AVMVİB 81 minlik veteranlar ordusu İranda yaşayan soydaşlarımıza çağırış etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 81 minlik veteranlar ordusu adından İranda yaşayan 50 milyonluq türk əhalisinə çağırış edib.

Çağırış mətnində deyilir:

-Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verənlər, İranın sərhəddə və Qarabağda qeyri-qanuni fəaliyyəti, Azərbaycan düşmənçiliyini artırması və digər bu kimi məsələlər gündəmin əsas mövzusudur.


Öncə bildiririk ki, Birinci Qarabağ müharibəsiin ilk günlərində də İranın ermənilərə verdiyi dəstəyin canlı şahidləriyik. II Qarabağ savaşı günlərində də mollakratiyanın anti islam mahiyyəti bir daha çılpaqlığı ilə üzə çıxdı. Faktiki olaraq, həm mənəvi-siyasi, həm silah və daşımaçılığı yoluyla 68 müsəlman məscidini dağıtmış, murdarlamış, şiə məzhəbli Xocalı sakinlərini soyqırıma uğratmış, Qurani Kərim kitablarını murdarlamış, yandırmış bir İslam düşməni, əxlaqsız, mahiyyətcə faşizmə yuvarlanmış Ermənistanın yanında həyasızcasına gövdə göstərən İran rejiminin iyrənc xisləti bir daha üzə çıxmaqdadır. Bizlər İran mollakratiyasından bundan artığını gözləmirik. Onlar öz xislətlərinə uyğun olaraq fəaliyyət göstərirlər. Amma İran xalqı bunları bilməlidir.

Bu din, məzhəb tacirlərinin regiondakı mahiyyəti 100 ilə yaxındır ki, belədir. Amma «Stepanakert-Armenia» yol vərəqiylə yola çıxan Azərbaycan türkü olan sürücünü lənətləyir və qəlb ağrısı ilə izləyirik. Məhz Təbrizin, Xoyun, Makının, Ərdəbilin, Zəncanın, Urmiyanın, Həmədanın, Tehranın, Sulduzun, Marağanın, Mərəndin və qeyri adını çəkmədiyim şəhərlərin əsil sahibləri olan azərbaycanlıları, xorasanlıları, qaşqayları, şahsevənləri, türkmənləri, xələcləri və onlarla yanaşı əsil müsəlmanları İranın yürütdüyü bu anti İslam, anti məzhəb və işğalçıya yardım edən anti bəşəri addımlardan çəkindirmək üçün səslərini qaldırmalarını istəyirik.


Qəhrəman iranlı türk qardaşlarımız, azərbaycanlı qardaşlarımız öz etirazlarını və qəzəblərini 44 günlük Vətən müharibəsi günlərində işğalçıya silah daşıyan karvanlara qarşı göstərdilər. Bu gün sizin cibinizdən oğurladıqları milyardlarla dollar pulu yumaq üçün, onlarla ruh əkizi, xislətcə eyni olan erməni qardaşları ilə əlbir şəkildə İslam torpağı olan Qarabağı «boz əraziyə» çevirmişdilər. Qanunsuz silah ticarəti, narkotika, insan alveri, əxlaqsızlıq yuvaları və s. yoluyla əldə olunan qazanc xatirinə öncə dinini, sonra qardaşını satan mollaların əməlləri təkcə bunlarla bitmir.


Biz — Qarabağ döyüşlərində iştirak etmiş döyüşçülər adından İranda yaşayan soydaşlarımıza, bütün türklərə bildiririk ki, Ermənistanla İranın bu məkrli oyunlarına qarşı çıxmaq zamanıdır. Təbriz kimi daim öz fəallığı ilə seçilən bir şəhərdə «Stepanakert-Armenia» yol vərəqi yazılırsa, həmin avtomaşını Azərbaycan türkü idarə edib separatçılara mazut daşıyırsa bu xalqın sabahı çox qaranlıq görünür. Numunə olaraq İranda yaşayan 65 minlik erməni toplumunun erməni işinə dəstək vermələrinə diqqət yetirin. Hətta bu azsaylı toplumun 50 milyonluq türkü bir «Haykanuş eşqbazlığıyla», pul müqabilində öz xalqına qarşı işləməyə vadar etməsi çox utancvericidir. Utanmadan bizim dilimizdə danışan bu sürücülərin tək adı Vətən xaini, millət xaini və satqın ola bilər. Beş üç dollara görə milli mənliyinizi satmayın. Qalxın bu mollakratiyanın xalqımıza qarşı, istər İranda (Sulduz, Urmiya hadisələri), istərsə də müstəqil Şimali Azərbaycanda (Qarabağda) törətdiyi iyrənc əməllərə siyasi qiymət verin.


XXI əsr Türkün əsridir. Zorən farslaşdırılmış rejimin müddətinin bitməkdə olduğunu hər kəs bilməlidir. Biz illərlə İrandakı soydaşlarımızın xatirinə İrana dost münasibət bəslədik və molla rejimindən də dostluq gözlədik. Ali Baş Komandanımız cənab İlham Əliyev açıq mətnlə ABŞ-ın İrana müdaxilə üçün Azərbaycan ərazisindən istifadə edilməsinə qarşı çıxmışdı. Amma İran hər zaman düşmənin yanında oldu. Təbliğat və təşviqatla güya bizə yardımçı olmalarını, bəzi mənşəyi bəlli olmayan rejim nökərləri dilə gətirirlər. Amma bütün cəbhələrdə döyüşən şəxslərin birliyi olaraq biz bunu görmədik. Fərdi surətdə gələnləri isə molla rejimi zindanlarda öldürtdüyünü bilirik. Hələ də bu rejim öz çirkin əməllərini və anti Azərbaycan xislətini davam etdirir.


Ona görə də İranda yaşayan 50 milyonluq Türk toplumuna, o cümlədən azərbaycanlı qardaşlarımıza çağırış etmək qərarına gəldik. Yoxsulluq 1 il, amma töhmət min il gedər. Molla rejiminin bu yanlış siyasətinə səssiz qalmayın. Molla rejimi nə edirsə etsin, bizə fərq etməz, pislik onların missiyasıdır, amma türklər, xüsusən də özbəöz qardaşlarımız bu iyrəncliklərə vəsilə olmaqdan çəkinsinlər. Özünüz düşünün, qardaşınızı öldürənlərə yardım etməyin adı və cəzası nədir?

Bundan sonra Azərbaycanın sərhədlərinin qanunsuz pozan adamların adını əldə edib siyahılaşdırmağı və bu siyahını Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza göndərməyi planlaşdırırıq.

Bu xəbəri paylaşın:
  • 53
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •