Şəhid Rəşid Hacıağa oğlu Baxışovun ailəsi köhnə döyüşçülər tərəfindən ziyarət olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və 713 nömrəli hərbi hissənin köhnə döyüşçülərinin birgə iştirakı ilə şəhidin ailəsini ziyarət ediblər. Ziyarət zamanı AVMVİB-nin təsis etdiyi Xatirə medalı AVMVİB Rəhbərliyi və şəhid Rəşid Baxışovun döyüş yoldaşları adından şəhidin anasına təqdim edilib.

Mərasimdə şəhid R. Baxışovun keçdiyi döyüş yolu xatırlanıb və ruhuna dualar oxunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, şəhidlər unudulmamalıdır. 713 saylı hərbi hissənin döyüşçüləri öz döyüş yoldaşlarını heç zaman unutmadılar. Bundan sonra da unutmayacaqlar. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür işlərdə daim örnək addımlar atan müharibə veteranlarına və xüsusən 713 saylı hərbi hissənin döyüşçülərinə öz minnətdarlığımı bildirirəm.



