AVMVİB sədri Ali Baş Komandanı təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə “Türk Dünyasının Ali Nişanı» ilə təltif olunması ilə bağlı Ali Baş Komandan cənab İlham Əliyevə təbrik ünvanlayıb.


Təbrikdə deyilir:


«Möhtərəm Przident!
Cənab Ali Baş Komandan!


Sizin Türk dünyasının bu dəyərli — “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmanız 83 minlik veteranlar ordusu tərəfindən coşquyla qarşılandı və müharibə veteranları adından bu ali mükafatın Sizə verilməsi münasibətiylə səmimi qəlbdən təbrik edirik!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması dövlətimizin başçısının türk dünyası qarşısındakı xidmətlərinə verilən ədalətli qiymətdir. Azərbaycan Liderinin istər Türk Şurasının yaranması və fəaliyyətinin təşkili, istər bu təşkilatın genişlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində gördüyü işlər strateji əhəmiyyət kəsb edir.


Əbəs deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə Ali Ordeni təqdim edərkən Onu Müzəffər Ali Baş Komandan adlandırdı və Qarabağda təxminən 30 il davam edən işğala məhz onun qətiyyətli rəhbərliyi ilə 44 gündə son qoyulduğunu bildirdi. Türkiyə Lideri bunun təkcə azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı.


Siz hakimiyyətdə olduğunuz illərdə yürütdüyünüz siyasi dəsti-xətt və qarşıya qoyduğunuz hədəflərin reallaşdırılması dünya siyasi arenasında bir siyasi Lider kimi nüfuzunuzu artırmış və bu gün Türk dünyası liderlərinin iştirakıyla verilən bu mükafat Türk dünyasında Sizin aparıcı rolunuzu bir daha təsdiqləmişdir.


Ali Baş Komandanımıza təqdim edilən Ali Ordeni Azərbaycan xalqının adından qəbul etməsi, milli liderin öz xalqı ilə birliyinin bir daha təsdiqidir. Həqiqətən də «Biz birlikdə güclüyük!» və «Biz daim Sizinləyik!»


Biz Sizinlə fəxr edirik və “Türk Dünyasının Ali Ordeni”nin ilkin olaraq Sizə verilməsi ilə qürur duyuruq!


Tanrı Sizi qorusun!»

Bu xəbəri paylaşın: