17 sentyabr 2021-ci il tarixdə Şuşa istiqamətində atışma baş verib.
Bunu “Sputnik Armeniya” xəbər verib, bildirib ki, bu informasiyanı Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri yayıb.
Atışma zamanı Qarabağda fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələrinin üzvü olan 2 terrorçu ağır yaralanıb.
Xatırladaq ki, bu xəbəri yayan rus qüvvələri əslində bu terrorçuları ölkəmizdən çıxarmaq öhdəliyi götürüb. Amma hələ silah, erməni leşi və yaralısı daşımaqla məşğul olur.
Yayılan bu xəbərlə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov açıqlama verib:
«Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur».
«Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb.
Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub.
Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.
Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir», — deyə Anar Eyvazov əlavə edib.
P.S. Ona görə Simonyan Marqaritanın Rusiyanı öz informasiyaları ilə barmağına doladığını yazmaqdayıq…
Elnur Səlim

