
ELBARİZ MƏMMƏDLİ
Şair, jurnalist
Qonşu Rusiyada bütün dünyanın maraq dairəsində olan üç günlük «seçki»lər başa çatdı. Bizim və çoxlarının gözləntisinin əksinə olaraq, ruslar ümidli gələcəyə deyil, ziddiyyətlərlə dolu keçmişə səs verdilər. Bu nəyin əlamətidir? Cavabı çox qısadır. Rus «elita»sı nəyi düşünürsə, cəmiyyət də həmin düşüncəyə köklənib. Yəni, rus cəmiyyəti dünyayla ayaqlaşmaq, onun dəyərlərinə sahiblənmək fikrində- filan deyil. Yenə köhnə kommunist düşüncəsi və onların qanlı köynəyini tərs üzünə geyinmiş «yedinaros»ların şovinist niyyətləri seçkilərin mahiyyətini həll etdi. Eləcə də onların yedəyində ov tazısı kimi öz şər missiyasını yerinə yetirən liberal demokratlar «fəxri kürsü»də yerlərini aldılar.
Sovet sistemində seçki institutlarının hansı formada idarə olunduğunu nəzərə alaraq, bu seçkilərin necə keçirildiyindən danışmaq yersizdi. Amma maraqlı olan odur ki, dünyanın ən böyük dövlətində insanlar hələ də nostalgiyanın əsiridirlər və onlar üçün yüz qram arağı hər gün tapıb içmək , Vətənin sabahından daha vacibdir. Hərçənd ki, bu arağı tapmağa köklənmiş ümidlər də gündən günə sozalmağa doğru gedir. Hər gün bir addım neofaşizmə doğru sürüklənən rus cəmiyyəti , özünü gələcək bəlaların içinə aparır. Beş-üç dələduzun keçmiş SSRİ ni bərpa etmək vədləri rus cəmiyyətini əməlli-başlı çaşdırıb. Yəni , bu eyforiyanın içində onlar öz nüvə güclərinə güvəndikləri halda, başqalarının hansı potensiala malik olduğunun fərqinə varmağı unudublar.
Başqa bir məqam da var ki, Rusiyanı bütün dünyanın düşməninə çevirmiş hakimiyyət artıq aldanış limitinin bitdiyini anlayır və ömrünü bir az da uzatmaq üçün öz prinsiplərinin üzərində manevrlər edir. Bunun onlara nə qədər sərfəli olduğunu zaman göstərəcək. Hələ ki, Putin hakimiyyəti yalançi dünyaya ağalıq çağırışları ilə cəmiyyəti şirnikləndirməyi bacarır. Əslində isə, bu manevrlər şimal qonşumuzu hər gün parçalanmaya doğru bir addım yaxınlaşdırır.
Hazırda Rusiya Qarabağ da daxil olmaqla, bir neçə istiqamətdə müharibə vəziyyətinin içindədir. Sözsüz ki, bunlar İmperiyanı qorumağa, cəmiyyətin fikrini daxili problemlərdən yayındırmağa və hakimiyyətin ömrünü uzatmağa hesablanmış planlardır. Ən pis halda şovinizmi körükləmək və cəmiyyətin beynini real düşüncələrdən yayındırmaq, Kreml siyasətinin ana xəttində dayanır. Cəmiyyət düşünməyə macal tapmır ki, onun dövləti müharibə vəziyyəti kəskinləşərsə, neçə istiqamətdə və hansı güclə savaşmalı olacaq. Son Qarabağ savaşı göstərdi ki, Rusiyanın döyüş arsenalı artıq müasir müharibələrdə həlledici olmaq imkanını çoxdan itirib. Oynanan oyunlar rus xalqının gələcək varlığını belə sual altında qoya bilər. Doğrudur, Kremlin siyasətində eynilə sovetlər dönəmində olduğu kimi, xalq anlayışı yoxdur. Amma istənilən halda, aparılan siyasət dövlətə və xalqa yaxşı heç nə vəd etmir.
Seçkilər Rusiyanın işğalçılıq niyyətlərini bağıra-bağıra deyən siyasi dəllallığa yenə də nəfəs verdi. Dövlət Duması şovinizmin tribunası kimi qalmaq imkanını əlində saxladı. Bəlkə də demokratik baxımdan bir az rəngarənglik olsaydı, ümidverici bir fikir yürütmək olardı. Olmadı. Rus cəmiyyətinin böyük kəsimi KPRF-ə səs verməklə, hansı səviyyədə və düşüncədə olduğunu sübuta yetirdi. Onlar hələ də ümidlidirlər ki, sovet rejimi bərpa olacaq və ətraf ölkələr yenə də vassal kimi onların qulluğunda duracaqlar. Belə olan halda, cənub şərqdən Rusiyanın içərilərinə soxulmaqda davam edən Çin kommunistlərinə qoşulmaları daha məqsədəuyğun olardı. Çünki Çin iqtisadi güc baxımından Rusiyadan çox irəlidədir və gələcək niyyətləri də gün kimi aydındır.
Azərbaycanda yəqin ki, bu seçkilərdən sonra çiçəyi çırtlayanlar çoxdu. Əbəs yerə. Rus hakimiyyəti reallığa heç də onların düşündüyünü yaşamır. Sadəcə casus şəbəkələrinə ümidlər verib talançılığını davam etdirir. Bunun ən yaxşı nümunələrini haqqın və bizim yanımızda olan Maksim Şevçenko bütün reallığı ilə açıb ortaya qoyub.