Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Türkiyə Prezident Administrasiyasının verdiyi xəbərə əsasən, Prezident İlham Əliyevin dəvəti əsasında Rəcəb Tayyib Ərdoğan 26 oktyabr 2021-ci il tarixində Azərbaycana birgünlük səfər edəcək.
Bildirilib ki, Türkiyə Prezidenti Azərbaycan dövlət başçısı ilə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda Türkiyənin də dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılacaq.
“Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, hazırkı regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq”, — məlumatda qeyd olunub.
Bu anlarda Ankaradan yola düşən Türkiyənin A 400M nəqliyyat təyyarəsi Füzuli beynəlxalq hava limanına eniş etmək üzrədir.
Bu barədə Facebook sosial şəbəkəsində məlumatlar paylaşılıb.
Amma bununla bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sabah Füzuli aeroportunun açılışında iştirak edəcək.
