Zəhmət olsa da oxuyun… Amma oxumasanız da olar…/Çünki təkrardır fevral 2018/
Xaqani Ədəboğlu
Bu yazıda xalqımızı iqtisadçıların termini ilə deyil, özünün qavradığı loru dildə başa salmağa çalışacam. Çünki siqaret qadağası olan çayxanalarda artıq xalq ötənlərdən qalmış cırıq kepkalarını qarşılarına qoyub başlarını qaşıya-qaşıya bir-birlərindən soruşmağa başlayıblar: BİZ NİYƏ BU GÜNƏ DÜŞDÜK?
Bu ümummilli sualınıza el dilində verdiyim cavabları anlamasanız, o zaman sizin işiniz Allaha qalıb. Çünki bu faktları hər biriniz öz həyatınızda yaşamısınız və görmüsünüz. İndi öz iqtisadi həyatınıza nəzər salaq…
7 fevral 2005-ci il tarixli denominasiya haqqında prezident fərmanının 1 yanvar 2006-cı ildə həyata keçirilməsi, ölkədə 5 qat bahalaşmaya səbəb oldu. «Ustalıqla» həyata keçirilən bu aktdan sonra «təzə» pulun şaxlığı xalqımızı məst elədi. «Uzaqgörən» və dözümlü xalqımız 1000 AZM-a (indiki pulla 20 qəpik, yəni 0,20 AZN) içdiyi çaya görə, çayxanalarda 1 AZN (köhnə məzənnə ilə 5000 AZM) verməkdən, ironilər demiş xoşnud oldular. Durub çaya 20 qəpik verəsi deyildilər ki? Ayıbdı. Yaxud da toyda şeşələnib başına «Məmməd» şülənlədiklərinin başına 20 qəpik vurası deyildilər ki? Araya qan düşərdi. Ona görə də məcbur olub burada da yeni manatımızı şabaş elədik.
Manatın «şax» duruşuna illərcə milyardlar xərclədik. Bu halətimizi görən sələmçi banklar «xalqın müflisləşdirilməsi»nin ikinci mərhələsinə start verdilər. Həm 1:5 nisbətindən qazanılan pular, həm də Avropa banklarından aldıqları aşağı faizli kreditləri 36-39 % ilə öncə Milli, daha sonra Mərkəzi Bankın araçılığı ilə bizlərə sırıdılar. Xalq bundan sonra 10 qat sürətlə müflisləşdirildi. Xalq arıqladıqca oliqarxlar kökəldi. Neft bumu reqresə uğrayınca, zərərləri kompensassiya etmək üçün bu piy basmış oliqarxların nəzərləri yenidən «cındırından cin hürkən» xalqın siçanlar oynayan ciblərinə zilləndi. Çünki bunların özgə bir iqtisadi model fikirləşməyə elmləri və vaxtları yoxdu. Bircə asan model «AL-VER» modelidir.
Devolvasiyaya start verildi. Ziyanı oliqarxlar deyil, yenə xalqın çiyninə yüklədilər. Bir vaxtlar 1 barell neftə görə 130 USD olduğu zaman ölkəyə 101 manat 40 qəpik daxil olurdusa, indi (AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar bahalaşaraq 67,31 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,78 dollar artaraq 63,55 dollar təşkil edib. 24.02.18). 63 USD qiymətiylə satışa görə 107 manat 10 qəpik daxil olmaqdadır.
Xatırladım ki, daxildə valyutamız və büdcəmiz manatla ifadə olunur. USD yalnız oliqarxların «cənnət üçün yığdıqları yorğan» materialıdır. Amma məmurların krizis, böhran minnəti bizi öldürür. Sanki dünyanı biz böhrana soxmuşuq və neftin milyonlarını bizlər göyə sovurmuşuq? Beləliklə, bizim milli «tüccarlarımız» bütün bu fərqi də bu ac-yalavac xalqın dərisindən çıxardılar. Amma əcəb elədilər. Biz buna layiqik. Sadəcə heç olmasa, bu korrupsionerlər əllərini ciblərimizdən çıxarsaydılar növbəti devolvasiyalara qəpik-quruş yığardıq. Aprel döyüşlərindən sonra isə erməni FETÖ və Haykanuşun bicləri bahalaşma ilə «qisas» əməliyyatına başladılar. Orasını da hamınız bilirsiniz…
Bəzi «maygülü»lər düşükcəsinə bizdə yoxsulluğun olmadığından dəm vururlar. Amma baxıram ki, onlar da elə sizin qədər kimlərin yoxsul sayılmasını bilmirlər. Bu gün beynəlxalq aləmdə gündəlik qazancı 5,5 USD=9,35 manat olmayan şəxslər yoxsul sayılır. Bu pulu isə, heç 30 gün işə gedənlər qazana bilmirlər. Bizdə yoxsulluq ləğv edilibsə, bunun nəsə bir bolşevik metodu var və bunu «milli kommunistlərimiz», yəni antimilli koopitalistlərimiz bilirlər…
Hərdən bu xalqın bunca basqılara rəğmən iqtasadi varolma səbəblərini düşünüb tapa bilmirəm. Möcüzə elə bax budur…
Dünya bazarında neftin qiyməti düşər, bizdə benzinin qiyməti qalxar. Neyləyək, mal onların, bazar onların. Birjalarda dolların qiyməti düşər, bizdə qalxar. Nə edəsiyik, aş onların, qaşıq onların. Daxili bazarda dollar qalxan kimi qiymətlər «uçar». Dollar düşər, amma, yenə qiymətlər qalxar. Dollar onların, mallar onların. Bizim iqtidarın gücü çatdığı təkcə yazıq yumurtadı. O da «düşüb qalxmaqdan» cücə çıxarmasa yaxşıdı. Bunlar faciəli deyil. Hökumətdəkilər özlərini itiriblər. Guya özlərini elə göstərirlər ki, neft ucuzlaşıb deyə, bunlar da həyacan keçirirlər. Yuxarıda daxil olmada artımı sizə çatdırdım. Demək, manatımızın tədavül «qeyrəti» yoxdur. Bu da cəhənnəmə. Bizi bu çıxılmaza salan tək səbəb rüşvətxorluqdu, monopoliya və tayfabazlıqdı. Bəzi «donquli» analitiklərimiz demiş,»dünyanın hər yerində belə şeylər» var. Razıyam. Onlar da dövlətdən oğurlayırlar, amma öz xalqlarının şəxsi cibinə girməzlər. Girənə də manyak kimi baxarlar. Amma nəmxuda «bizimkilər», dövlətin verdiyinə «zəhmət haqqı», dövlətdən oğurladıqlarına «qazanc», bizdən oğurladıqlarına isə «hədiyyə» deyərlər.
Sovet dövrü Moskvada sərgidə Ermənistan və Azərbaycanın istehsalı olan karamelləri yoxlayanlar təəccüblə bir erməni mütəxəssisdən soruşurlar: «Sizin respublikalara eyni qarışıqlar veririk. Niyə sizinki dadlı olur, Azərbaycanın konfeti isə dadsız?»
Erməni mütəxəssis belə cavab verir: «Prinsipcə hər iki xalq oğurluq edir. Amma azərbaycanlılar lazım olan qarışıq maddələri oğurlayır, biz isə məhsulu istehsal edib hazır məhsuldan oğurlayırıq»…
Amma düşmən sözü olmasın, bu gün hər ikisindən oğurluq etməyimiz bir az məni şübhəyə salır.
Sovet dövrü «Gənclik» jurnalında bir yazım dərc edilmişdi: «Bizi 1 qəpik öldürür, ay adamlar». Yazıda kommunistlərin bizə normal yaşayış üçün tələb olunan 1 manat əvəzinə 99 qəpik verdiyini yazmışdım. Və bu 1 qəpiyə görə oğru, rüşvətxor, şərəfsiz, fahişə, yaltaq olmağa məhkum edilirik. Bu gün daha müstəqilik və bizim tələbimizə elə o 1 manatın özü çatmır. Yəni bu gün BİZİ BİR MANAT ÖLDÜRÜR, AY ADAMLAR!..
Dəyərli həmvətənlərim, anlada bildimmi?
