Azərbaycan Rəssamlar İttifaqı və Karikaturaçı Rəssamlar Birliyinin üzvü, beynəlxalq sərgilərin, müsabiqələrin laureatı Kirman Abdin 62 illik ömrünün yarıdan çoxunu təsviri sənətə həsr edib.

KİRMAN ABDİN
Rəssam
Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rəssamlıq fakültəsində təhsil alan Kirman Abdin əsasən plakat ustası kimi tanınır. Sənətkarın yaradıcılığında prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma) və qrafika əsərləri aparıcı yer tutur. O, xalqımızın tarixi-mədəni yaddaşında iz salan bir çox əlamətdar hadisələrə əsərlər həsr edib.

Mən Kirman Abdini birgə işlədiyimiz «Gənclik» jurnalından tanımışam. Öz dövründə ölkənin ən oxunaqlı jurnalının dizaynında rəssam Gündüz Əlizadə ilə birgə Kirman Abdinin illistürasiyaları jurnalı oxucular üçün daha cazibədar edirdi. Bu işdə ölkəmizdə az sayda olan qrafik rəssam kimi Kirman Abdinin öz payı vardı. Bu illər ərzində daim yaradıcılıqla məşğul olan bir rəssamın bu gün diqqətdən kənarda qalması qəlbimizi ağrıdır. Onlarla təkrarsız rəsm əsərinin müəllifi və onlarla uğurlu sərgi keçirmiş rəssam Kirman Abdinlə son zəngləşmədə, istedadsızlara sağa-sola paylanan adlardan, heç olmasa bir istedadlı yaradıcı şəxsə pay düşdüyünü soruşdum. Bu faciədir. Bir rəssamı qiymətləndirmək üçün dəfələrlə çox olan orjinal əsəri olan bir şəxsin 40 illik yaradıcılığına biganə münasibət, yalnız Azərbaycanın aidiyyatlı nazirliyində ola biləcəyini bir daha anladım.
2016-cı il aprelin 28-də Rəssanlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda rəssam Kirman Abdinin Məmməd Araz yaradıcılığına həsr olunmuş “İsinsin azacıq bu daş duyğular” adlı fərdi yaradıcılıq sərgisində baxdığım və valeh olduğum sərgini xatırladım. Sərgidə nümayiş etdirilən hər bir əsərdə rəssam K. Abdin sanki sözün rəsmini çəkmişdi. Bu heyrətamiz əsərlərin hər birini ayrılıqda şedevr saymaq olardı. Elə ona görə də sənət adamları və geniş ictimaiyyət tərəfindən dərin maraq və rəğbətlə qarşılanmışdı. Çünki Məmməd Araz poeziyasına və fəlsəfəsinə Azərbaycan təsviri sənət aləmində çox az rəssamlar müraciət edib. Doğrudan da Məmməd Araz poeziyasının və yaradıcı təxəyyülünün bədii görüntüsünü və bədii estetik obrazını yaratmaq ilk növbədə, rəssamdan xüsusi məsuliyyət tələb edir. Rəssam kimi bu işi bacarmışdı Kirman Abdin. M. Arazın bədii ustalıqla dediyi fikir və düşüncələrin rəsmə köçürə bilmişdi. Sərgidə iştirak edənləri heyrətləndirən də elə bu üslub idi. Sərgidə nümayiş olunmuş əsərlər “Məmməd Araz qrafik albomu” adı altında çap olunub.
Qarabağ uğrunda gedən döyüşlər və apardığımız milli mücadilə də rəssamın daimi mövzularındandır. Həm «Gənclik» jurnalında, həm də «Fədai» qəzetinin yaradılmasında (1994-cü il) öz ideoloji əsərləri ilə daim öndə olan rəssamlarımızdan olub. 2020-ci ilin Vətən müharibəsində qazandığımız parlaq Qələbədən təsirlənən rəssam “Zəfər tarixinin şahidi” qrafik əsərini yaradıb. Prioqrafiya üsulu ilə işlənən əsərdə Zəfərin şahidi ağsaçlı anadır. Müəllif Qələbənin Şuşanın azad olunması ilə təmin edildiyini mədəniyyət paytaxtımızın rəmzi sayılan xarıbülbül çiçəyi, 28 illik işğal zamanı nisbətən salamat qalmış Yuxarı Gövhər ağa məscidi və Azərbaycan-Türkiyə birliyinin simvollaşdıran iki qardaş ölkənin birləşmiş bayraqları fonunda təqdim edib.
Kirman Abdin yaradıcılığında vətəndaşlıq mövqeyi və Vətən mövzusu qabarıq şəkildə özünü biruzə verir. Xüsusiylə plakat rəssamlığı sahəsində uğurlu əl işləri ilə tanınmasında rəssamın yaradıcılığında özünəməxsusluq əsas rol oynayıb.
Bunca çoxşaxəli və dəyərli əsərlər yaratmış, həyatını yaradıcılığa həsr etmiş rəssama bu günədək heç bir diqqətin göstərilməməsini ictimailəşdirməyi öz borcum bildim. İnanmaq istərdik ki, Rəssamlar İttifaqı və Mədəniyyət Nazirliyi dəyərli rəssamımız Kirman Abdin yaradəcılığına layiq olduğu qiyməti verəcəklər.
Xatırladaq ki, Kirman Abdinin Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda (2012, 2016) və Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi zalında (2016) sərgiləri keçirilib. O, 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FECO) Azərbaycan qrupunun üzvüdür.
Xaqani Ədəboğlu











