Oktyabrın 20-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə keçirilmiş üçtərəfli işçi qrupun 8-ci iclasında Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib.
Rusiya hökumətinin yaydığı məlumata görə, iclasda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanat çərçivəsində görülən işlərin gedişi müzakirə olunub.
Görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iştirak ediblər.
Rusiya hökumətinin verdiyi məlumata görə, tərəflər 8-ci iclasın ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsinə razılaşıblar.
Azərbaycan görüşlə bağlı təfərrüatlı məlumat verməyib.
Azadlıq Radiosunun erməni xidməti yazır ki, görüş bağlı qapılar arxasında keçib.
Media orqanı öz mənbələrinə istinadən xəbər verir ki, tərəflər əsas məsələlərlə bağlı hələ razılığa gələ bilməyiblər.
Oktyabrın 20-də İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş, Ermənistanla sərhəddə yerləşən Zəngilana səfər edən Azərbaycan Prezidenti Zəngilanda beynəlxalq hava limanının olacağını və rayonun ölkənin nəqliyyat-logistika mərkəzinə çevriləcəyini deyib.
O əlavə edib ki, Moskvadakı üçtərəfli işçi qrupun görüşündə nəqliyyat kommunikasiyası ilə bağlı Azərbaycanın mövqeyi bir daha səslənəcək: «Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları — bütün infrastruktur qurulacaq».
Ermənistan baş nazirin müavini Mher Qriqoryan Moskva səfərindən əvvəl jurnalistlərə verdiyi açıqlamasında bildirmişdi ki, Ermənistanın regionda kommunikasiyaların bərpası və dəmiryolunun açılmasına dair «müəyyən təsəvvürləri» var.
Bu görüş ərəfəsində Ermənistan mediası Azərbaycanın Ermənistana 5 erməni hərbçisini geri verdiyini bildirib. Ermənistan müharibədən sonra saxlanan erməni hərbçilərin «əsir» olduğunu deyir, Azərbaycan isə bildirir ki, onlar müharibənin bitməsindən sonra ölkəyə daxil olub və anti-terror əməliyyatı zamanı saxlanaraq məhkəmədə mühakimə ediliblər.
Azərbaycan və Ermənistan 1 il əvvəl baş vermis və 44 gün çəkmiş İkinci Qarabağ müharibəsindən sonra regionda nəqliyyat kommunikasiyalarının açılmasını istəsələr də, hələlik bu istiqamətdə konkret addımlar atılması üçün razılığa gələ bilməyiblər.
Mənbə: BBC
