ADI ZƏFƏRDİ, BU GÜNÜN

ELBARİZ MƏMMƏDLİ

Şair, jurnalist

Kim necə istəyir, düşünsün və dəyərləndirsin. Reallıq dəyişməyəcək. Çünki adı ZƏFƏRdi bu Günün. Bu qələbənin mayasında bütövləşmiş Xalq, hünər sahibi qəhrəman Ordu, son anda bu gücə güvənən Dövlət var.

Xalqa və onun ordusuna münasibət, hansısa dövlət məmuruna sevgi və ya nifrətlə tənzimlənmir. Hərçənd ki, bəziləri 44 günlük savaşa münasibətdə məhz bu mövqeni ortaya qoyurlar. Dövlətin başı ilə şəxsi davalarını milli dava kimi adamların gözünə soxurlar. Guya ki, ortadakı reallığı təkcə bu adamlar görüb duyurlar. Bəziləri hətta cəsarətlə deyirlər ki, keçdiyimiz savaş danışılmış savaş olub. Olsun. Danışılmış və ya danışılmamış hər bir savaşın içində qan var. Onsuz da müharibə olmalıydı və oldu da. İndi gəlin, müəyyən paralellər aparaq və görək burda ən çox itirən kim oldu?

Birmənalı cavab verirəm. Bu savaşda ən çox iturən düşük ermənilər, silah arsenalının satışı sual altına düşüb zərbə alan Rusiya, Fransa, ABŞ , İRAN və başqa ölkələr oldu. Doğrudur, ruslar fürsətdən istifadə edib, münaqişənin bitməməsi üçün Qarabağa soxulmağı bacardılar və «memarı»ı olduqları bu qanlı savaşın davamlılığına təsir göstərə bildilər. Amma nə əlahəzrət zaman, nə də donuz kimi istədiyi hər kola soxulan rus əvvəlki deyil. Elə bir imkanları olsaydı, heç nədən çəkinmədən, Azərbaycanda da Ukrayna sayağı bir oyun oynayardılar. Hərçənd ki, Azərbaycanda hakimiyyət orqanlarından tutmuş, aşağılara qədər yetərincə rus nökəri var. Əks cəbhədə dayanan və Azərbaycanın yanında olan qardaş, dost ölkələr rusların ümidini puça çıxardılar. Ruslar indi müxtəlif variantlara əl atmaqla, hadisələrin yönünü dəyişmək istəyirlər.

Torpaq mübadiləsini, Minsk Qrupunun varlığını, Zəngəzur dəhlizinin erməni xalqının iradəsindən asılılığını ortaya atıb, Azərbaycana təsir etmək fikrindən çəkinmirlər. Əvvəla, xatırlatmaq yerinə düşər ki, yuxarıda sadalananlarla bağlı Azərbaycanın ciddi və qəti mövqeyi ortadadır.Bu xətdən geri çəkilmək doğrudan da məğlubiyyətə bərabərdi. Heç , erməni köpəklərinin özləri də yenidən savaş meydanına atılmaq fikrində deyillər. Ortada haray-həşir salanları da əsasən, Rusiyanın və bəzi düşmən Qərb dövlətlərinin muzdlu xidmətçiləridi. Yəni, artıq erməni cəmiyyəti də anlamağa başlayıb ki, ortadakı düşmənlər başqalarıdı və onların xəstə niyyətləri heç vaxt reallaşmayacaq. Deməli, rusun cəngindən qurtulub, qonşularla münasibət qurmaqdan başqa yolları yoxdu. Bizim bunu istəyib istəməməyimiz isə, başqa söhbətin mövzusudur. Ermənilərə lazım olanlar, eynilə bizə də lazımdır. Ən başlıcası, bu xalq çar Rusiyasının işğalından üzü bəri yaşadıqlarının fərqinə varmalı, faciələrimizin «memar»lığının kimlərə məxsus olduğunu yaddaş dərsi kimi hər gün xatırlamalıdır.

Əsasən erməni daşnaklarının əli ilə törədilən bütün bəlalarımızın «memar»lığı çar, sovet və çağdaş rus dövlətinə məxsusdur. Ötən əsrin əvvəllərindəki qırğınlarla, 20 Yanvar, Xocalı, Tərtər, Gəncə hadisələri arasında paralellər aparsaq, ortaya həmin «memar» lığın nişanələri çıxacaqdır.

Sadəcə, bu gün Azərbaycanda formalaşmış düşmən şəbəkənin də faciələrimizdə ilhamverici tərəf olması, gərək unudulmasın. Ordumuzda illərlə soyqırım siyasəti aparmış düşmənçilik niyyətləri də bundan xəbər verir. Və bütün bunların tamaşaçısına çevrilən xalqın gözü önündə Şəhid ailələri nə, qazilərə qarşı haqsızlıqlar edilir. Deməli, fərdi olaraq, həm biz özümüz , həm də cəmiyyətimiz dəyişməli, haqqa dayaq olmalıyıq. Hələ davalar bitməyib. Bu xalqın öz içindən başlamaqla, böyük savaşlardan keçəcəyi şəksizdir.

Qazanılmış ilk ZƏFƏR həmin mübarək savaşların başlanğıcıdır. Ortada böyük istəklər, ciddi gözləntilərə istiqamətlənən ümidlər, qarşıda TURANa gedən yol var. Şəhidlərimizə əbədi ucalıq, qazilərimizə sağlamlıq arzusu ilə Yolumuz və Zəfərimiz mübarək olsun!

Bu xəbəri paylaşın: