Rusiya sülhməramlıları Qarabağda sakinin «atəş nəticəsində ölümünü» araşdırır

Rusiya Müdafiə Nazirliyi oktyabrın 9-da Azərbaycan tərəfindən atəş nəticəsində Qarabağda mülki sakinin yaralanaraq öldüyünü bildirib.

«Oktyabrın 9-da Mardakert rayonunda təmas xətti yaxınlığında kənd təsərrüfatı işləri zamanı Azərbaycan tərəfindən atəş nəticəsində Madağiz kəndinin mülki sakini ölümcül yaralanıb. Rusiya kontingentinin komandanlığı hər iki tərəf nümayəndələrinin iştirakı ilə insidentlə bağlı araşdırma aparır».

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ağdərə (Mardakert) istiqamətində atəş açılması barədə Ermənistanda yayılan məlumatları təkzib edib.

«Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir», Nazirlik oktyabrın 9-da bildirib.

Şənbə günü Ermənistan mediasında yayılan xəbərdə Azərbaycanın Qarabağ bölgəsindəki Ağdərə istiqamətində açılan atəşlə yerli sakinin öldürüldüyü bildirilir.

Həmin vaxt Ermənistanın Müdafiə Nazirliyi həmçinin bildirib ki, sərhədin Naxçıvan hissəsində Azərbaycan tərəfindən açılan atəş nəticəsində bir hərbçinin yaralanıb.

«Oktyabrın 9-da, təxminən saat 12:50 radələrində, müqavilə ilə xidmət edən hərbi qulluqçu, sıravi Misak Vardanoviç Xaçatryan Ermənistan-Azərbaycan sərhədinin Ararat rayonunun Yerasx hissəsindəki erməni mövqeləri istiqamətində Azərbaycan bölmələrinin açdığı atəş nəticəsində yaralanmışdır».

Yay aylarında Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar nəticəsində ölən və yaralananlar olub.

Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Ötən il sentyabrın 27-də Ermənistan-Azərbaycan arasında baş verən və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb.

Həmin bəyanata əsasən, Rusiya sülhməramlıları atəşkəsə nəzarət etmək üçün Qarabağa yerləşdirilib.

Mənbə: BBC

Bu xəbəri paylaşın: