Ünüm yetməyən, naləm çatmayan, QARDAŞ HEY…

«Əzizləri eldən-obadan uzaqda – qürbətdə olanların həmişə gözləri yolda, qulağı səsdə olar». Böyüklərimiz bir zamanlar belə söyləyərdilər.


Zaman, o zaman deyildi. Zaman elə dəyişmişdi ki, elm və texnologiyanın inanılmaz inkişafı böyük və sonsuz saydığımız dünyanın çox kiçik olduğunu isbatlamışdı. Dünyanın istənilən nöqtəsi ilə əlaqə ovcumuzun içinə sığınmışdı. Məsafələr qısalmış, vaxt-zaman məvhumunu virtual aləm işıq sürətinə çevirib, “sıfırlamışdı”. Harada olmasından asılı olmayaraq, kimi istəsən bir anda arayıb hal-əhval etmək ağılagəlməz qədər asanlaşmışdı…


Fevralın əvvəlində oğlum Əlövsətlə Rusiyanın İvanovo şəhərinə ailəmizin əzizi Sərraf qardaşımın ömrünün ən gözəl günlərindən birini qeyd etməyə getmişdik. Dost tanışların və ailə üzvlərimizin iştirakı ilə 10 fevral 2020-ci ildə qardaşımın 55-ci doğum gününü qeyd etdik. Hər şey öz qaydasında idi. Həyat öz axarı ilə gedirdi…


Sən demə, qədər-qisməti soyuq fevral günlərində bizi qardaşım Sərrafın bir ömür xatırlanacaq görüşünə gətiribmiş. Şükür ilahinin qismətinə. İnsanın yaranışı və təbiəti belədi: hətta, ən yaxınını itirəndə çarəsizlik onun taleyi ilə bağlı son xatirələri təsəlliyə çevirər və bununla təskinlik tapar.
Sən demə, qışın “oğlan” çağında Sərraf ətrafındakı qohum-qardaşa və dost-tanışlara özünün də xəbəri olmadan sonuncu nəvazişini, sonuncu hərarətini bağışlayırmış. Birgə olduğumuz o ağrı-acısız, sevincli günlərimizdə heç kimin ağlına belə gəlməzdi ki, qardaşım ömrünün son günlərini yaşayır. Və biz Bakıya qayıtdıqdan az sonra – 4 aprel 2020-ci ildə qapımızı gözləmədiyimiz, dəhşətli acı xəbər döyəcək. İnanılmaz xəbərin yükü çox ağır idi. Ailəmizin çırağı sönmüş və günəşi qürub etmişdi. Biz ən dəyərlimizi, taleyinə qürbət həyatı nəsib olmuş qardaşım Sərrafı itirmişdik.
Taleyin qismətinə bax. Eşitmişik, yazıya pozu yoxdu, deyiblər. Bu nə idi, İlahi. Bir ovuca sığan dünyamız hərtərəfli qaralmışdı. Bir neçə saatlıq məsafədə son mənzilə köçən qardaşımızla aramızda aşılmaz bir sədd vardı. Bu, dünyanı cənginə almış, hər kəsi öz evində “məhbus edən” “koronovirus” səddi idi. Taleyimiz kimi, yolumuz da bağlanmışdı. Bir anda səsin çatan, ünün yetən qardaşımla aramızda sözün həqiqi və məcazi mənalarında elə böyük “uçurum”, elə böyük “məsafə” yaranmışdı ki, ona nə ünüm yetirdi, nə də ərşə qalxan naləm çatırdı…


Dünya virus gərginliyində çarpışır, zamansa öz axarındadı. Aramsız su kimi axır və bizləri də öz ağuşuna alıb aparır zaman. Əlindən çəkilib alınan əzizinin vaxtsız gedişi səni elə sarsıdır ki, cavabsız suallar girdabına düşürsən: nədən, niyə belə oldu? Bu sistemsiz və ünvansız suallar yuxumu ərşə çəkir.


…Sonra da taqətim üzülür, yuxu aparır məni. Görürəm ki, ailəmizin çox hörmətlə yad etdiyi ağsaqqallarından biri yaxın qohumumuz rəhmətlik Ələkbər əmi məclisimizdə iştirak edir. Və məni səsləyib əlində türbə formasında hazırlanmış stolüstü saatı göstərib deyir ki, onu qara haşiyə ilə bağlanmış portretin yanına qoyun. Saatı alıram, görürəm ki, işləmir, — deyirəm, bu işləmir, bunu ora qoymağın nə mənası? Ələkbər əmi: «Daşları bura düşüb, — o, yerdən batereyaları götürüb saata qoşdu, — qoy, bu saat işləsin, yoxsa, uşaqların da zamanı dayanar» — dedi.


…Yuxudan qan-tər içində ayıldım, qəhər məni boğa-boğa da olsa özümü ələ alıb, bu mistik düşüncənin reallıqla əlaqəsinə varmadan saatların işləməsinə cavabdeh olduğumu dərk elədim. Rəhmətlik Ramiz Mirişlinin oğlu Nazim Mirişli deyirdi ki, atam dünyasını dəyişdəndə saat 20:40 idi. Səhəri gün gördüm ki, onun iş otağındakı saatın əqrəbləri də 20:40-da donub, dayanıb. Bu, saat hadisəsini bir mistika kimi qəbul etsəm də, faydasızlığını anlasam da, param-parça olan ruhumun rahatlığı naminə bunu etməli oldum. Gedən, getmişdi. Belə deyim var: «Fələk aldığını geri verməz».


…Və bildim ki, bizim borcumuz onun amallarını yaşatmaqdır. Ulu tanrı hər kəsə bir tale yazır. Onun da talehinə qürbət ellərdə vətən həsrəti ilə yaşamaq yazılıbmış.


Təsəllimiz odu ki, Ömrü qısa olsa da, qardaşım Sərraf mənalı və dəyərli, örnək olası, nümunə göstəriləsi bir həyat yaşadı. 55 illik həyatının 35 ilini Rusiya Fedarasiyasının İvanovo səhərinə bağladı, o şəhərlə doğmalaşdı. Uzaq ellərdə hər kəsin sevimlisinə çevrildi. Həmyerlilərini bir araya alıb diaspora təşkilatı yaratdı və vətənpərvərlik nümunəsi göstərdi. Nəinki millətimiz, vətənimiz üçün faydalar verdi, eyni zamanda bütün ivanovolıların hörmətini qazanmağı bacardı. Humanizmi, qayğıkeşliyi, səmimiliyi və sadəliyi məhəbbət və etimad qazandırdı Sərrafa. İnsanlara təmannasız yanaşması və ədalətli mövqeyi sevdirdi onu. Bu sevginin bəhrəsini də gördü qardaşım. Bu sevgiylə də Sərrafı IV, V və VI çağırış İvanovo dövlət dumasına deputat seçdilər. O, da şərəflə, ləyaqətlə xidmət göstərdi, həm dövlətə həm də seçicilərinə, dolandı pərvanə kimi, əridi şam kimi…


…Qürbətdə Vətən daha şirin olur, deyirlər. O, bu şirinliyi hər kəsə yaşatmaq üçün vaxtaşırı yerli əhalini Azərbaycan mədəniyyəti ilə tanış edir, tariximizi, adət-ənənələrimizi, milli mətbəximizi nümayiş etdirən festivallar keçirir və Azərbaycanın əlamətdar günləri ilə bağlı tədbirlər təşkil edirdi.


S. Məmmədovu İvanovo vilayətində həm də xeyriyyəçi kimi tanıyırdılar. Onun təşəbbüsü ilə rəhbərlik etdiyi qurumlar 2003-cü ildən müharibə və əmək veteranları evlərini və İvanovo vilayəti vərəm əleyhinə dispanserin “Beloçka” uşaq şobəsini himayəyə götürmüşdü. Sülhməramlı və xeyriyyəçilik fəaliyyətinə, gənc istedadlara və idmançılara göstərdiyi qayğıya görə “Mesenat Ulduzu” ordeni və Mesenat Qızıl Fəxri Fərmanı ilə təltif olunmuşdu.


Sağlam həyat tərzi keçirən Sərraf Məmmədov daim idmanla məşğul olurdu. O, əlbəyaxa döyüş növü üzrə Rusiya Federasiyasının çempionu və idman ustası idi.


H. Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Rusiyada Rusiya Azərbaycanlılarının Gənclər Təşkilatı (RAGT) fəaliyyət göstərir. Həmin təşkilatın Liderlik Qış məktəbinin növbəti IV və V maarifləndirici tədbirləri S. Məmmədovun rəhbərliyi ilə İvanovo şəhərində keçrilmişdi.


2006-cı ilin mart ayında Bakıda keçrilən Dünya azərbaycanlılarının II qurultayında Azərbaycan Respublkası prezidentinin fərmanı ilə Rusiya və Azərbaycan xalqlarının arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsində göstərdiyi fəaliyyət və töhfələrə görə “Tərəqqi” medalı ilə təltif edilmişdi.


2009-cu il yanvar ayında “Rusiya xalqları assambleyası” tərəfindən beynəlxalq dostluq əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsində göstərdiyi qayğı və töhfələrə görə “Xalqlar Dostuğu Rusiyanın birliyidir” medalı ilə təltif edilmişdi.


2015-ci ildə İvanovo Vilayəti Qubernatorunun fərmanı ilə İvanovo Vilayətində çoxillik fədakar zəhməti, yerli idarə etmənin inkişafında böyük töhfəsi və ictimai fəaliyyəti ilə əlaqədar olaraq fəxri fərmanla təltif edilmişdi.


S. Məmmədov ictimai və deputat fəaliyyəti ilə əlaqədar şəhər rəhbərliyi və ictimai təşkilatların, o cümlədən, Sülh fondunun İvanovo şöbəsinin çoxsaylı təşəkkür məktublarını və təltiflərini almışdır. O, Rusiya Sülh Fondunun qızıl medalı və Rusiya prezidentinin mərkəzi federal vilayətləri üzrə səlahiyyətli nümayəndəsinin təşəkkürnaməsi ilə təltif edilmişdir.
Şəhərin ictimai-siyasi həyatında fəal iştirakına, yerli idarəetmənin inkişafına göstərdiyi xidmətlərə görə şəhər rəhbərliyinin fəxri fərmanlarına və Bələdiyyələrin normativ bazalarının və yerli idarəetmənin təkmilləşdirilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə İvanovo Dövlət Dumasının Fəxri Fərmanına layiq görülmüşdü.


Bu ağır gündə dərdimizə şərik olan, bizim acılarımızı bölüşən, hər kəsə ailəmiz adından təşəkkür edirəm! Allah hamınıza xeyir dualı günlər bəxş etsin! Allah cəmi ölənlərə qəni-qəni rəhmət eləsin! AMİN! Qəbirləri nurla dolsun! Başın sağ olsun, VƏTƏN!!!

Hacı Məmmədov

P.S. Dostumuz Hacı Məmmədovun ağır dərdinə şərik olur və mərhumun məkanı cənnət olsun deyirik!

На изображении может находиться: 1 человек, текст «скончался мамедов сегодня ночью в одной из больниц нижнего новгорода после операции скоропостижно скончался абильфатович мамедов, предприниматель, депутат ивановской городской думы. вечная память.»

Bu xəbəri paylaşın: