deməyi bilə-bilmədim. Beləcə adamı riqqətə gətirən bu çətin səhnəni də yola verib, mehribancasına ayrıldıq.

17 gündən bəri gecə-gündüz qulluğumda duran vəfalı dostumuz Nadir bəylə xudafizləşib, ilin son günü xoş əhval-ruhiyyə ilə Bakıya döndük.

O müthiş anlar artıq geridə qalıb. İstərdim həkimə, xəstəxanaya düşən hər bir soydaşımız evinə, ailəsinə, hətta belə Vətəninə bax beləcə dönsün. Sonda, məndən ötəri əziyyət çəkən, narahat anlar keçirən hər kəsə böyük ehtiramımı bildirir və təşəkkür edirəm!

На изображении может находиться: 3 человека, в том числе Allahverdi Dərd

P.S. Dəyərli dostlar, məlumdur ki, xəstəliyin insan üçün heç bir xeyri, faydası ola bilməz. Mən isə bu ağır xəstəliyimdən kiçik də olsa bir fayda gördüm. Mən 1994-cü ildə ünvanımıza müqəddəs Şəhid adı yazılandan sonra ətrafımı, qohum-əqrabamı, ona daş atılanda əlimi yox, məhz başımı qabaq verdiyim dost, yoldaş, sirdaş sandığım insanları birər-birər xəlbirləməyə başladım, malisəf xəlbirin üstündə barmaqla sayıla biləcək insanlar qalmışdı. Onların da əksəriyyəti ilk doğmalarım oldu.

P.P.S. Ömrün qüruba çapdığı bir vaxtda, məni yaxalayan bəladan qurtulandan sonra, xəlbiri yenidən əlimə götürmək zorunda qaldım. Nə yazıqlar ki, yenə də əliboş qayıtdım…

Odur ki, ömrünüzü fənaya xərcləməyin, dəyərli dostlar!

Ağrı-acıdan, azardan-bezardan uzaq olasınız, dəyərlilərim!

Bu xəbəri paylaşın: