ŞAH İSMAYIL, ƏHLİ-BEYT İMAMLARI VƏ SASANİ ŞAHININ QIZI ŞƏHRİBANU?!

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

Bugün Azərbaycan Səfəvilər imperiyasının qurucusu, müqəddəs övliya Şah I İsmayıl Səfəvinin ünvanına səsləndirilən ittihamlardan biri belədir: “O, Sasani şahı III Yezdigərdin nəslindən olan İmamların məzhəbini öz dövlətinin rəsmi etiqadına çevirməklə Sasani-fars ənənələrini dirçəltmişdir”.

Bu iddianın başdan-ayağa əsassız olduğu şübhəsizdir. Lakin söhbətimizin mövzusu onun yalnız bir elementi – İmam Zeynəlabidin (659–713) əleyhissəlamın guya sonuncu Sasani şahının nəvəsi olması barədə məlumatdır.

Qeyd etmək lazımdır ki, həqiqətən də bəzi rəvayətlərə görə, Muhəmməd Peyğəmbər (570–632) səllallahu əleyhi və alihi və səlləmin nəvəsi İmam Hüseyn (626–680) əleyhissəlam  sonuncu Sasani hökmdarı III Yezdigərdin (624–651) qızı Şəhribanu ilə evlənmiş, guya İmam Zeynəlabidin (ə) məhz bu izdivacdan dünyaya gəlmişdir.

Belə görünür ki, İmam Zeynəlabidinin (ə) soyundan olan bütün seyidlər ulu nənələri Şəhribanunun xətti ilə nəinki Sasani şahlarına, həm də onların öz əcdadı hesab etdikləri Əhəməni hökmdarı I Artakserksə (e.ə. 491–424) bağlanırlar. Sonuncunun atası I Kserks (e.ə. 519–465) Böyük Küruşun qızı Atossanın (e.ə. 550–475) və I Daranın (e.ə. 550–486) oğludur.

Lakin sünni alimlərinin əksəriyyəti, şiə alimlərinin isə bir hissəsi İmam Hüseynin (ə) Şəhribanu adlı həyat yoldaşının olması faktını ümumiyyətlə şübhə altına alırlar. Bunun üçün əsas da vardır. Şəhribanu, şəxs adından daha çox titula və ya ləqəbə bənzəyir. Hərfi tərcüməsi “şah qızı”dır. Rəvayətlərə görə, bu qadının əsl adı Cahanşah olmuş, Şəhribanu adını ona İmam Əli əleyhissəlam (602–661) öz oğlu İmam Hüseynlə (ə) evləndirərkən vermişdir. Şəhribanunun doğum və ölüm tarixləri haqqında məlumatlar ziddiyyətlidir. Bəzi hədislərdə onun İmam Zeynəlabidini (ə) dünyaya gətirərkən, digərlərində isə Kərbəla faciəsi ərəfəsində, yaxud qırğından sonra dünyadan getdiyi və ya qeyb olduğu göstərilmişdir.

Bir fikrə görə, Əhli-Beyt İmamlarının (ə) soykökünün ana xətti ilə Sasanilərə bağlanması onların iranlılar tərəfindən daha çox sevilməsinə səbəb olmuşdur. Lakin bu rəy mübahisəlidir. Belə ki, tarixçi Xuzalinin məlumatına əsasən, “Əməvi xəlifəsi III Yezid ibn Vəlidin (701–744) anası sonuncu Sasani hökmdarı III Yezdigərdin oğlunun qızı idi”.[1]­ Buna baxmayaraq, iranlılarda III Yezidə qarşı heç bir rəğbət hissi olmamışdır. Həmçinin İmam Hüseynin (ə) əsas qatillərindən birinin – Ubeydullah ibn Ziyadın da (648–686) anası fars qızı idi.

Haşiyə. Əhli-sünnənin ən məşhur imamı Əbu Hənifə Numan ibn Sabitin (699–767) ata babası Zuta Sasani mərzbanının (valisinin) nəslindən idi. Bir fərziyyəyə görə, həmin Zuta Sasani şahı III Yezdigərdin nəvəsidir. Əlavə edək ki, əhli-sünnənin ən nüfuzlu hədis alimi Muhəmməd ibn İsmayıl Buxari (810–870), eləcə də böyük ilahiyyatçı və filosof Muhəmməd ibn Muhəmməd Qəzzali (1058–1111) də milliyyətcə fars olmuşlar. Əhli-sünnənin ikinci nəhəng hədis alimi Müslim ibn Həccac Nişapurinin (821–875) də fars olduğu ehtimal edilir. Sələfiliyin indiki formasının banisi Əhməd ibn Əbdulhalim ibn Teymiyyə (1263–1328) isə kürd idi.

Yuxarıda göstərdiyimiz kimi, şiələrin bir hissəsi inanır ki, sonuncu Sasani hökmdarı III Yezdigərdin Şəhribanu adlı qızı olmuş, müsəlmanlar İranı fəth etdikdən sonra həmin qız İmam Hüseynlə (ə) ailə qurmuş və bu nikahdan İmam Zeynəlabidin (ə) dünyaya gəlmişdir. Şəhribanu Kərbəla döyüşü ərəfəsində vəfat etmiş və ya faciədən sonra Yezidin əsgərləri tərəfindən təqib edilərkən dağların arasında qeyb olmuşdur.

Bugün İranda yaşayan zərdüştilərin rəvayətlərinə görə, III Yezdigərd məğlubiyyətə uğradıqdan sonra onun qızı Nikbanunu ərəb əsgərləri təqib etməyə başlamış, əsir düşəcəyini görən şahzadə onu bu aqibətdən xilas etməsi üçün Ahura Mazdaya dua etmiş, Tanrı da bu yalvarışları eşidərək dağı aralamış və şah qızını orada gizlətmişdir. İranın Yezd ostanının Ordoğan şəhristanının Çak-Çak kəndinin ərazisinə aid olan həmin məkanda  məşhur zərdüşti məbədi yerləşir. Pirəsəbz adlanan bu məbəddə Nikbanunun göz yaşlarından yarandığı deyilən bulaq və şahzadənin əsasından bitdiyinə inanılan ağac vardır. Ziyarətgahın dəmir qapılarının üzərində Əhəməni döyüşçülərinin təsvirləri həkk olunmuşdur. Bu məbədin zərdüştilikdəki əhəmiyyəti o qədər böyükdür ki, onun ziyarətini Zərdüşt həcci də adlandırırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan zərdüştilər hər il iyun ayının 14-dən 18-dək sonuncu Sasani hökmdarı III Yezdigərdin qızı Nikbanunun ziyarətinə gəlirlər. Ənənəyə əsasən, məbəd görünən kimi zəvvar nəqliyyat vasitəsindən düşməli və yolun qalan hissəsini piyada qət etməlidir.

Zənnimizcə, Pirəsəbz məbədinin Nikbanu əfsanəsinə bağlanması çox mübahisəli məsələdir. Ola da bilər ki, bu ziyarətgah hətta Əhəməni şahı III Dara (e.ə. 381–330) və Makedoniyalı İsgəndər (e.ə. 356–323) dövründən yadigardır.

Beləliklə, şiələrin bir hissəsinin inandığı Şəhribanu obrazının, əslində, zərdüştilərin müqəddəsləşdirdikləri Nikbanu obrazı əsasında yarandığını ehtimal edə bilərik. Lakin bunun əksini də iddia etmək olar. İstənilən halda artıq formalaşmış təsəvvürləri dəqiq faktlarla təsdiq və ya təkzib etmək mümkün deyil.

P.S. Daha etibarlı hesab edilən hədislərə görə, İmam Zeynəlabidinin (ə) anasının adı Qazala olmuşdur. Xanım Qazalanın əsli Sind ölkəsindən – indiki Pakistandan idi.

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili


[1] Ф.М.Асадов. «Арабские источники о тюрках в раннее средневековье», с. 101.

Bu xəbəri paylaşın: