ELİMİN GÖZƏLİ, ƏZƏLİ ŞUŞAM

44 günlük Vətən müharibəsi dövründə daim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi vasitəsilə cəbhədə baş verən yenilikləri həyəcanla izləyən, qələbə xəbərlərini evlərə daşıyan “Fədai” qəzetinin rəsmi veb saytının daimi oxucusu, hazırda xərçəng xəstəliyinin ağır formasından əziyyət çəkən müəllim bu şeiri məhz Şuşanın timsalında işğaldan azad olan bütün torpaqlarımıza, Vətən uğrunda əziz canından keçib şəhid olan qəhrəmanlarımıza və adlarını qürurla çəkdiyimiz Vətən müharibəsi qazilərinə həsr etmişdir.

Şagirdlərinin də bir neçəsinin şəhid olduğu 44 günlük Vətən müharibəsi dövründə xəstəliyini unudub şəhid analarının acı dərdinə şərik olan Radə müəllimin qələmə aldığı şeirin hər bir misrasında qəlbləri parçalayacaq acı fəryadla yanaşı, illərlə ürəklərdə nisgilə çevrilmiş Vətən həsrətinin necə bitdiyini tərənnüm edən və qızıl hərflərlə tariximizə yazılan qəhrəmanlıq dastanını qürurla dünyaya bəyan edən bir ziyalının hayqırtısını sezmək olar.

Fədai.az saytı Abşeron rayon, Saray qəsəbəsi 1 saylı orta məktəbin fizika müəllimi Radə Adıgözəlovanın “Elшmin gözəli, əzəli  Şuşam” adlı şeirini oxucularına təqdim edir.

Radə Adıgözəlova

Abşeron rayon, Saray qəsəbəsi 1 saylı orta məktəbin fizika müəllimi


Zaman-zaman dağ çəkdilər sinənə,

Əyilmədin, baş əymədin düşmənə.

Göylər nalə çəkdi sənin zülmünə.

Elimin gözəli, əzəli Şuşam,

Ay mənim anamın vətəni Şuşam!

* * *

Həsrətlə baxırsan ordan bu taya,

Topxana meşəsi köksündə yara.

Cıdır düzümüz də geyinib qara,

Elimin gözəli, əzəli Şuşam,

Ay mənim anamın vətəni Şuşam!

* * *

İsa bulağın da qonaqsız qalıb,

Dağların meşəsiz, bulaqsız qalıb,

Ağaclar kəsilib, budaqsız qalıb,

Elimin gözəli, əzəli Şuşam,

Ay mənim anamın vətəni Şuşam!

* * *

Üzeyir dühası, Bülbülün səsi,

Vaqifin qiymətli söz xəzinəsi,

Havalansın Xanın zil şikəstəsi,

Elimin gözəli, əzəli Şuşam,

Ay mənim anamın vətəni Şuşam!

* * *

Xarı bülbül əsir düşüb nə vaxtdır,

Bizimçün müqəddəs doğma torpaqdır.

Ucalan səsimiz, işimiz haqdır!

Elimin gözəli, əzəli Şuşam,

Ay mənim anamın vətəni Şuşam!

* * *

Qurban olaq əsgərinə, orduna,

Halal olsun Azəri-türk oğluna!

Az qalıbdır, yetişərlər dadına,

Elimin gözəli, əzəli Şuşam,

Ay mənim anamın vətəni Şuşam!

* * *

Türkün dostu Türk oğludur, həyandır,

Sərkərdəmiz İlham — Qızıl Arslandır.

Qarabağ, Qarabağ Azərbaycandır!

Elimin gözəli, əzəli Şuşam,

Ay mənim anamın vətəni Şuşam!

Muğamın beşiyi, beşiyi Şuşam!

Bu xəbəri paylaşın: