Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı müzakirə ediblər

Türkiyə və Azərbaycan nümayəndələri hərbi sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi açıqlamasında deyilir.

Məlumata əsasən, əməkdaşlıq barədə mövzu SHXÇDX-nın rəisi general-polkovnik Arzu Rəhimovla Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçının arasında müzakirə olunub.

«Görüşdə Azərbaycan-Türkiyə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hərbi sahədə əməkdaşlıq, o cümlədən hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib», — SHXÇDX saytında yayılan açıqlamada deyilir.

Türkiyə ilə Azərbaycan hərbi əməkdaşlıq sahəsində yaxından əməkdaşlıq edirlər. Buraya Azərbaycan hərbçilərinin Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq daxildir.

İyun ayında Türkiyə və Azərbaycan liderləri «Şuşa bəyannəməsini» imzalayıblar. Bu sənəd, o cümlədən hərbi sahədə iki ölkənin daha yaxın fəaliyyətinin təşkilini nəzərdə tutur.

Mənbə: BBC

Bu xəbəri paylaşın: