
Abbas Hüseynli
AVMVİB sədrinin müavini, xüsusi olaraq Fedai.az üçün
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2004-cü il 19 yanvarda Azərbaycan Respublikası Prezidenti 16 nömrəli fərmanla «Azərbaycan Respublikasının «Xarici İşlər Nazirliyi haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamədə göstərilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi: «Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının onun siyasi, iqtisadi və digər maraqlarını diplomatik üsul və vasitələrlə təmin edir».
02 aprel 2004-cü il tarixdən Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri TƏYİN EDİLİB. İndiyə qədər bu şəxsin Azərbaycan xalqının ərazisini işğal edən və bizdən hər an yeni torpaqlar əldə edəcəyi ilə təhdid edən Ermənistan dövlətinə qarşı necə loyal münasibət bəsləməsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığı sahəsində gördüyü işlər hamımıza məlumdur.
21 aprel 2020-ci il tarixdə Rusiyanın Xarici İşlər naziri bizə düşmən olan Lavrov Azərbaycanın işğal olunmuş bəzi rayonlarının mərhələli yolla azad olunacağına və Dağlıq Qarabağ məsələsinin də danışıqlar yolu ilə həlli barədə açıqlama vermişdir. Bu açıqlamadan dərhal sonra Ermənistanın Xarici İşlər naziri Mnatsakanyan Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini qəti şəkildə bildirdi. Onun bu bəyanatı Beynəlxalq Hüquq normalarına zidd olmaqla birlikdə, həm də onu bir daha təsdiqlədi ki, buzim işğal olunmuş ərazilərimiz Ermənistan tərəfindən işğal edilmişdir. Hansı ki, Ermənistan rəhbərliyi dəfələrlə Beynəlxalq görüşlərdə bildirirdi ki, münaqişə Dağlıq Qarabağla Azərbaycan dövləti arasında gedir.
Ermənistan Respublikasının Xarici İşlər nazirinin bəyanatına cavab olaraq Azərbaycan cəmiyyəti gözləyirdi ki, Azərbaycanın Xarici İşlər nazirliyi bəyanat verərək Ermənistan dövlətinin işğalçı bir dövlət olmasını, ərazilərimizi işğal etməsini, indiyə qədər həmin dövlətlə sülh danışıqları aparılsa da, torpaqların işğaldan azad edilmədiyini və dünya dövlətlərinin Azərbaycan Respublikasının BMT-də qeyd edilən sərhədlərinin bərpası istiqamətində Beynəlxalq hüquq normaları çərçivəsində antiterror əməliyyatları aparacağı barədə bəyanat verəcəkdir. Bunların əksinə olaraq, E. Məmmədyarov cəbhədə atəşgəsin gücləndirilməsi, münaqişənin danışıqlar yolu ilə həll edilməsi və COVİD-19-a qarşı mübarizədən danışdı.Onun çıxışına qulaq asdıqda görürsən ki, sanki E. Məmmədyarov Azərbaycanın Xarici İşlər naziri deyil, Ermənistanın xarici işlər naziri kimi çıxış edir.
Biz görürdük ki, Ermənistanın Xarici İşlər naziri qəti şəkildə bildirir ki, ay Elmar Məmmədyarov mən Dağlıq Qarabağdan kənarda olan işğal edilmiş 7 rayondan bir qarış belə torpaq vermək fikrində deyiləm. Yaxşı, erməni nazir bunu nümayişkaranə olaraq deyirsə, Elmar Məmmədyarov Qarabağ məsələsi barədə Ermənistan rəhbərliyi ilə hansı danışıqlar aparmaq istəyir? Eləcə də atəşkəsin gücləndirilməsi bizəmi xeyirdir, yoxsa ermənilərəmi? Qaldı ki, COVİD-19-a qarşı birgə mübarizə aparmaq məsələsi, bu Səhiyyə Nazirliyinin işdir, nəinki, Xarici İşlər nazirliyinin.
Diplomatiya minilliklər boyu dünya siyasətində mühüm yer tutur. Dünya dövlətləri diplomatik yollarla müxtəlif siyasi prosesləri dayandıra bilmişlər.1918-20-ci illərdə Azərbaycan Xarici İşlər nazirliyi Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdi. Həmin dövrlərdə diplomatiya idarəsinin başında Əlimərdan Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyüsif Cəfərov olmuşlar. Onların hamısı türk tarixi və türk dünyasını tanıyan şəxslər idilər və Azərbaycan türkcəsi ilə sərbəst danışırdılar.
Onlardan fərqli olaraq bizim xarici işlər nazirimiz Azərbaycan dilində danışmağı belə bacarmır. Hətta deyirlər ki, bir dəfə Türkiyənin Xarici işlər naziri, Ermənistanın xarici İşlər naziri Vardan Oskaniyan və Azərbaycanın Xarici İşlər naziri E. Məmmədyarov bir yerdə görüş keçirirərkən Türkiyənin xarici İşlər Naziri türkcə sual verir ki, «hangi dildə konuşacağız?»
Ermənistan Xarici İşlər naziri türkcə cavab verərək deyir: «Bana fark etməz, efendim». Elmar Məmmədyarov isə rus dilində deyir: «məni bağışlayın, mən Azərbaycan dilində pis danışıram»…
… Bir dəfə nəvəm Fatimə ilə birlikldə televizorda Məmmədyarovun çıxışına qulaq asırdıq. Nəvəm məndən soruşdu ki, «dədə, bu kişi nə danışır?»
Mən dedim ki, bala, mən özüm hələ bu kişinin nə dediyini başa düşə bilmirəm, sən 1-ci sinfə gedən uşaq, nə başa düşəcəksən?
Doğrusu E. Məmmədyarova baxanda, adam öz-özünə düşünür ki, bu şəxsin hansı qabiliyyətinə, hansı savadına və hansı xidmətlərinə görə Xarici İşlər naziri postunda işləyir?
Ümumiyyətlə, xarici ölkələrdə olan səfirliklər barədə də xoş danışmaq mümkün deyil, lakin bizə düşmən olan Ermənistan Respublikasının xarici olkələrdə olan səfirlərinin fəaliyyəti göz qabağındadır. Görün nə qədər ölkə, olmayan «Erməni soyqırımını» qəbul etmişdir? Bunun bir günahı da xarici ölkələrdə olan səfirlərimizdədir.
İranla Ermənistan arasında ticarət və mədəni əlaqələr daim inkişaf edir. Bu inkişafda Ermənistanın İranda olan səfiri Artaşes Tumaniyanın rolu olduqca böyükdür. Məhz onun göstərdiyi işlər sayəsində Ermənistan 1000 meqavat (MİT) qədər elektirik enerjisi ixracına imkan verən üçüncü elektrik xəttinin inşasının başa çatdırılması barədə İran İslam Respublikası ilə razılığa gəlmişlər.
Biz Qarabağ uğrunda döyüşmüş veteranlar olaraq, Azərbaycan Respublikası Prezidentindən xahiş edirik ki, 2004-cü ildən Azərbaycan Respublikası Xarici İşlər naziri olmuş, Azərbaycan dilində danışa bilməyən, xarici siyasətimizi bərbad vəziyyətə salan Elmar Məmmədyarovu tutduğu vəzifədən azad edəsiniz.
Çünki biz görürük ki, Xarici İşlər naziri kimi Sizin Qarabağla bağlı yürütdüyünüz siyasi xətti gücləndirmək əvəzinə, zəiflətməklə məşğul olur. Ona görə ki, o şəxs heç bir vaxtı özü istefa verməz. Biz bilirik ki, Siz bunu edəcəksiniz. Lakin nə qədər tez etsəniz, o qədər yaxşı olar.
